Məhkəmə qərarları › İş №e-2-2(113)-5325/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5325/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5325/2025 03.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdeh "xxxx" MMC-nin hüquqi əsas olmadan əldə etdiyi 75784,75 manat məbləğində vəsaitin ona geri qaytarılması və dövlət rüsumunun cavabdehin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC (bundan sonra “İddiaçı”) ilə "xxxx" MMC (bundan sonra “Cavabdeh”) arasında müqavilə imzalanmışdır. Tərəflər arasında bağlanmış sözügedən Müqaviləyə əsasən, "xxxx" MMC İddiaçı MMC-yə müxtəlif çeşidli metal məhsulların verilməsi öhdəliyini, İddiaçı MMC isə həmin metal məhsulların ödənişini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən, İddiaçı MMC-nin "xxxx" MMC-yə 137889,99 manat əsas ödəniş və 23854,84 manat ƏDV olmaqla ümumilikdə 161744,83 manat məbləğində borc yaranmışdır. Cavabdeh borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022ci il tarixli e-2-2(113)-3171/2022 saylı (sədrlik edən hakim X2 oglu) qətnaməsi ilə cavabdeh hüquqi şəxsin iddiası qismən təmin edilərək, ümumilikdə müqavilə üzrə yaranmış borc məbləği qismində 143079,60 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar olaraq ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat vəsaitin Cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. Proses ilə bağlı apellyasiya və kassasiya instansiyası məhkəmələri də birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkəmə baxışı zamanı İddiaçı MMC bu borcun 75784,75 manat məbləğində olan hissəsini ödəmişdir, lakin proses zamanı ödənişi təsdiq edən qəbzlər texniki səbəblərdən məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə, məhkəmə borcun tam məbləğini, ümumilikdə müqavilə üzrə yaranmış borc məbləği qismində 143079,6 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar olaraq ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat məbləğində vəsaitin cavabdehin xeyrinə tutulması ilə bağlı Suraxanı Rayon İcra Şöbəsinə yönəltmişdir. Məhkəmə qərarına əsasən, İcra Şöbəsi tərəfindən İddiaçının hesabına sərəncam qoyularaq 148435,49 manat məbləğində vəsait cavabdehin hesabına ödənilmişdir. Beləliklə 224220,24 manat məbləğində vəsait iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-1100-cü maddələrinə əsasən, əsassız varlanma halıdır. Çünki cavabdeh "xxxx" MMC hüquqi əsas olmadan artıq 75784,75 manat məbləğində vəsait əldə etmişdir. Mübahisə ilə bağlı iddiaçı tərəfindən Fortuna-F.M MMC-yə xx.xx.2025-ci il tarixdə №1/0585 nömrəli pretenziya məktubu göndərilmişdir. Yuxarıda qeyd olunanlar barədə “Cavabdeh”ə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına və mübahisənin məhkəməyə qədər danışıqlar aparılması dinc yolla həll edilməsi cəhdlərinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan ərizənin qəbulundan imtina edilməlidir. Çünki eyni tərəflər (İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC) arasında, eyni predmet və eyni əsaslar üzrə Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2- 2(113)-3171/2022 saylı (sədrlik edən hakim X2 oglu) saylı qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə ki, iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən də görünən odur ki, iddiaçı 75784,75 manat pul vəsaitinin artıq ödənilməsini Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-3171/2022 saylı qətnaməsi çıxdıqdan sonra deyil, işə məhkəmədə baxıldığı müddətdə ödədiyini, məhkəmə baxışı zamanı ödənişi təsdiq edən qəbzlər texniki səbəblərdən məhkəməyə təqdim etmədiyini bildirmiş, həmçinin əlavə edilmiş sənədlərlə də qətnamə qanuni qüvvəsini aldıqdan sonra 75784,75 manat artıq ödəniş olunması görünməmişdir. Yəni, artıq tərəflər arasında olan mübahisəyə məhkəmə tərəfindən baxılaraq qiymət verilib yekun akt qəbul olunmuş və həmin akt qanuni qüvvəsini almışdır. Tərəflər həmin qətnamə çıxana kimi müəyyən olunmuş faktlara və hüquq münasibətlərinə qarşı yenidən mübahisə edə bilməzlər və həmin qətnamə ilə müəyyən edilmiş faktlar yenidən mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 233.3-cı maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə hesab edirəm ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar