Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5333/2025 02.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh İB-yə (bundan sonra-cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndı bağları ünvanda yerləşən iddiaçıya məxsus fərdi istixanaya (kod: **********00000) əsassız olaraq hesablanmış 69619,46 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkPirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndı bağları ünvanda yerləşən ona məxsus fərdi istixanaya (kod: **********00000) əsassız olaraq hesablanmış 69619,46 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mənə məxsus Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağları ünvanda yerləşən fərdi istixanada əsasən şəxsi təlabatlarımı ödəmək üçün əkin işləri ilə məşqul oluram. İstixana çox xırda və ailəmi dolandırmağa yeganə gəlir mənbəyidir. İstixanada təbii qazdan istifadəyə görə tərəfimdən vaxtı-vaxtında ödənişlər aparılmışdır. Qaz sərfiyyatı abonent saldosundan da göründüyü kimi qış aylarında orta hesabla 1000- 1200 manat, yaz-payız aylarında isə 300-500 manat dəyərində təbii qazdan istifadə edilir. Xeyli vaxtdır ki bu tendensiya davam edir. Lakin 2020-ci ilin mart ayında qaz tənzimləyicinin yeri dəyişdirilərək qaz sayğacından sonraya quraşdırılmışdır. Bundan sonra mart ayında bir aylıq sərfiyyat olaraq mənə Azəriqaz tərəfindən 16886,80 manat, 2021-ci ilin mart ayında 26470,60 manat, 2022-ci ilin mart ayında isə 26262,06 manat (ümumilikdə 69619,46 manat) borc hesablanmışdır. Göründüyü kimi cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində mənə 3 ay üçün 69619,46 manat məbləğində borc hesablanmışdır. abonent saldosundan göründüyü kimi absurt borclar hər ilin mart ayında hesablanmışdır. Mart və aprel ayı isə yaz mövsümüdür, havalar artıq isti keçir və belə olan halda mənə 3 ay üçün 69619,46 manat borc hesablanmışdır. Orta düşüncəli insana belə məlumdur ki bu mümkün olmayan bir haldır. Mart ayı artıq havaların qızması deməkdir və belə olan halda ağlasığmaz dərəcədə borc məbləğinin hesablanması absurtdur. Qeyd etmək istəyirəm ki qaz tənzimləyicinin yerinin dəyişərək sayğacdan sonraya keçirilməsi heç bir texniki norma və qaydalara uyğun deyil. Belə ki, tənzimləyicinin funksiyası qazı tənzimləyərək qaz sayğacına ötürməsindən ibarətdir. Tənzimləyici olmadığı halda isə qaz tənzimlənmədən sayğaca daxil olur və sayğac qüsurla işləyərək artıq hesabat aparmağa başlayır. Abonent saldosundan da göründüyü kimi mən hər il demək olar ki bir ay təbii qazdan istifadə etmişəm. Buna səbəb absurt, həqiqətə uyğun olmayan borcun hesablanması olmuşdur. Bundan başqa maraqlı bir sual çıxır ortaya ki istixananın ölçüləri dəyişmədiyi təqdirdə necə ola bilər ki aylıq sərfiyyat on dəfədən artıq olsun. Digər bir vacib məsələni Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm. Belə ki, iddiaçı CavabdehİB mənə qarşı Xəzər rayon Məhkəməsinə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 18386,35 manat borcun məndən tutulmasını xahiş etmişdir. Xəzər rayon Məhkəməsində iştirakım təmin edilmədən işə baxılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(003)- 3102/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sözügedən qətnamədən məlumatım olan kimi tərəfimdən apellyasiya şikayəti verilmişdir. Apellyasiya Məhkəməsində işə artıq nümayəndəmin və vəkilin iştirakı ilə baxıldıqda məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(103)-587/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətim təmin edilərək Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh İB-nin iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-587/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Qeyd etmək lazımdır ki, hazırda mübahisələndirdiyimiz ümumi borc məbləğinin 18386,35 manat hissəsi ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və qətnamədən də göründüyü kimi mənə əsassız borc hesablanmışdır. Apellyasiya icraatı zamanı iş üzrə kompleks məhkəmə-mühəndis və məhkəmə mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4795 və 9/5281 nömrəli ekspert rəyinə görə, qaz təzimləyici qurğunun qaz sayğacından sonraya keçirilib-keçirilməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etmədiyindən qərardadın birinci sualının həmin hissəsi üzrə tədqiqat aparılmadı. “Qaz təchizatı. Layihələndirmə normaları”nın (AzDTN 2.13-1) 7.14-cü bəndinin tələblərinə əsasən qaz tənzimləyici qurğu nəzarət-ölçü cihazından (sayğacdan) əvvəl quraşdırılmalıdır. Qaz tənzimləyici qurğunun sayğacdan sonraya keçirilməsi istifadə edilən real qazın həcmindən artıq hesabat aparılmasına səbəb ola bilər. Ekspert rəyində daha sonra qeyd olunub ki, abonentin saldosu cədvəlində olan məlumatlara əsasən, İddiaçı tərəfindən ödənilməli olan məbləğ 18.385,95 manat təşkil edir. Həmin məbləğ Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olubolmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya əsassız olaraq hesablanmış 52732,66 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2021-ci ilin mart ayında ümumiyyətlə iddiaçı tərəfindən həmin dövrdə təbii qazdan istifadə edilmədiyi halda əsassız olaraq ona həmin ay üzrə 26470,60 manat borc yazılmışdır. Bundan əlavə, 2022-ci ilin mart ayı üzrə iddiaçı təbii qazdan istifadə etsə də, iddiaçıya əsassız olaraq 26262,06 manat borc yazılmış, halbuki iddiaçının ümumiyyətlə heç zaman bir ay üzrə həmin həcmdə sərfiyyatı olmamışdır. Bu səbəbdən iddiaçıya əsassız olaraq 2021-ci ilin mart ayında yazılmış 26470,60 manat və 2022-ci ilin mart ayında yazılmış 26262,06 manat borcun, ümumilikdə 52732,06 manat borcun silinməsini xahiş edir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia tələbinə etiraz edib, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya 2021-ci ilin mart ayında yazılmış 26470,60 manat və 2022-ci ilin mart ayında yazılmış 26262,06 manat borc, ümumilikdə 52732,06 manat borc sərfiyyat borcudur, silinməsi üçün əsas yoxdur, digər aylara nisbətdə sərfiyyatın çox olması isə ehtimal ki, iddiaçının təbii qaza olan tələbatının artması ilə bağlıdır.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (istehlakçı) ilə cavabdeh (paylayıcı) arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli, 3391-11-16 saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
8. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçıya 2021-ci ilin mart ayında 26470,60 manat və 2022-ci ilin mart ayında 26262,06 manat borc hesablanmışdır.
9. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
10. Belə ki, iddiaçı tərəfindən ilk öncə 2021-ci ilin mart ayında yazılmış 26470,60 manat borc mübahisələndirilir.
11. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən həmin dövrdə ümumiyyətlə təbii qazdan istifadə edilmədiyini bildirmişdir.
12. Məhkəmə tərəfindən həmin borcun əsaslı olub-olmamasının müəyyən edilməsi məqsədilə borcun hansı qaydada hesablanması, sayğacın həmin ay üzrə göstəricilərinin müəyyən edilməsi üçün iddiaçıya təqdim edilmiş hesab fakturaların, zəruri əlavə sübutların təqdim edilməsi cavabdehə təklif edilsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
13. Məhkəməyə cavabdeh tərəfindən abonent haqqında məlumatdan başqa hər hansı sübut təqdim edilməmiş, borcun əsaslı olub olmamasının müəyyən edilməsi mümkün olmamışdır.
14. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatdan görünür ki, 2021-ci ilin yanvar və fevral aylarında hər hansı qaz sərfi olmadığı halda, mart ayında iddiaçıya 26470,60 manat borc yazılmışdır. Halbuki, saldodan görünür ki, iddiaçının əvvəlki illərdə bir il üzrə olan borcu belə 5464,20 manatdan artıq olmamışdır. Belə ki, iddiaçının 2017-ci il üzrə ümumi sərfi 3076,30 manat, 2018-ci il üzrə 2376,20 manat, 2019cu il üzrə 5464,20 manat olmuşdur.
15. İddiaçının əvvəlki illərə nisbətən bir ay ərzində 26470,60 manat (bir ildə sərf etdiyindən ən azı dörd dəfə çox) həcmində təbii qazdan istifadə etməsi ağlabatan və inandırıcı deyildir.
16. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatdan görünür ki, 2021-ci ilin digər aylarında isə ümumiyyətlə qaz sərfi olmamışdır (2021-ci ilin noyabr ayı üzrə yazılmış 95,26 manat istisna olmaqla).
17. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borcun əsaslı olması, habelə iddiaçının həmin dövrdə təbii qazdan istifadə etməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçı hazırda ona 2021-ci ilin mart ayında yazılmış 26470,60 manat borcun silinməsini tələb etməklə haqlıdır.
18. Məhkəmə 2022-ci ilin mart ayı üzrə hesablanmış 26262,06 manat borcun silinməsi hissəsində isə iddianı qismən əsaslı hesab edir.
19. Belə ki, məhkəmə tərəfindən həmin borcun da əsaslı olub olmamasının müəyyən edilməsi məqsədilə iddiaçıya həmin ay üzrə, həmin borcla bağlı təqdim edilmiş hesab fakturanın, zəruri əlavə sübutların təqdim edilməsi cavabdehə təklif edilsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
20. Məhkəməyə cavabdeh tərəfindən abonent haqqında məlumatdan başqa hər hansı sübut təqdim edilməmiş, həmin borcun da əsaslı olub olmamasını müəyyən etmək mümkün olmamışdır.
21. İddiaçıya məxsus abonent haqqında məlumatdan görünür ki, 2022-ci ilin yanvar və fevral aylarında ümumiyyətlə qaz sərfi olmamış, 2022-ci ilin digər aylarında isə iddiaçının orta qaz sərfi 2331,42 manat ((1725,68 manat + 188,98 manat + 130,90 manat + 3863,42 manat + 5748,16 manat)/5 ay) olmuşdur.
22. Cavabdeh tərəfindən həmin borcun da əsaslı olmasını təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
23. Bununla yanaşı, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən həmin ayda təbii qazdan istifadə edildiyini bildirmişdir.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin ay üzrə iddiaçının borcu həmin ilin aprel ayı üzrə yazılmış borc (1725,68 manat) nəzərə alınmaqla müəyyən edilməli, qalan 24536,38 manat borc (26262,06 manat - 1725,68 manat) əsassız hesab edilməklə silinməlidir.
25. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 51006,98 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 243,02 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 55,98 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndı bağları ünvanda yerləşən fərdi istixanaya (abonent kodu: **********00000) əsassız olaraq hesablanmış 51006,98 (əlli bir min altı manat doxsan səkkiz qəpik) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 243,02 (iki yüz qırx üç manat iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 55,98 (əlli beş manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova