Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-525/2025 08.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əvəzsiz istifadə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 “X1 Cool-350P” soyuducusunun əvəzi olaraq 1.200 manatın və 32 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında arasında xx.xx.2020-ci il tarixli KOD-S 148/2020 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan “Təhvil-təslim” AKT-ı imzalanmış və sonuncuya dəyəri 600 (altı yüz) manat olan “X1 Cool-350P” soyuducusu verilmişdir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir. İstifadəçiyə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin soyuducu qaytarılmamışdır.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7062/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbi barədə kiçik iddiaya dair kommersiya işi iddia icraatına keçirilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə qiyabi icraat qaydasında, nümayəndənin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - 736.1-ci maddəsinə əsasən Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. - 736.2-ci maddəsinə əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. - 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (istifadəyəverən) ilə Cavabdeh2 (istifadəçi) arasında “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” KOD-S 148/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən istifadəyə verən satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndinəd göstərilmiş soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndinə göstərilmiş avadanlıqlarıişlək vəziyyətdə geri qaytarmağı öhdəsinə götürür.
12. Müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən mülkiyyətində olan, yəni dəyəri 600 manat olan, 1 ədəd X1 Cool-350P markalı soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb etmir.
13. Müqavilənin 2.7-ci maddəsinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 5 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir.
14. Müqavilənin 2.9-cu bəndinə əsasən istifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır
15. Müqavilənin 4.2-ci maddəsinə əsasən müqavilə istifadəyəverən tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir.
16. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış əvəzsiz istifadə müqaviləsindən irəli gəlir.
18. Müqavilənin 2.1.2-ci bəndindən görünür ki, istifadəyəverən soyuducunu istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə Əlavə 1-də göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil verməyi öhdəsinə götürmüşdür.
19. İş materiallarına əlavə olunmuş KOD-S 148/2020 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, soyuducu Cavabdeh2 təhvil verilmiş, o da həmin sənədi imzalamaqla soyuducunu təhvil aldığını təsdiq etmişdir.
20. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, sözügedən soyuducunun qaytarılması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
21. Məhkəmə qeyd edir ki, soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilənin yuxarıda qeyd olunan bəndləri, cavabdeh tərəfindən isə müqavilənin predmeti olan soyucunun qaytarılması barədə hər hansı bir sənədin təqdim edilməməsi iddiaçı tərəfindən cavabdehə soyuducunun əvəzsiz istifadəyə verilməsini və cavabdeh tərəfindən soyuducunun geri qaytarılmamasını təsdiq edir.
22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.7-ci bəndi soyuducunun qaytarılmadığı təqdirdə, bir növ dəbbə pulunun tələb edilməsi hüququnu özündə ehtiva edir.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə şərtləri əsasında əvəzsiz istifadəyə verilən soyuducunun dəyəri olaraq 600 manat təşkil etdiyindən və cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq soyuducu iddiaçıya qaytarılmadığından onun dəyərinin iki misli yəni, 1.200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Bundan başqa, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında” məlumat qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 32 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
26. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. 1.200 (bir min iki yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov