Məhkəmə qərarları › İş №e-2-2(113)-5272/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5272/2024

27.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5272/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: mülkiyyət hüququ) X3 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “qeyriyaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ********** saylı vöen əsasında işlətdiyi Bakı şəhəri , Xətai rayonu S.Ə. Şirvani küçəsi 9 saylı binanın yaxınlığında ümumisahəsi 3x5=15m qeyri-yaşayış sahəsindən (mağazadan) çıxarılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayon General Şıxlinski küçəsi 15, mənzil 92-də yaşayan həyat yoldaşım (əri) X2 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid ailəsiyəm, birgə nikahdan 2 övladım vardır. Cavabdeh: Cavabdeh onun həmin nikahdan doğulmuş övladıdır. Şəhid ailəsi olduğuma görə xx.xx.1998-ci il tarixli, 343 saylı sərəncamı ilə G.Şıxlinski küçəsi 1 a saylı ünvanda ayrılmış (3x5)m ölçülü sahədə tikilib başa çatmamış sahə ona münasib olan S.Ə.Şirvani küçəsində 9 saylı binanın yaxınlığına köçürülərək yenidən tikintisinə icazə verilmişdir. 2005-ci ildə həmin ünvanda ümumi sahəsi 32 m olan qeyri-yaşayış sahəsi “Aynur –ləvəngi” mağazasını inşa edərək istifadə edir. Uzun müddətdir ki, qızı Cavabdeh həmin obyekti zəbt edərək ********** saylı vöen əsasında istifadə edir. Dəfələrlə obyekti boşaltmağı tələb etsəm də, boşaltmamış, mağazanı yandıracağı ilə məni təhdid edir.

3. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək,iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan qeyri yaşayış sahəsi ilə bağı iddiaçının mülkiyyət hüququ yoxdur və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaışdır. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, mübahisə predmeti olan qeyri yaşayış sahəsi dövlət tərəfindən iddiaçıya şəhid ailəsi olduğuna görə himayəsində uşaqları olduğu üçün ayrılmışdır. Bu da o deməkdir ki, həmin qeyri yaşayış sahəsi təkcə iddiaçıya deyil, də 1992-ci il də Ağdərə rayonu uğrunda gedən döyüşlər zamanı iddiaçının əri, cavabdehin atası hesab edilən X1 şəhid olduğuna görə sonuncun ailəsinin dolanışığı və maddi təminatının yaşılaşdırıılması üçün ayrılmışdır. Bu da o anlamı veriri ki, qeyd olunan mübahisəli sahə təkcə iddiaçının deyil, ümumilikdə şəhid ailəsinin və şəhid ailə üzüvlərinin maddi vəziyyətinin yaxşılaşdılması üçün ayrılmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı ddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verərək işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. Azərbaycan Respublikası Milli Arxiv idarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən verilən xx.xx.2024-cü il tarixli 3-48-2F/2-H-5496-8-5698/2024 saylı arxiv çıxarışının surətindən görünür ki,Xətai rayon İcra Hakimiyyətinin Başçısının 343 saylı 21 sentyabr 1998-ci il tarixli sərəncamı ilə G.Şıxlinski küçəsi,ev 15,m.70 yaşayan vətəndaş İddiaçı Şıxlinski küçəsi ev 1a saylı evin qarşısında cizgidə göstərilən sahələrdə şəhid ailəsinin maddi vəziyyəti nəzərə alınaraq kommersiya fəaliyyyəti göstərmək məqsədi ilə İddiaçı məntəqə quraşdırılmasına icazə verilməsi qərara alınmışdır.

11. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli sərəncamdan çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinə İddiaçı müraciəti nəzərə alınaraq, ona Xətai rayon İcra Hakimiyyətinin Başçısının 343 saylı 21 sentyabr 1998-ci il tarixli sərəncamı ilə G.Şıxlinski küçəsi1 a saylı ünvanda ayrılmış məntəqəni maddi imkansızlıq səbəbi ilə tikə bilmədiyindən müraciöəti nəzərə alınaraq, şəhid ailəsi İddiaçı Xətai rayon İcra Hakimiyyətinin Başçısının 343 saylı 21 sentyabr 1998-ci il tarixli sərəncamı ilə ona verilmiş 3x5=m ölçüdə məntəqənin S.Ə.Şirvani küçəsində 9 saylı binanın yaxınlığında çizgidə göstərilən sahəyə köçürülərək yenidən tikilməsi qərara alınmışdır. 12. V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. AR Mülki Məcəlləsinin:

15. 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də mülkiyyət əleyhinə olan hər bir qanunsuz və mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətin qarşısı alınmalıdır. - 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. - 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad edilir.

18. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər.

19. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103).

20. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

Vİ.Məhkəmənin mövqeyi:

21. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

22. Hazırki iddia tələbi Cavabdeh ********** saylı vöen əsasında işlətdiyi Bakı şəhəri , Xətai rayonu S.Ə. Şirvani küçəsi 9 saylı binanın yaxınlığında ümumisahəsi 3x5=15m qeyriyaşayış sahəsindən (mağazadan) çıxarılması və iddiaçıya təhvil verilməsindən ibarətdir.

23. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları ilə müəyyən edilən mübahisəsiz hallarından məlum olur ki, iddiaçı şəhid ailəsi olması səbəbilə ona İcra Hakimiyyəti tərəfindən ayrılmış ərazidə 2005-ci ildə qeyri yaşayış sahəsi tikmiş və orada kommersiya fəaliyyəti ilə məşğul olmuşdur, cavabdeh onun qızıdır, bir müddət birlikdə mübahisəli qeyri yaşayış sahəsində birlikdə sahibkarlıqla məşğul olsalar da, hal-hazırda münasibətləri gərgindir və cavabdeh iddiaçını mübahisəli qeyri yaşayış sahəsinə buraxmır. Tərəflər arasında mübahisəli hal: iddiaçı iddianı qəbul etmir.

24. Belə ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının 343 saylı sərəncamı ilə G.Şıxlinski küçəsi,ev 15,m.70 yaşayan vətəndaş İddiaçı Şıxlinski küçəsi ev 1a saylı evin qarşısında cizgidə göstərilən sahələrdə məntəqə quraşdırılmasına icazə verilməsi qərara alınmış, iddiaçının həmin qeyri-yaşayış sahəsini tikməsi, orada kommersiya fəaliyyəti ilə məşğul olması işin mübahisəsiz halıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamış əmlak faktiki olaraq iddiaçıya məxsusdur, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından iddiaçının həmin tikililyə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ mövcuddur.

25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”

26. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.

29. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

30. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahublik edən şəxsə də mənsubdur.

31. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər.

32. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər.

33. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir.

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsini yuxarıda qeyd olunan sərəncam əsasında ona ayrılan ərazidə tikməklə, həmin qeyri yaşayış sahəsinə illərlə kommersiya fəaliyyəti ilə məşğul olmaqla, mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malik olmuşdur. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh hal-hazırrda mübahisəli qeyri yaşayış sahəsində kommersiya fəaliyyəti ilə məşğul olmaqla, iddiaçını həmin qeyri yaşayış sahəsinə buraxmamaqla, iddiaçının qanunla qorunan mülkiyyət (gözlənti)hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də, cavabdeh həmin qeyri yaşayış sahəsindən çıxarılmalıdır.

36. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddianı qaldırmağa subyektiv hüququ vardır. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh ********** saylı vöen əsasında işlətdiyi Bakı şəhəri , Xətai rayonu S.Ə. Şirvani küçəsi 9 saylı binanın yaxınlığında ümumisahəsi 3x5=15m qeyri-yaşayış sahəsindən (mağazadan) çıxarılsın və həmin qeyri yaşayış sahəsi iddiaçıya təhvil verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar