Məhkəmə qərarları › İş №e-2-2(113)-5178/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5178/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5178/2022 21.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdeh “X1” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanılmış müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 1839,20 manat məbləğində vəsaitin və öhdəliyin vaxtında və lazımınca icra edilmədiyi yubadılmış 1467 gün üçün 1938,46 manat məbləğində cərimə və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 65 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin tullantı daşıyan maşınlara yuma xidmətlərinin göstərilməsinə dair 6 iyun 2018-ci il tarixli 004/187-1/m nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 3.6-cı bəndinə əsasən, xidmət haqqı hər ay üçün həmin ay ərzində faktiki göstərilmiş zərərsizləşdirmə və yuma xidmətlərinin həcminə uyğun təqdim olunmuş müvafiq ödəniş sənədi əsasında sonuncu təqdim olunduğu tarixdən etibarən 5 bank günü ərzində ödənilməlidir. Qeyd etmək lazımdır ki, tərəflər arasında eyni predmet üzrə ilk dəfə 28 aprel 2014-cü il tarixli 004/187 nömrəli müqavilə bağlanmış və Cavabdehin həmin müqavilə üzrə 7.688,45 manat məbləğində icra edilməmiş borc öhdəliyi qalmışdır. Cavabdeh 6 iyun 2018-ci il tarixli 004/187-1/m nömrəli müqavilənin 3.1ci bəndi ilə 7688,45 manat borc öhdəliyinin mövcudluğunu təsdiq etmiş və borcun ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Müqavilə üzrə nəzərdə tutulmuş bütün öhdəliklərin tam şəkildə həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən müxtəlif vaxtlarda hissə-hissə ödənişlər edilsə də, Müqavilənin tələbləri pozulmuş və Müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri indiyədək tam ödənilməmişdir. Yekun olaraq, cavabdehə müqavilə üzrə göstərilmiş, lakin cavabdeh tərəfindən dəyəri ödənilməmiş xidmətlərin dəyəri 2.139,20 manat təşkil etmişdir. Tərəflər arasında yaranan mübahisənin ilk növbədə məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədilə İddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi, həmçinin, poçt vasitəsilə olmaqla yazılı qaydada müraciət edilmişdir. Cavabdeh 19 sentyabr 2019-cu il tarixli 03/026 nömrəli, 5 dekabr 2019-cu il tarixli 06/162 nömrəli cavab məktubları ilə yaranmış borcun hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürsə də, götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş və borcun tam şəkildə ödənilməsini təmin etməmişdir. Son olaraq, cavabdehə poçt vasitəsilə ünvanlanan 11 mart 2022-ci il tarixli TŞ-XO-157/2022 nömrəli xəbərdarlıq məktubu ilə üzləşdirmə aktının təsdiqlənməsi və yaranmış borcun 1 ay ərzində ödənilməsi tələb edilmişdir. Hər iki tərəfin imzaladığı 14 mart 2022-ci il tarixli üzləşdirmə aktına əsasən cavabdehin rəhbəri tərəfindən iddiaçıya 2.139,20 manat məbləğində borcun olması faktı təsdiq edilmişdir. Bundan sonra isə cavabdeh 6 aprel 2022-ci il tarixli 01/07-16 nömrəli növbəti cavab məktubu ilə yenə də yaranmış borcun hissə-hissə ödənilmək şərti ilə 1 iyun 2022-ci il tarixinə qədər tam şəkildə ödəniləcəyini vəd etmişdir. Buna baxmayaraq, cavabdeh məktubunda göstərilən müddətə qədər borcun tam şəkildə ödənilməsini təmin etməmişdir. Nəticə etibarilə, tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həlli mümkünsüz olmuş və mübahisənin hüquqi müstəvidə həllinə zərurət yaranmışdır. Bundan əlavə, Müqavilənin 3.8-ci bəndinə əsasən, Sifarişçi xidmət haqqını Müqavilənin 3.6-cı bəndində göstərilən vaxtda ödəmədikdə hər gecikdirilən gün üçün ödəniləcək məbləğin 0,05% həcmində İcraçı tərəfindən cərimə hesablanır. Müqavilənin qeyd olunan bəndinin tələbinə əsasən, 6 iyul 2022-ci il tarixinədək cavabdeh tərəfindən öhdəliyin vaxtında və lazımınca icra edilmədiyi yubadılmış 1467 gün üçün 1.938,46 manat məbləğində cərimə hesablanmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 06 iyun 2018-ci il tarixli 004/187-1/m nömrəli müqaviləyə əsasən icraçı özünə məxsus poliqonda sifarişçiyə sonuncu tərəfindən daşınan məişət-təsərrüfat tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin, həmçinin tullantıları boşaltdıqdan sonra tullantı daşıyan maşınlara yuma və dezinfeksiya xidmətlərinin göstərilməsini təmin edir. Müqavilənin 2.3-cü bəndinə əsasən gigiyena və epidemiologiya mərkəzinin nümayəndələrinin iştirakı olmadan istifadə üçün yararsız ərzaq məhsullarının yerləşdirilməsi və zərərsizləşdirilməsi qadağandır. Müqavilənin 2.4-cü bəndinə əsasən sifairşçi tərəfindən tullantıları gətirən avtonəqliyyat vasitələri poliqonda qeydiyyatdan keçirilir. Müqavilənin 3.8-ci bəndinə əsasən əgər sifarişçi xidmət haqqını müqavilənin 3.6-cı bəndində göstərilən müddət ərzində icraçıya ödəməzsə, gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,05 faizi həcmində cərimə hesablanacaq və borc tam ödənilənədək tullantıların qəbulu dayandırılacaqdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 30 avqust 2019-cu il tarixli TŞ-XO- 487/2019 nömrəli məktubdan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 06 iyun 2018-ci il tarixli müqavilə üzrə yaranmış 3688,45 manat əsas borc, 4656,67 manat cərimə olmaqla cəmi 8345,12 manat məbləğində borcun cavabdehdən 08 sentyabr 2019-cu il tarixinədək ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli 03/026 nömrəli məktubdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 iyun 2018-ci il tarixli 004/187-1/m nömrəli müqaviləyə əsasən 28 avqust 2019-cu il tarixinə qalıq borcun 3688,45 manat təşkil edir, cavabdeh həmin borcun 20 dekabr 2019-cu il tarixinə qədər tam şəkildə (və ya hissə-hissə hər ay 1000 manat olmaqla) ödənilməsinə təminat verir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 05 dekabr 2019-cu il tarixli 06/162 nömrəli məktubdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 iyun 2018-ci il tarixli 004/187-1/m nömrəli müqaviləyə əsasən 28 avqust 2019-cu il tarixinə qalıq borcun 3688,45 manat təşkil edir, həmin borcdan 1399,25 manat ödənilmiş, cavabdeh qalıq borcu olan 2289,2 manat borcu hər ay 100 manat olmaqla ödənilməsinə zəmanat verir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 06 aprel 2019-cu il tarixli 01/07-16 nömrəli məktubdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 iyun 2018-ci il tarixli 004/187-1/m nömrəli müqaviləyə əsasən borcu 2139,20 manat təşkil edir, yaranmış borcu hər ay ödəmək şərti ilə 01 iyun 2022-ci il tarixinə bağlanmasına cavabdeh zəmanət vermişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli üzləşdirmə aktından görünür ki, xx.xx.2022-ci il tarixə (ƏDV daxil olmaqla) borcu 2139,20 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında 06 iyun 2018-ci il tarixində bağlanmış bərk məişət tullantılarının yerləşdirilməsi və zərəsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 004/187-1/m nömrəli müqavilə əsasında xidmət haqqı üzrə hesablanmış cərimə məbləğinin açıqlanması cədvəlindən görünür ki, xx.xx.2018-ci il tarixinə qalıq cərimə borcu 1938,46 manat təşkil edir. İddiaı tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 300 manat pul ödənilmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 06 iyun 2018-ci il tarixli 004/187-1/m nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1839,20 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1839,20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən hesablanmış 1.938,46 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1839,20 manat məbləğində əsas borc, 100 manat cərimə, ümumilikdə 1939,20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 avqust 2022-ci il tarixli MŞB/11-00605 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 65 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 65 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X1” MMC-dən 1839,20 (bir min səkkiz yüz otuz doqquz manat iyirmi qəpik) manat əsas borc, 100 (bir yüz) manat cərimə, ümumilikdə 1939,20 (bir min doqquz yüz otuz doqquz manat iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş 65 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar