Məhkəmə qərarları › İş №e-2-2(113)-5242/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5242/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5242/2023 13.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış əsas borca görə 86360 manat; dəbbə puluna görə 4318 manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 405 manat, cəmi 91083 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən müqavilənin cədvəldə qeyd olunan bəndinin tələbləri pozulmuş, nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə cədvəldə qeyd olunan məbləğdə borc yaranmışdır. Bu pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi də mümkün olmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilənin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş, daha sonra müqaviləyə əlavə imzalanmaqla müqavilənin qiyməti dəyişdirilmişdir. Müqavilədə nəzərdə tutulan qiymətlər orta bazar qiymətlərindən də aşağıdır, belə ki, təqdim etdiyi digər şəxslərlə olan analoji müqavilələrinə nəzər yetirdikdə də bunu müəyyən etmək mümkündür.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi J.Abışova izahatında bildirdi ki, iddia tələbini qismən (əsas borc hissəsində tələb edilən məbləğin 35 faiz aşağı müəyyən edildiyi təqdirdə) qəbul edirlər, qalan hissədə rədd edilməsini xahiş edirlər. Belə ki, cavabdehin qanuni təmsilçisi dəyişdikdən sonra aparılmış daxili təftiş nəticəsində müəyyən edilmişdir ki, əvvəlki direktorla iddiaçı arasında bağlanmış hazırkı müqavilə üzrə qiymətlər bazar qiymətlərindən 30-35 faiz yuxarı müəyyən edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı və cavabdeh arasında bağlanmış 01 iyul 2020-ci il tarixli **********917 nömrəli xidmət müqaviləsinə əsasən bu müqaviləyə görə icraçı bu müqavilə ilə müəyyən olunmuş qaydada tibb xidmətlərini göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür.

7. Müqavilənin 2.1.1-ci bəndinə görə xidmətlərə görə aşağıdakı xidmət haqqı ödənilir: gündüz növbəsi üçün aylıq hər 1 ay üçün ƏDV xaric 3500 manat təşkil edir. Hər əlavə iş saatı üçün ƏDV xaric 50 manat və hər əlavə iş günü üçün ƏDV xaric 220 manat xidmət haqqı ödəniləcəkdir. Gecə növbəsi üçün aylıq xidmət haqqı hər bir ay üçün ƏDV xaric 3500 manat təşkil edir. Hər əlavə iş saatı üçün ƏDV xaric 70 manat və hər əlavə iş günü üçün ƏDV xaric 250 manat xidmət haqqı ödəniləcəkdir.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmətlər xx.xx.2020-ci il tarixdən həftənin altı günü (bazar günü istirahət günləri və dövlət tərəfindən müəyyən olunan qeyri-iş günləri istisna olmaqla) gündüz növbəsi saat 08:00-18:00 kimi və zəruriyyət yaranarsa gecə növbəsi 18:30-dan 04:30-dək xx.xx.2022-ci il tarixinədək yerinə yetirilir.

9. Müqavilənin 6.3-cü bəndinə əsasən sifarişçi bu müqavilənin 2.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini bu Müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə icraçı icranın gecikdirdiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0,1% həddində cərimə ödənilməsini tələb edə bilər.

10. Müqavilənin xx.xx.2023-cü il tarixli Əlavəsinə əsasən xidmətlərə görə aşağıdakı xidmət haqqı ödənilir: gündüz növbəsi üçün aylıq hər 1 ay üçün ƏDV xaric 2000 manat təşkil edir, hər əlavə iş saatı üçün ƏDV xaric 25 manat və hər əlavə iş günü üçün ƏDV xaric 120 manat ödəniləcəkdir.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli hesab-faktura və EBCB 129579 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 20039,35 manat, xx.xx.2022-ci il tarixli hesab faktura və EBCG 575114 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 13393,98 manat, xx.xx.2022-ci il tarixli hesab-faktura və EBCH 934641 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 5085,80 manat, xx.xx.2023-cü il tarixli hesab faktura və EBCP ******* nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə 5841 manat, xx.xx.2023-cü il tarixli hesab faktura və EBCP ******* nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 7729 manat, xx.xx.2023-cü il tarixli hesab faktura və EBDD 366743 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 9676 manat, xx.xx.2023-cü il tarixli hesab-faktura və EBDD 452276 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 8861,80 manat, xx.xx.2023-cü il tarixli hesab-faktura və EBDH 760917 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 5664 manat, xx.xx.2023-cü il tarixli hesabfaktura və EBDH 770578 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 4307 manat, xx.xx.2023-cü il tarixli hesab-faktura və EBDH 771912 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 4130 manat, xx.xx.2023-cü il tarixli hesab-faktura və EBDJ 309613 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 4130 manat, xx.xx.2023-cü il tarixli hesab-faktura və EBDJ 316780 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 4130 manat, xx.xx.2023-cü il tarixli hesab-faktura və EBDJ 318754 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 393,41 manat, xx.xx.2023-cü il tarixli hesab-faktura və EBDJ 319446 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 2784,80 manat, xx.xx.2023-cü il tarixli hesab-faktura və EBDJ 320419 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 2360 manat, xx.xx.2023-cü il tarixli hesab-faktura və EBDJ 327043 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 2360 manat, xx.xx.2023-cü il tarixli hesab-faktura və EBDJ 332561 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 2360 manat məbləğində iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmişdir.

12. Ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 4310 manat, xx.xx.2023-cü ildə 10400 manat, xx.xx.2023-cü ildə 10000 manat məbləğində pul ödənilmişdir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 01 iyul 2020-ci il tarixli **********917 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

21. Məhkəmə cavabdehin tələb edilən əsas borcun şişirdilmiş qiymət olması, təqdim etdikləri audit rəyinə əsasən həmin məbləğin real məbləğdən 30-35 faiz artıq olması, habelə əvvəlki qanuni təmsilçiləri olan Azad Namazov və iddiaçının sövdələşdiyi barədə dəlillərinə cavab olaraq aşağıdakıları qeyd edir.

22. Belə ki, Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

23. Həmin Məcəllənin 398.2-ci maddəsinə əsasən müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

24. Materiallardan görünür ki, xx.xx.2020-ci il tarixli müqavilədə iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin dəyəri göstərilmiş, müqaviləyə sonradan edilmiş xx.xx.2023-cü il tarixli əlavə ilə müqavilənin qiyməti dəyişdirilmişdir.

25. Müqavilədə göstərilən qiymətlər əsas götürülməklə, iddiaçı tərəfindən müqavilənin 2.2-ci bəndinə əsasən təqdim edilmiş hesab-fakturalar və elektron qaimələrə cavabdeh tərəfindən etiraz bildirilmiş, həmin qiymətlər üzrə 2023-cü ilin yanvar ayına qədər ödənişlər edilmişdir.

26. Bundan əlavə, Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

27. Cavabdeh əvvəlki qanuni təmsilçiləri olan Azad Namazov və iddiaçının sövdələşməsinə ehtimal olduğunu bildirsə də, bu dəlilini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

28. Bundan əlavə, cavabdehin istinad etdiyi xx.xx.2023-cü il tarixli audit rəyində 2020-ci il üzrə qiymətlərdə 10-20 faiz aralığında fərq olması göstərilmiş, həmin rəyin özündə də özəl tibb müəssisələrində göstərilən tibb xidmətlərinin qiymətlərinin bir-birindən fərqli olması qeyd olunmuşdur.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 86360 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

30. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 01 iyul 2020-ci il tarixli müqavilənin 6.3-cü bəndinə əsasən hesablanmış 4318 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

33. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 86360 manat məbləğində əsas borc, 4318 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 405 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 86360 manat məbləğində əsas borc, 4318 manat dəbbə pulu, ödənilmiş 405 manat dövlət rüsumu, ümumilikdə 91083 (doxsan bir min səksən üç) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar