Məhkəmə qərarları › İş №e-2-2(113)-5264/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5264/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5264/2024 26.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-nə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat işi (açar sözlər: podrat müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh MMC-nə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 09 yanvar 2020-ci il tarixli, ÖS-03/2020 nömrəli xidmət müqaviləsi üzrə 751,65 manat xidmət haqqı və 75,16 manat cərimə borcu olmaqla, cəmi 826,81 manat məbləğində xidmət haqqı borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanılmış 09 yanvar 2020-ci il tarixli, ÖS-03/2020 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsinin 1-ci bəndinə əsasən İddiaçı ASC ona məxsus olan ödəniş terminalları, mobil tətbiq və veb-portal vasitəsi ilə Cavabdeh MMC-nin müştəriləri üzrə ödənişləri qəbul edərək müqavilədə müəyyən edilmiş müddətdə Cavabdeh MMC-nin hesabına köçürməyi, Cavabdeh MMC isə bunun müqabilində İddiaçı ASC-yə xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin xidmət müqaviləsinin 3.1.4-cü bəndinə əsasən İcraçı müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş ödənişləri Sifarişçinin hesabına köçürdükdən və aylıq üzləşmə aktı təsdiqləndikdən sonra İcraçının təqdim etdiyi hesab faktura əsasında Sifarişçi tərəfindən xidmət haqqı ödənilməlidir. Həmin xidmət müqaviləsinin 7.3-cü bəndinə əsasən Sifarişçi İcraçıya gecikdirilən hər gün üçün ödənilməli olan məbləğin 0.1%-i olmaqla cərimə ödəyir. İcraçı tərəfindən müqavilə üzrə bütün xidmətlər tam və vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilmiş, 2021-ci ilin sentyabr ayından etibarən 2024-cü ilin aprelayınadək hər ay üzləşmə aktı təsdiqlənərək Sifarişçiyə hesab-faktura təqdim edilmiş, lakin buna baxmayaraq Sifarişçi göstərilən dövrlərdə xidmətlər üzrə xidmət haqqını ödəməmişdir. Nəticədə, müqavilə üzrə 2024-cü ilin aprel ayı tarixinə qədər 751.65 manat olmaqla xidmət haqqı və 75.16 manat cərimə borcu olmaqla, cəmi 826.81 manat xidmət haqqı borcu yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 441.3, 441.4, 442, 447.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında imzalanmış ÖS-03/2020 saylı, 09 yanvar 2020-ci il tarixli xidmət müqaviləsindən görünür ki, İcraçı ona məxsus ödəniş terminalları, mobil tətbiq və veb-portal vasitəsi ilə sifarişçi tərəfindən müştəriləri üzrə ödənişlərini qəbul edərək müqavilədə müəyyən edilmiş müddətdə Sifarişçinin hesabına köçürməyi, Sifarişçi isə bunun müqabilində İcraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürməyi şərtləşdirmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş ödənişləri Sifarişçinin hesabına köçürməsindən sonra və aylıq üzləşmə aktı təsdiqləndikdən sonra İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura (İnvoys) əsasında müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş xidmət haqqını ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı müqavilə imzalandıqdan sonrakı hər növbəti həftənin ilk iş günü ərzində müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş, ödəniş sistemlərində yığılmış ödənişləri Sifarişçinin hesabına köçürür. Müqavilənin qüvvəyə minməsindən sonrakı hər növbəti ayın birinci iş günü tərəflər arasında göstərilmiş xidmətlər və aparılan ödənişlər barədə qarşılıqlı üzləşmə aktı imzalanacaqdır. Aktı hər iki tərəf təsdiqlədikdən sonra 5 iş günü ərzində İcraçı Sifarişçiyə hesab-faktura (İnvoys) təqdim edir. Sifarişçi hesab-fakturanın ona təqdim edildiyi gündən sonrakı 5 iş günü ərzində İcraçıya xidmət haqqı ödəyir. Müqavilənin 7.3-cü bəndinə əsasən sifarişçi tərəfindən icraçıya ödəniləcək olan, müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş xidmət haqqının vaxtında və lazımi qaydada yerinə yetirilmədiyi təqdirdə Sifarişçi İcraçıya gecikdirilən hər gün üçün ödənilməli olan həmin məbləğin 0.1 %-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği həmin xidmət haqqının 10%-dən çox olmamalıdır. xx.xx.2024-cü il tarixli 001/027/2746/2024 İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, müqavilə çərçivəsində, xx.xx.2024-cü il tarixinədək MMCnin ASC-yə 751.65 manat əsas borc və 75.16 manat cərimə borcu (cərimə borcu xx.xx.2021-ci ildən etibarən yaranan əsas borc üzrə sonuncu qaimənin tərtib edilmə tarixindən etibarən hesablanmışdır) olmaqla, cəmi 826.81 manat xidmət haqqı borcu mövcuddur. “Expresspay” ödəniş qrafikindən görünür ki, Cavabdeh MMC tərəfindən 2021-ci ilin sentyabr ayı üzrə 192,42 manat, oktyabr ayı üzrə 196,95 manat, noyabr ayı üzrə 196,44 manat və dekabr ayı üzrə 165,84 manat məbləğ ödənilməmişdir. 11 avqust 2024-cü il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ona məxsus ödəniş terminalları, mobil tətbiq və veb-portal vasitəsi ilə cavabdeh tərəfindən müştəriləri üzrə ödənişlərini qəbul edərək müqavilədə müəyyən edilmiş müddətdə cavabdehin hesabına köçürmə xidmətlərini göstərsə də, cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, göstərilmiş xidmətə görə şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – maliyyə arayışı, ödəniş qrafiki ilə təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında imzalanmış 09 yanvar 2020-ci il tarixli, ÖS-03/2020 nömrəli xidmət müqaviləsinə əsasən hesablanmış 75,16 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Hesab edirəm ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 75,16 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 75,16 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən 09 yanvar 2020-ci il tarixli, ÖS-03/2020 nömrəli xidmət müqaviləsinə əsasən 751,65 manat məbləğində əsas bоrc və 75,16 manat cərimə borcu olmaqla, cəmi 826 (səkkiz yüz iyirmi altı) manat 81 (səksən bir qəpik) məbləğində məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar