Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5220/2025 02.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəbbə pulu haqqında razılaşma, müqavilənin təfsiri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Birgə Müəssisəsi Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşma protokolu üzrə 580 396 manat məbləğində pulun və ödənilmiş 872 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-506/2024 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 298 340 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-506/2024 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Cavabdeh qətnamə ilə müəyyən edilən 298 340 manat məbləğində pulun 12 ay müddətinə, bərabər hissələrə bölünməklə hər aya görə 24 861 manat ödənilməsinə razılıq verilməsi barədə iddiaçıya yazılı ərizə ilə müraciət etmişdir. 2.2. Qətnamənin hissə-hissə icra edilməsinə razılıq verilmiş və tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə 12 aylıq müddəti əhatə edən 29 dekabr 2024-cü il tarixli razılaşma protokolu imzalanmışdır. Qətnamədə müəyyən edilən borc məbləğinin ödənilməsi barədə 29 dekabr 2024-cü il tarixdə razılığa gəlindiyindən, tərəflər arasında razılaşma protokolu tərtib edildiyindən adıçəkilən qətnamənin icrası ilə bağlı verilmiş icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinə əsasən Bakı Kommersiya Məhkəməsinə qaytarılması barədə 29 dekabr 2024-cü il tarixdə 478/24 nömrəli ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh 13 yanvar 2025-ci il tarixdən hazırkı günə kimi 29 dekabr 2024-cü il tarixli razılaşma protokolunda hər aya görə ödənilməsi nəzərdə tutulan 24 861 manat məbləğində pulu bilərəkdən və qəsdən ödəməmişdir. Cavabdeh yalnız bir dəfə 16 aprel 2025-ci il tarixdə 16 284 manat pul ödəmişdir. Cavabdeh 13 yanvar 2025-ci il və sonrakı aylara görə ödənilməsi nəzərdə tutulan hər aya görə 24 861 manat məbləğində pulun ödənilməməsinin səbəbləri barədə nə yazılı, nə də şifahi məlumat vermişdir. Mübahisənin məhkəməyə qədər nizamlanması (həlli) barədə 17 mart 2025-ci il tarixdə 109/25 nömrəli pretenziya cavabdehə göndərilmişdir, cavabdehə ödəniş üçün 15 təqvim günü vaxt verilmişdir. 2.3. 29 dekabr 2024-cü il tarixli razılaşma protokolunun 5-ci bəndində göstərilir ki, bu razılaşma ilə müəyyən olunan pul məbləğini cavabdeh razılaşdırılan vaxtda ödəməzsə və ya ödəməkdən imtina edərsə, o zaman iddiaçı ayrıca iddia tələbi ilə ödənilməyən məbləğin 2 misli miqdarında cavabdehdən maddi zərər (ziyan) tələb edəcək (5-ci maddədə nəzərdə tutulan şərtlər məcburi icra ödənişləri tələblərinə aid edilmir). Həmin protokolun 28-ci bəndində göstərilir ki, bu razılaşma protokolu üzrə ödənişin 1 ay müddətində qəsdən və üzrsüz səbəblərdən ödənilməməsi, sonrakı aylar üzrə müddətlər nəzərə alınmadan hazırkı razılaşma protokolunun hüquqi qüvvəsinin itirilməsinə və ləğvinə səbəb olur. Razılaşmanın ləğvindən dərhal sonra iddiaçı məcburi icra hərəkətlərinin icra edilməsi və bu razılaşma protokolunun 5-ci maddəsinin tələbinin icra edilməsi ilə bağlı müvafiq addımlar atır və bu barədə borcluya yazılı məlumat verir. Cavabdeh 29 dekabr 2024-cü il tarixdə razılaşma protokolunda üzərinə götürdüyü öhdəliyi qəsdən və bilərəkdən icra etmədiyindən (2 x 298 340 =) 596 680 manat məbləğində pulu maddi zərər (ziyan) kimi iddiaçıya qeyd-şərtsiz və mübahisəsiz ödməlidir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 448.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, 29 dekabr 2024-cü il tarixli razılaşma protokolunun 5-ci bəndi öhdəliyin icra edilməməsi üçün məsuliyyət tədbirini, yəni cəriməni nəzərdə tutur.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək göstərdi ki, cavabdehin maliyyə vəziyyətinin pis olması, barəsində məcburi icra tədbirlərinin görülməsi ilə bağlı 29 dekabr 2024-cü il tarixli razılaşma protokolu bağlanmışdır. Belə ki, cavabdeh digər kreditorları ilə də analoji müqavilələr bağlayaraq maliyyə vəziyyətinin yaxşılaşdırılmasına çalışmış, lakin nəticə olmamış, hissə-hissə ödənişlər icra edilə bilməmişdir. Yalnız 16000 manat ödəniş edilmişdir.
7. Cavabdehin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında üzrlü səbəbdən – həmin gün 11:35-də Ali Məhkəmədə proses olduğundan iştirak edə bilməyəcəyini bildirmiş, işə daha obyektiv baxılmasını təmin etmək məqsədilə məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmiş, məhkəmə nümayəndə və vəkilin xx.xx.2025-ci il tarixdən sonra keçirilən 1 hazırlıq (xx.xx.2025-ci il) və 1 baxış iclasında (xx.xx.2025-ci il) hər hansı üzrlü səbəb göstərmədən iştirak etmədiyini, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə hər hansı mövqe ifadə etməyini nəzərə alaraq cavabdehin prosesi yubatmaq üçün vəsatət verdiyi qənaətinə gəlmiş, sonuncunun iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli e-2-2(113)- 506/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 283788 manat əsas borc, 14000 cərimə məbləği olmaqla ümumilikdə 297 788 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli razılaşma protokolu imzalanmış, həmin protokola əsasən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-506/2024 nömrəli qətnaməsi ilə iddiaçının xeyrinə qət edilmiş 297 788 manat pul vəsaiti, 410 manat mediasiya xərci və dövlət rüsumu olaraq 142 manat olmaqla ümumilikdə 298 340 manat məbləğində pulu cavabdeh 12 ay müddətinə hissə-hissə 13 yanvar 2025-ci il tarixdən – 30 dekabr 2025-ci il tarixə kimi icra etməyi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 506/2024 nömrəli qətnaməsi ilə qət edilmiş 298 340 manat pul vəsaitini xx.xx.2025-ci il tarixdən başlayaraq 12 ay müddətinə hər aya görə 24 861 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, 01 fevral 2025-ci il tarixdən sonra fevral ayı daxil olmaqla sonrakı 11 ay üzrə nəzərdə tutulan ödənişlərin hər ayın 10-20 tarixləri arası ödənilməsinə təminat və zəmanət vermişdir. Həmin protokolun 5-ci bəndinə əsasən, razlaşma ilə müəyyən olunan pul məbləğini cavabdeh razılaşdırılan vaxtda ödəməzsə və ya ödəməkdən imtina edərsə, o zaman iddiaçı ayrıca iddia tələbi ilə ödənilməyən məbləğin 2 misli miqdarında cavabdehən maddi zərər (ziyan) tələb edəcək.
12. İddiaçı xx.xx.2024-cü il tarixli razılaşma protokolunun 5-ci bəndinə istinadla 580 396 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
13. Cavabdeh maddi çətinliklərlə bağlı qətnamə ilə qət edilən məbləğin tam ödənilmədiyini, yalnız 16000 manat məbləğində ödəniş edildiyini bildirir.
14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Mülki Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.
16. Məhkəmə qeyd edir ki, müqavilə əsasında razılaşdırılan dəbbə pulu odur ki, bu növ dəbbə pulunu tərəflər özləri müəyyənləşdirirlər. Tərəflər dəbbə pulunun bu növündən o halda istifadə edirlər ki, qanunda hər hansı bir pozuntuya görə bu və ya digər sanksiya nəzərdə tutulmasın. Müqavilə dəbbə pulunun miqdarı, ödəniş və hesablanma qaydası, onun tətbiq şərtləri, müstəsna olaraq, tərəflərin öz istək və mülahizələri ilə müəyyən olunur. Dəbbə pulunun bu növündə hansı pozuntuya görə borclu şəxsdən hansı miqdarda dəbbə pulu alınmasını tərəflərin özləri təyin edirlər.
17. Bu mənada məhkəmə göstərir ki, iddiaçı razılaşma protokolunun qeyd edilən maddəsinə cərimə bəndi kimi yanaşmış, cavabdeh isə hər hansı mövqe bildirməmişdir. Mübahisələndirilən bəndi nəzərdən keçirdikdə aydın olur ki, adıçəkilən məbləğ müəyyən olunan (qət olunan) pul məbləğinin cavabdeh tərəfindən razılaşdırılan vaxtda ödənməməsi və ya ödənilməsindən imtina edilməsi halı üçün, başqa sözlə, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün nəzərdə tutulmuşdur.
18. Nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilədən irəli gələn mübahisə mövcud olduqda mübahisə tərəflərin razılaşdığı müqavilə şərtləri əsas götürülməklə həll edilməlidir. Lakin əks yanaşma ya müvafiq müqavilənin etibarsızlığından, ya da hər iki tərəfin iradə ifadəsi, müqavilədən irəli gələn işgüzar praktika ilə müqavilə şərtlərinin təfsirindən qaynaqlana bilər.
19. Belə ki, Mülki Məcəllənin 404.1 – 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
20. Qeyd edilməlidir ki, mülki dövriyyənin iştirakçıları təcrübədə bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq lazımi qaydada yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
21. Bu mənada razılaşma prokolunun hər iki tərəfin mövqeyinə görə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-506/2024 nömrəli qətnaməsi ilə qət edilən məbləğin hissə-hissə ödənilməsi üçün tərtib edilməsi, həmin protokolun imzalandığı andan qüvvəyə minməsi, adıçəkilən məbləğin borcun cavabdeh tərəfindən razılaşdırılan vaxtda ödənməməsi və ya ödənilməsindən imtina edilməsi halı üçün nəzərdə tutulması və s. kimi hallar onu deməyə əsas verir ki, tərəflərin həqiq iradəsi məhz dəbbə pulu haqqında razılaşmanın tərtib edilməsinə yönəlmişdir.
22. Belə olan halda məhkəmə göstərir ki, Mülki Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
23. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
24. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
25. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 15000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
26. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 15000 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
27. İddiaçı ödənilmiş 872 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
28. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 872 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Birgə Müəssisəsi ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2024-cü il tarixli razılaşma protokolu üzrə 15000 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova