Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5276/2025 03.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, İddiaçının qanuni təmsilçisi X6, Cavabdehin nümayəndəsi X5, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli 007/24 saylı müqavilə üzrə 55 253,54 (əlli beş min iki yüz əlli üç manat 54 qəpik) manat gecikdirilmiş əsas borc, ümumi məbləğin 5% həcmində 2 762,67 manat dəbbə pulu, əldən çıxmış fayda qismində ümumi məbləğin 5% həcmində 2 762,67 manat məbləğin və ödənilmiş 273 manat dövlət rüsumunun, ümumilikdə 61051,89 (altmış bir min əlli bir manat 89 qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli 007/24 saylı Xidmət Müqaviləsi bağlanılmışdır. xx.xx.2024-cü il tarixli 007/24 saylı Xidmət Müqaviləsinə əsasən müəyyən olunmuş xidmətlər İddiaçı MMC tərəfindən icra olunmuşdur. Bununla bağlı elektron qaimələr və digər sənədlər tərtib olunaraq imzalanmışdır. Görülmuş işlər və xidmətlərə görə cavabdehin 55 253,54 (əlli beş min iki yüz əlli üç manat 54 qəpik) manat qalıq borcu mövcuddur və cavabdeh qalıq borcu ödəməkdən yayınır. İddiaçı MMC yuxarıda qeyd olunan məsələlər barədə cavabdeh UNİ KO” QSC-yə pretenziya məktubu göndərmiş və tələb etmişdir ki, xx.xx.2024-cü il tarixli 007/24 saylı müqavilə üzrə 55 253,54 (əlli beş min iki yüz əlli üç manat 54 qəpik) manat gecikdirilmiş əsas borcunuzu, 5% həcmində hesablanacaq dəbbə pulu və ödənilməmiş ümumi məbləğin 5% həcmində əldən çıxmış fayda qismində pulu 5 gün ərzində İddiaçı MMC-nin hesabına köçürəməsini tələb etmiş, əks təqdirdə pretenziya məktubunda göstərilən müddət bitdikdən sonra məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Belə ki, Cavabdeh QSC tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbi ilə bağlı yazılı etiraz ərizəsi təqdim edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı MMC elektron məhkəmə sisteminə yalnız elektron qaimələri təqdim etmiş, lakin iki tərəfli qaydada təsdiqlənmiş sənədləri – təhvil təslim aktları, yük qəbul aktları və yükdaşıma ilə bağlı qanunla tələb olunan digər sənədləri təqdim etməmişdir. Tərəflər arasında münasibətlər ondan ibarət olmuşdur ki, İddiaçı MMC tərəfindən, Cavabdeh QSCyə göstərilən xidmətlər tərəflər arasında qarşılıqlı olaraq təhvil-təslim aktları ilə təsdiq edilmişdir. Həmin sənədlərdə hər iki tərəfin 2 səlahiyyətli şəxslərinin imzaları və möhürləri vardır. Qeyd edirik ki, tərəflər arasında göstərilən xidmətlərin (yüklərin daşınması) icra edilməsi, tərəflər arasında təsdiqlənmiş təhvil-təslim aktları ilə rəsmiləşmişdir. Həmçinin İddiaçı MMC yük daşıma xidmətinin icra edilməsi faktının Cavabdeh QSC-yə göndərdiyi elektron qaimələrin təsdiqlənməsi ilə sübut olunduğunu iddia edir. Bununla bağlı bildiririk ki, qeyd edilən hal sübut kimi qəbul edilə bilməz. Belə ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bildiririk ki, Müqavilənin 1-ci bəndinin, 4-cü hissəsində qeyd edilir: “hər bir əməliyyat üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır”. Qeyd edirik ki, İddiaçı MMC tərəfindən dəyəri tələb edilən daşımaların şərtləri və qiymətləri barədə qarşılıqlı surətdə təsdiq edilmiş Müqaviləyə əlavələr məhkəməyə təqdim edilməmişdir. Həmçinin dəyəri ödənilməyən iddia edilən xidmətlərin sifariş edilməsi, harada və hansı tarixdə icra olunması, hansı avtomobillərlə, texnikalarla icra edilməsi, həmçinin həmin avtomobillərin texniki baxışı, yükdaşıma xidməti ilə bağlı alınmalı olan fərqlənmə nişanları barədə məlumatlar məhkəməyə təqdim edilməmişdir (Müqavilənin 4.5-ci bəndi, Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinin tələbi). Təhvil-təslim aktları və göndərilən qaimələr barədə məlumat: Qaimələrdən 6 ədədi isə Asan imza ilə Cavabdeh tərəfindən təsdiq edilmişdir. Bu qaimimələrdə əks olunan xidmətlərin ümumi dəyəri ƏDV xaric 25 710,00 manat təşkil edir. Həmçinin tərəflər arasında 14 ədəd təhv-təslim aktı rəsmiləşmişdir. Həmin təhvil təslim aktlarında real olaraq göstərilən və təhvil verilən xidmətlərin ümumi ƏDV xaric dəyəri 26 530,00 manat təşkil edir. 3 Təhvil -təslim aktlarının qaimələr ilə üzləşməsi (qiymət ƏDV xaric): 1. Seriya: MT2407 Nömrə: 11164965 Tarix: xx.xx.2024 10:31:18 // Cəmi: 2290 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir, qaimə ASAN imza ilə təsdiqlənib. 2. Seriya: MT2407 Nömrə: 10034219 Tarix: xx.xx.2024 14:25:05 // Cəmi: 1000 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir, Sistem tərəfindən avtomatik təsdiqlənib. 3. Seriya: MT2406 Nömrə: 10824158 Tarix: xx.xx.2024 12:42:00 // cəmi: 1140 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir, Sistem tərəfindən avtomatik təsdiqlənib. 4. Seriya: MT2405 Nömrə: 10533878 Tarix: xx.xx.2024 11:29:13 // Cəmi: 4990 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir, ASAN imza ilə təsdiqlənib. 5. Seriya: MT2405 Nömrə: 10865109 Tarix: xx.xx.2024 11:16:01 // Cəmi: 450 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir, Sistem tərəfindən avtomatik təsdiqlənib. 6. Seriya: MT2407 Nömrə: 10042670 Tarix: xx.xx.2024 14:31:33 // Cəmi: 2890 AZN (ƏDV xaric) (EQF-ilə) // Təhvil-təslim aktı ilə tam üzləşmir! Belə ki, qaimədə 250 azn artıq qeyd edilib. Əlavə 250 azn, gözləmə üçün cərimə olaraq tətbiq edilib. Cavabdeh QSC əlavə 250 azn qəbul etmir. ASAN imza ilə təsdiq edilib. 7. Seriya: MT2406 Nömrə: 10824053 Tarix: xx.xx.2024 12:44:04 // Cəmi: 250 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir, Sistem tərəfindən avtomatik təsdiqlənib. 8. Seriya: MT2405 Nömrə: 10137941 Tarix: xx.xx.2024 15:17:01 // Cəmi: 2000 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir, ASAN imza ilə təsdiqlənib. 9. Seriya: MT2407 Nömrə: 11940820 Tarix: xx.xx.2024 09:44:57 // cəmi: 4760 AZN (ƏDV xaric) (EQF-ilə) // Təhvil-təslim aktı ilə tam üzləşmir! Belə ki, qaimədə dəyəri 2500 azn qeyd edilən daşıma xidməti, Təhvil-Təslim Aktında 1850,00 azn olaraq təsdiq edilib (fərq 650,00 AZN, ƏDV xaric) Sistem tərəfindən avtomatik təsdiqlənib. 10. Seriya: MT2407 Nömrə: 10034718 Tarix: xx.xx.2024 14:38:06 //Cəmi: 450 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir. Sistem tərəfindən avtomatik təsdiqlənib. 11. Seriya: MT2406 Nömrə: 10824102 Tarix: xx.xx.2024 12:43:11 // Cəmi: 2120 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir. Sistem tərəfindən avtomatik təsdiqlənib. 12. Seriya: MT2406 Nömrə: 10824189 Tarix: xx.xx.2024 12:55:43 // Cəmi: 4 1790 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir, Sistem tərəfindən avtomatik təsdiqlənib. 13. Seriya: EBED Nömrə: 236227 Tarix: xx.xx.2024 14:20:55 // Cəmi: 1020 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir, Sistem tərəfindən avtomatik təsdiqlənib. 14. Seriya: MT2407 Nömrə: 10517380 Tarix: xx.xx.2024 12:14:02 // Cəmi: 2280 AZN (ƏDV xaric) // Təhvil-təslim aktı ilə tam üzləşir, Sistem tərəfindən avtomatik təsdiqlənib. Cavabdeh QSC tərəfindən, İddiaçı "xxxx" MMC-nin bank hesabına ümumilikdə əsas məbləğ olaraq, yəni ƏDV xaric 51 553,61 manat vəsait ödənmişdir, bu barədə iddiaçı özü bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir. Həmçinin cavabdeh, iddiaçının ƏDV depozit hesabına, özünün ƏDV depozit hesabından 11 641,25 manat ƏDV ödəmişdir. Hesablamalarla müəyyən edilir ki, Cavabdeh QSC, İddiaçı MMCyə ödəməli olduğu məbləğdən, 25 023,61 manat və 6 865,85 manat ƏDV məbləğini əlavə ödəmişdir. Əlavə ödəmənin səbəbi o olmuşdur ki, Cavabdeh QSC-nin (cavabdehin) mühasibatlığı tərəfindən səhvə yol verilərək əlavə vəsaitlər İddiaçı MMCyə (iddiaçıya) ödənmişdir. Cavabdeh QSC artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün tədbirlər gördükdə, İddiaçı MMC pulu geri qaytarmamaq niyyəti ilə elektron qaimələrin sistem tərəfindən təsdiq edilməsindən sui-istifadə edərək hazırkı iddianı əsassız olaraq qaldırmışdır. Qeyd edilənlərlə sübut olunur ki, İddiaçı MMC-nin, Cavabdeh QSCyə qarşı iddiası əsassızdır və rədd edilməlidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi V.Soltanov iddia ərizəsini müdafiə edib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi P.Məmmədov iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 007/24 saylı xidmət müqaviləsininin 1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən aşağıdakı əməliyyatların birini və ya bir neçəsini yerinə yetirməyi və ya onların yerinə yetirməsini təşkil etməyi öz öhdəsinə götürür: 1.Yüklərin daşınması, 2.Sərnişin daşınması xidməti, 3.Ekskavator ilə torpaq işlərinin görülməsi,4.Tərəflərin razılığı ilə digər əməliyyatlar. Əməliyyatlar üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır.
11. Müqavilənin 2-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlər üçün ödənişi, icraçının təqdim etdiyi hesab-faktura və e-qaiməyə əsasən həyata keçirir.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBED 236227 nömrəli 1203.60 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 10034219 nömrəli 1180 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT 2407 10034718 nömrəli 531 manat məbləğində, 0.07.2024-cü il tarixli, MT2407 10042670 nömrəli 3410,20 manat məbləğində,xx.xx.2024-cü il tarixli, MT2409 10044086 nömrəli 10443 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 10096669 nömrəli 38468 manat məbləğində, xx.xx.2024cü il tarixli, MT2405 10137941 nömrəli 2360 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 10517380 nömrəli 2690,4 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2405 10533878 nömrəli 5888,2 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 10788894 nömrəli 2112,2 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 10824053 nömrəli 295 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2406 10824102 nömrəli 2501,6 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2406 ********* nömrəli 1345,2 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2406 10824189 nömrəli 2112,2 manat məbləğində, xx.xx.2024cü il tarixli, MT2405 10865109 nömrəli 531 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 11164965 nömrəli 2702,2 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 11402833 nömrəli 5451,6 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 11591718 nömrəli 19080,6 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 11940820 nömrəli 5616,8 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 11976726 nömrəli 10525,6 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.
13. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 2690,4 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
14. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 2360,00 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
15. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 5888,2 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
16. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 1203,6 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
17. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 531,00 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
18. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 4849,8 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
19. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 295 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
20. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 1345,2 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
21. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 2501,6 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
22. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 2112,2 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
23. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 1180 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
24. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 531 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
25. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 2702,2 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
26. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 3115,20 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
27. İş materiallarına əlavə olunmuş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-ci il tarixli görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ədv daxil 2360,00 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
28. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 210725 nömrəli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya ödənilməyən qalıq borcu ƏDV daxil 55253,54 manat təşkil edir.
29. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 3906,78 manat, xx.xx.2024-cü il tarixdə 5084,75 manat, 2.07.204-cü il tarixdə 6696,61 manat, xx.xx.2024-cü il tarixdə 3160,17 manat, xx.xx.2024-cü il tarixdə 2955,13 manat, xx.xx.2024-cü il tarixdə 2068,59 manat, xx.xx.2024-cü il tarixdə 1116,53 manat, xx.xx.2024-cü il tarixdə 2500,00 manat, xx.xx.2024-cü il tarixdə 8594,66 manat, xx.xx.2024-cü il tarixdə 15470,39 manat məbləğində ödəniş olunmuşdur.
30. Cavabdehə məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, MT2409 ******* nömrəli elektron qaimə üzrə 2361,6 manat, xx.xx.2024-cü il tarixli, MT2407 11976726 nömrəli elektron qaimə üzrə 372,35 manat, xx.xx.2024-cü il tarixli, MT2407 11976726 nömrəli elektron qaimə üzrə 531,92 manat, MT2407 11402833 nömrəli elektron qaimə üzrə 568,83 manat, xx.xx.2024cü il tarixli, MT2409 11591718 nömrəli elektron qaimə üzrə 1547,04 manat, ********** təyinatı üzrə 915,25 manat, xx.xx.2024-cü il tarixli, MT2407 11976726 nömrəli elektron qaimə üzrə 200,98 manat, xx.xx.2024-cü il tarixli, MT2409 11591718 nömrəli elektron qaimə üzrə 2784,67 manat, xx.xx.2024-cü il tarixli, MT2409 11591718 nömrəli elektron qaimə üzrə 450 manat, xx.xx.2024-cü il tarixli MT2407 10517380, MT2407 11164965 nömrəli elektron qaimələr üzrə 1205,39 manat ödəniş olunmuşdur.
31. Cavabdehə məxsus ƏDV sub uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya 703,22 manat ödəniş olunmuşdur.
32. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, OD36 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 3906,78 manat, xx.xx.2024-cü il tarixli, OD2 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 5084,75 manat, xx.xx.2024-cü il tarixli, OD15 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 6696,61 manat, xx.xx.2024-cü il tarixli, OD11 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 3160,17 manat, xx.xx.2024-cü il tarixli, OD15 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 2955,13 manat, xx.xx.2025-ci il tarixli,OD43 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 2068,59 manat, xx.xx.2024-cü il tarixli, OD24 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 1116,53 manat, xx.xx.2024-cü il tarixli, MVq6BHN21 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 8594,66 manat, xx.xx.2024-cü il tarixli, MVwKoİX13 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 15470,39 manat ödəniş olunmuşdur.
33. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, fərdi sahibkardır və hazırkı iş üzrə yükləri daşımış maşınlar ona məxsusdur. Onun sürücüləri mövcuddur, hər bir yük daşınmasında şəxsən iştirak etmir. O, yükdaşıma xidməti ilə məşğul olduğunu və İddiaçı MMC-dən daxil olan sifarişlərin daşınmasını həyata keçirdiyini qeyd etmişdir. Malların müxtəlif rayonlara daşındığını, bu prosesdə maşını həm özü, həm də sürücülərin idarə etdiyini bildirmişdir. Onun 8 ədəd daşıma maşını mövcuddur. Cavabdeh QSC tərəfindən ona qarşı heç bir şikayət daxil olmamışdır. Daşınma xərcləri İddiaçı MMC ilə qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilirdi və bu ödənişlər elektron qaydada, hesabdan-hesaba köçürülürdü. Yük daşınarkən ona qaimə təqdim olunmuşdur. O, daşımaları həyata keçirən sürücülərə əmək haqqı şəklində ödəniş etdiyini də əlavə etmişdir.
34. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Cavabdeh QSC-də satınalma üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Onun fəaliyyəti 2024-cü ilin yanvar ayından 2025-ci ilin iyun ayına qədər davam etmişdir. Hər ayın sonunda qarşı tərəfdən reyestr təqdim olunur və bu reyestr əməkdaşlar tərəfindən daxili sistemə əlavə edilirdi. Şirkətdə yaranan maliyyə problemləri səbəbindən iş yerini dəyişməyə qərar vermişdir. Onun tərəfindən reyestr üzrə verilən sifarişlər icra olunmuşdur. Cavabdeh QSC ilə xidməti müqavilə bağlanmış və yüklərin daşınması nəzərdə tutulmuşdur. Sifarişləri birbaşa özü və əməkdaşlar həyata keçirirdilər. Ən son sifarişlərin sentyabr-oktyabr aylarında olduğu ehtimal olunur. Sifariş icra olunduqdan sonra aylıq reyestr təqdim olunur və alış sənədlərinə uyğun şəkildə sifarişlər icra edilirdi. Ödənişlər elektron qaimə və ya təhvil-təslim aktlarına əsasən həyata keçirilirdi. Lakin bütün hallarda təhvil-təslim aktları tərtib olunmurdu; o, yalnız öz işi ilə bağlı aktların tərtib edilməsini tələb edirdi. O, ümumilikdə nə qədər daşınmanın həyata keçirildiyini bilmədiyini qeyd etmişdir. Aktlar ilə qaimələr arasında uyğunluq yaratmağa çalışmışlar. Ödənişlərin icrası ilə maliyyə şöbəsi məşğul olurdu. O, iş fəaliyyəti zamanı Pior proqramı ilə işlədiyini bildirmişdir. Məbləğlər uyğun gəlmədikdə iki Pior sənədi birləşdirilərək əməliyyatlar həyata keçirilirdi. O, qeyd etmişdir ki, Pior sənədi olmadan təhvil-təslim prosesi baş vermirdi. Təqdim olunan təhvil-təslim aktlarından xəbərdar olmadığını və qeydlərdəki xəttin ona məxsus olmadığını da vurğulamışdır. O, həmçinin əvvəlcədən ödənişlərin həyata keçirilmədiyini bildirmişdir. Fəaliyyət çərçivəsində başqa logistik şirkətlərlə də müqavilələr bağlanırdı.
35. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Cavabdeh QSC-də mühasib vəzifəsində çalışır. Onun sözlərinə görə, hər gün daxil olan elektron qaimələrin hamısına nəzarət edir. “Asan İmza” həm onda, həm də digər əməkdaşlarda mövcuddur. Lakin gündəlik qaimələrin çoxluğu səbəbindən onların hamısını tək-tək izləmək mümkün olmur və bəzi hallarda izləmə prosesi 5 günədək çəkir. O, izahatında bildirmişdir ki, iddia təqdim edilməzdən əvvəl, 2025-ci il tarixində mübahisə olunan qaimələri görmüş və artıq ödəniş faktından həmin tarixdə xəbərdar olmuşdur. Onun sözlərinə görə, alt sənədlərə baxılmadan ödəniş edilmiş, bu zaman başqa şirkətə səhv deyil, artıq köçürülmə baş vermişdir. İfadəsində həmçinin qeyd etmişdir ki, şirkətdə elektron sistem tərəfindən səhvən təsdiqlənmiş bəzi qaimələr sonradan düzəlişə göndərilmişdir. Əlavə etmişdir ki, bu məsələ ilə bağlı ona xəbərdarlıq edilmiş və bəzən elektron qaimə olmadan da ödəniş həyata keçirilmişdir.
36. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
37. Belə ki, iddia 3 hissədən ibarətdir: 1. əsas borcun ödənilməsi; 2. illik 5 faizlə hesablanmış zərərin ödənilməsi; 3. dəbbə pulunun tutulması.
38. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
39. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 007/24 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehin sifarişləri əsasında yükdaşınması xidmətləri həyata keçirilmiş, bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə müqavilənin 2.1-ci bəndinə əsasən 20 elektron qaimə göndərilmişdir.
40. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr düzəlişə göndərilməmiş, ləğv edilməsi tələb edilməmişdir.
41. Məhkəmə cavabdehin tərəflər arasında görülmüş işlərlə bağlı təhvil aktları imzalanmalı olması barədə dəlilini əsassız hesab edir.
42. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə belə bir tələb müəyyən edilməmiş, tərəflər arasında 14 təhvil aktı imzalanmış olması müəyyən edilsə də, materiallarda olan elektron qaimələrdən, habelə ödəniş sənədlərindən görünür ki, təhvil aktı olmayan elektron qaimələr üzrə də cavabdeh tərəfindən müxtəlif tarixlərdə məhz elektron qaimələrə istinad edilməklə ödənişlər edilmişdir (5451,6 manat göstərilmiş elektron qaimə üzrə xx.xx.2024-cü il tarixdə, 10525,6 manat göstərilmiş elektron qaimə üzrə xx.xx.2024-cü il tarixdə).
43. Bu səbəbdən məhkəmə təhvil aktı olmayan qaimələrin mötəbər sübut hesab edilməli olmaması barədə cavabdehin dəlilini əsassız hesab edir.
44. Bundan əlavə, cavabdehin əmək müqaviləsi üzrə işçisi olan (mühasib) şahid X1 ifadəsində gündəlik olaraq daxil olan elektron qaimələrə nəzarət etdiyini təsdiq etmişdir.
45. Cavabdeh həmçinin bəzi qaimələrdə təhvil aktlarında göstərilmiş məbləğlərdən artıq borcun yazıldığını, həmin vəsaitlərin tələb edilməsinin yolverilməz olduğunu bildirir.
46. Məhkəmə cavabdehin həmin dəlilini də əsassız hesab edir.
47. Belə ki, həmin qaimələr düzəlişə göndərilməmiş, müxtəlif tarixlərdə cavabdeh tərəfindən həmin qaimələr üzrə ödənişlər edilmişdir.
48. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə düzəliş edilməsi, mübahisəli qaimələr üzrə edilmiş ödənişlərin geri qaytarılması cavabdeh tərəfindən yalnız hazırkı məhkəmə icraatı dövründə - xx.xx.2025-ci il tarixdə iddiaçıdan tələb edilmişdir.
49. Beləliklə, məhkəmə araşdırması ilə xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçının öz üzərinə düşən öhdəlikləri lazımınca icra etdiyi, lakin cavabdeh tərəfindən öhdəliklərin tam şəkildə icra edilmədiyi müəyyən edilmişdir.
50. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
52. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
53. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
54. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında yük daşınmaları həyata keçirilmiş, mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş, daşımalar ilə bağlı hər hansı irad bildirilməmiş, lakin həmin xidmətlərə görə yaranmış 55253,54 manat əsas borc cavabdeh tərəfindən ödənilməmişdir (ümumilikdə 118450,40 manat məbləğində daşıma haqqı ödənilməli olduğu halda cavabdeh tərəfindən qismən - 63196,86 manat ödəniş edilmişdir).
55. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
56. Məhkəmə bu səbəbdən hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
57. Məhkəmə iddianı ikinci hissədə qismən əsaslı hesab edir.
58. Belə ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc (55253,54 manat) üzrə ona vurulmuş zərər qismində 12 aylıq dövr üzrə 2762,67 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
59. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
60. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
61. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
62. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
63. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
64. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
65. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
66. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
67. 599.4-cü maddəsinə əsasən satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
68. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
69. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
70. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
71. Ödənişlə bağlı öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyi üçün iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməyə haqlıdır.
72. Bununla yanaşı, iddiaçı tərəfindən tələb edilən faiz borcu düzgün hesablanmamışdır.
73. Belə ki, iddiaçı tərəfindən cavabdehə sonuncu qaimə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, hazırkı iddia ərizəsi isə cavabdehə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır.
74. Göstərilən dövr üzrə, yəni 6 ay 14 günlük (194 gün) dövr üçün iddiaçıya 1466,64 manat (55253,54 manat * 5 faiz / 100 / 365 gün * 194 gün) faiz borcu ödənilməlidir.
75. Məhkəmə iddianı üçüncü hissədə əsassız hesab edir.
76. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 2762,67 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
77. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
78. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
79. Lakin tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədə dəbbə pulu ilə bağlı hər hansı şərt nəzərdə tutulmamış, iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında dəbbə pulu haqqında yazılı razılaşmanın olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən ümumiyyətlə belə bir razılaşmanın olmaması müəyyən edilmişdir.
80. Odur ki, tərəflər arasında öhdəliyin icra edilməməsi, habelə lazımınca icra edilməməsi ilə bağlı dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
81. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 55253,54 manat əsas borc, 1466,64 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
82. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
83. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 260,16 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 12,84 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
84. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 55253,54 manat əsas borc, 1466,64 manat illik beş faizlə hesablanmış faiz borcu, 260,16 manat dövlət rüsumu, ümumilikdə 56980,34 (əlli altı min doqquz yüz səksən manat otuz dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 12,84 (on iki manat səksən dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X10