Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5329/2023 16.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: sadələşdirilmiş icraat, xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı, tapşırıqla bağlı müddəaların subsidiarlığı) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra "xxxx" MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 27 may 2011-ci il tarixli xidmət müqaviləsi üzrə 43,18 manat borcun və ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 27 may 2011-cı il tarixli 0999 saylı mobil rabitə xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən iddiaçı cavabdehə nömrələr təqdim edib mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh həmin nömrələri öz işçilərinin istifadəsinə verib xidmət haqqının vaxtında ödənilməsini təmin edir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 2015-ci ilin avqust ayından 2016-cı ilin may ayına olan dövr üçün 43,18 manat ödənilməmiş borcu qalmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448-ci və s. maddələrinə istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Mümkünlük və cavabdehin mövqeyi
5. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdehin hüquqi ünvanına əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə məhkəmə bildirişi göndərilmiş, qanuni təmsilçisinin mobil telefon nömrəsinə telefonoqram ötürülmüşdür. Lakin cavabdeh tərəf kommersiya mübahisələri üçün Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada iddiaya etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. 10.Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair 27 may 2011-ci il tarixli 0999 nömrəli müqavilənin 1-ci hissəsinə əsasən, hazırkı müqavilə üzrə İcraçı Sifarişçiyə 34 (otuz dörd) ədəd nömrə təqdim edir (nömrələrin siyahısı hazırkı müqaviləyə 1 saylı əlavədə əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı müqaviləyə əlavə olunur), Sifarişçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və danışıq haqqını vaxtı vaxtında ödənilməsini təmin edir. 12.Həmin müqavilənin 2.1-ci bəndində sifarişçinin (cavabdehin) hüquq və vəzifələri kimi göstərilmişdir ki, hazırkı müqavilənin 1.1-ci bəndinə uyğun olaraq Sifarişçiyə 34 (otuz dörd) ədəd “Post paid” (sonradan ödəmə) nömrələrini qəbul edir və həmin nömrələr kənar şəxslərə verildikdə məsuliyyət daşıyır. İstifadəçilərin siyahısı Sifarişçi tərəfindən təsdiq olunur və həmin siyahıda dəyişikliklər olduqda İcraçı bu barədə rəsmi məlumatlandırılır. Sifarişçi təqdim olunmuş nömrələrin istifadəçiləri ilə əmək münasibətini ləğv etdikdə, faktiki nömrə istifadəçisi həmin nömrə üzrə bütün borcları ödədikdən sonra, danışıq tarifləri dəyişdirilmək şərti ilə həmin şəxslə İcraçı arasında müvafiq müqavilə imzalanır. İstifadəsində olan nömrələri ən azı 6 (altı) ay ərzində istifadə edəcək. Sifarişçi təqdim olunmuş nömrələrdən hər hansı birini 3 (üç) ay ərzində istifadə etmədikdə, İcraçı istifadə olunmayan nömrəni Sifarişçidən geri ala bilər. İcraçı bu bənddə göstərilmiş əsasla istifadə olunmayan nömrəni geri alarsa, İcraçı Sifarişçinin istifadəsindən geri alınmış nömrəni Sifarişçiyə xəbərdarlıq etmədən başqa şəxsin istifadəsinə verə bilər. 13.Adıçəkilən müqavilənin 2.2-ci bəndində icraçının ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin) hüquq və vəzifələri kimi göstərilmişdir ki, hazırkı müqavilənin 1.1-ci bəndinə uyğun olaraq Sifarişçiyə 34 (otuz dörd) ədəd «Post paid» (sonradan ödəmə) nömrələrini təqdim edir. Hər növbəti ayın 20-dən gec olmayaraq əvvəlki ayın hesabını və izahlı qaiməsini Sifarişçiyə təqdim edir. Təqdim olunmuş nömrələrin hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş qaydada istifadə edilməməsi aşkar olunduqda həmin nömrələri bağlaya bilər. Təqdim olunmuş nömrələrdən 10% və daha artıq nömrələr 3 (üç) ay ərzində istifadə edilmədikdə, İcraçı Sifarişçini 14 (on dörd ) gün əvvəlcədən xəbərdar etməklə 2 saylı Əlavədə əks olunan danışıq tariflərini birtərəfli qaydada bütün nömrələrdə dəyişdirə bilər. 14.Sözügedən müqavilənin ödəniş qaydası və tariflərdən bəhs edən 3-cü hissəsinə görə, hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş rabitə xidmətlərinin haqqı bu müqavilənin 2 saylı əlavəsində göstərilib və ödəniş hesaba köçürmə yolu ilə yaxud İcraçının müəyyən etdiyi digər qaydada, hər növbəti ayın 30-dan (otuzundan) gec olmayaraq həyata keçirilir. 15.Qeyd edilən müqaviləyə 1 saylı əlavədən görünür ki, 3140511, 3140512, 3140513, 3140514, 3140515, 3140516, 3140517, 3140518, 3140519, 3140520, 3140521, 3140522, 3140523, 3140524, 3140525, 3140526, 3140527, 3140528, 3140529, 3140586, 3140587, 3140588, 3140589, 3140543, 3140591, 3140592, 3140593, 3140594, 3140595, ******* olmaqla ümumilikdə 30 mobil nömrə 5 manatlıq limitlə, ******* mobil nömrəsi 50 manatlıq limitlə, 2994388, 2001574, ******* olmaqla ümumilikdə 3 mobil nömrə 30 manatlıq limitlər cavabdehə təhvil verilməsi şərtləşdirilmişdir.
16. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, aylıq abunə haqqı 1 ay üçün 3 manat, digər mobil operator nömrələrinə zənglər üçün 1 dəqiqə 0,06 manat, İddiaçı nömrələrinə zənglər 1 dəqiqə üçün 0,04 manat, PSTN/şəhərdaxili/nömrələrinə zənglər üçün 1 dəqiqə 0,06 manat, şəhərlərarası zənglər üçün 1 dəqiqə 0,06 manat, qısa mesaj servisi üçün 1 mesaj 0,02 manat, sevimli nömrəyə qısa mesaj servisi üçün 1 mesaj 0,008 manat, beynəlxalq zənglər – zona 1 üçün 1 dəqiqə 0,38/0,31 manat, beynəlxalq zənglər – zona 2 üçün 1 dəqiqə 0,45/0,36 manat, beynəlxalq zənglər – zona 3 üçün 1 dəqiqə 0,44/0,42 manat, 3 ədəd sevimli nömrə (İddiaçı daxili) üçün 1 dəqiqə 0,01 manat, GPRS internet üçün 40 kb 0,008 manat razılaşdırılmış, Azərbaycan daxili hər ay 100 pulsuz qısa mesajın hədiyyə olunduğu göstərilmişdir. 17.Məhkəməyə təqdim edilən hesab-fakturadan görünür ki, 2015-ci ilin avqust – 2016cı ilin may ayı dövrü üçün 36,59 manat xidmət haqqı, 6,59 manat ƏDV olmaqla cavabdehin iddiaçıya olan borcu ümumilikdə 43,18 manat təşkil edir. 18.Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı (əvvəlki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə cavabdeh arasında 27 may 2011-ci il tarixli 0999 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sözügedən müqavilənin 1 saylı əlavəsi ilə razılaşdırılan 34 ədəd mobil nömrəni cavabdehə təqdim etməyi, cavabdeh isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və danışıq haqqını vaxtlı-vaxtında ödənməyi öz öhdəsinə götürmüşdür. İddiaçının adıçəkilən müqavilə üzrə cavabdehə göstərəcəyi ayrı-ayrı xidmətlərin tarifləri isə 2 saylı əlavə ilə razılaşdırılmışdır. 19.İddiaçı təqdim etdiyi hesab-fakturaya əsasən ƏDV daxil olmaqla 43,18 manat xidmət haqqının tutulmasını tələb edir. 20.Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddia tələbinə etiraz etmir. 21.Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 22.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). 23.Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. 24.Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır. 25.Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsidir, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. 26.Lakin Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 27.Digər tərəfdən, həmin Məcəllənin 777.4-cü maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 28.Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisə tərəflər arasında 27 may 2011-ci il tarixli 0999 nömrəli xidmət müqaviləsinin şərtləri əsas götürülməklə və Mülki Məcəllənin 40-cı fəslinə (“tapşırıq müqaviləsi”) uyğun olaraq həll edilməlidir. 29.Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 30.Tərəflər arasında bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilənin 1-ci hissəsinə əsasən, cavabdeh danışıq haqqını vaxtı vaxtında ödənilməsini təmin etməli, 3-cü hissəsinə əsasən, rabitə xidmətlərinin haqqı bu müqavilənin 2 saylı əlavəsində göstərilib və ödəniş hesaba köçürmə yolu ilə yaxud cavabdehin müəyyən etdiyi digər qaydada, hər növbəti ayın 30-dan gec olmayaraq həyata keçirilməlidir. 31.Hazırkı iş üzrə iddiaçı Mülki Məcəllənin qeyd edilən 783.2-ci maddəsindən və 27 may 2011-ci il tarixli xidmət müqaviləsindən irəli gələn göstərilmiş xidmətin dəyərinin ödənilməsi hüququnu realizə edir.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 36.Beləliklə, məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. 37.Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, mobil rabitə xidmətlərinin göstərilməsinə dair 27 may 2011-ci il tarixli 0999 nömrəli müqavilə üzrə 43,18 manat borc cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
38. İddiaçı həmçinin 20 manat mediasiya xərcinin, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. 39.İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/11-00640 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 20 manat ödəniş edilmişdir. 40.Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmişdir.
41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
43. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
44. Göründüyü kimi, kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 45.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 46.Hazırkı iş üzrə iddia tələbi tam təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 20 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.
V. Nəticə
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284- 5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 may 2011ci il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 43 (qırx üç) manat 18 (on səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 20 (iyirmi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova