Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5335/2025 20.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (dəymiş zərərin ödənilməsi haqqında razılaşma, cərimə və faiz borcu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X5 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9073,16 manat məbləğində əsas borc, 21750,45 manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% olmaqla hesablanmış 990,34 manat, dövlət rüsumu kimi ödənilmiş 186 manat, cəmi 32000 manat məbləğində borcun tutularaq Heydər Əliyev adına X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “dəymiş zərərin ödənilməsi” haqqında xx.xx.2023-cü il tarixli Razılaşmanın 1.1-ci bəndinə əsasən cavabdeh 29.472,16 manat məbləğində pulu Razılaşmanın 2.3 bəndində göstərilmiş cədvəl üzrə hissələrlə xx.xx.2023-cü il tarixədək iddiaçının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 18000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 299 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, cəmi 20.399 manat məbləğində ödəniş həyata keçirilmiş, hal-hazıradək 9.073,16 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında bağlanmış “dəymiş zərərin ödənilməsi” haqqında xx.xx.2023-cü il tarixli Razılaşmanın 2.1 bəndinə əsasən Cavabdeh MMC ödənişin cədvəl üzrə həyata keçirilməsini gecikdirdikdə hər gecikdirilən gün üçün ümumi 29.472,16 manat məbləğin 0,1% dəbbə pulu ödəyir. MMC tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Razılaşma üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, Razılaşma üzrə borclunun ödəməli olduğu 29.472,16 manat məbləğində vəsaitdən 18000 manat Razılaşmada nəzərdə tutulan müddətdə ödənilmiş olsa da, yerdə qalan məbləğ qrafikdə göstərilən məbləğdə və müddətdə ödənilməmiş, nəticədə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixinə hesablanmış 9.073,16 manat məbləğində əsas borc, 21750,45 manat məbləğində cərimə (dəbbə pulu) borcu yaranmışdır. Cavabdeh MMC tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli Razılaşmaya əsasən tərtib olunmuş qrafik üzrə ödəməli olduğu 29.472,16 manat məbləğində borcun ödənilməsini gecikdirdiyindən ona gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla 990.34 manat əlavə borc hesablanmışdır.
İİ. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Heydər Əliyev adına X5 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli, dəymiş zərərin ödənilməsi haqqında razılaşmanın: 1.1-ci bəndinə əsasən MMC tərəfindən xx.xx.2022-ci il tarixdə NEZ ərazisində aparılmış 26720 ton neft koksunun bir tonunun dəyəri 1103 manat, ümumi dəyəri 29472,16 manat olan MMC tərəfindən NEZ-ə dəymiş zərərin dəyərinin bu razılaşmanın 2.3-cü bəndində qeyd olunmuş hissələrlə xx.xx.2023-cü il tarixədək tam ödənilməsi vəzifəli şəxs olaraq X1 tərəfindən həyata keçiriləcəkdir. 1.2-ci bəndinə əsasən ödəniş bu razılaşmann 2.3-cü bəndində qeyd olunan cədvəl üzrə həyata keçirilir. 2.1-ci bəndinə əsasən MMC ödənişin cədvəl üzrə həyata keçirilməsini gecikdirdikdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0.1% dəbbə pulu ödəyir.
7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən dəymiş zərər üzrə ərizəçinin hesabına 18000 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 500 manat məbləğində, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 301 manat məbləğində, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 301 manat məbləğində, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 201 manat məbləğində, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 201 manat məbləğində, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 300 manat məbləğində, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 301 manat məbləğində və xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 301 manat məbləğində ödənişlər edilmişdir. Ödənişlərin təyinatı qismində dəymiş zərərin əvəzinin ödənilməsi göstərilmişdir.
8. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmənin hesabına 187 manat dövlət rüsumu ödənilmişdir.
9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış dəymiş zərərin ödənilməsi haqqında razılaşmadan irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xx.xx.2023-cü il tarixli razılaşma və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
11. Məhkəmə tərəfindən müəyyən edildi ki tərəflər arasında bağlanmış və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş dəymiş zərərin ödənilməsi haqqında xx.xx.2023cü il tarixli razılaşmaya əsasən cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının ərazisində aparılmış 26720 ton neft koksu üzrə ümumi dəyəri 29472,16 manat olmaqla, dəymiş zərərin xx.xx.2023-cü il tarixədək tam ödənilməsi və ödənişin müqavilədə qeyd olunan cədvəl üzrə ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən və ödəniş sənədlərindən görünür ki, 29472.15 manat məbləğdən cavabdeh tərəfindən 20399 manat ödəniş edilmiş, beləliklə 9073,15 manat borc ödənilməmişdir. İddiaçı hazırda həmin məbləğin və ona uyğun olaraq hesablanmış faiz borcu və dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə çıxış edir.
12. Məhkəmə ilkin olaraq iddia tələbinin 9073.15 manat dəymiş zərərin ödənilməsi ilə bağlı hissəsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:
13. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
14. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli razılaşma əsasında cavabdeh dəymiş zərərin ödənilməsi barədə üzərinə öhdəlik götürmüş, razılaşdırılmış məbləğin böyük hissəsini ödəməsinə baxmayaraq, hazırda 9073,15 manat məbləğində zərər ödənilməmiş qalmışdır.
15. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair etirazını və işin faktiki hallarına dair digər sübutları təqdim etməmiş, beləliklə cavabdeh tərəfindən hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
17. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən razılaşma üzrə öhdəliklərin tam icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış razılaşmanın icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını və cavabdeh tərəfindən ödənişləri nəzərə alaraq hesab edir ki, əsas borc hissəsində iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 9073.15 manat tutularaq İddiaçıya ödənilməlidir.
18. Bundan əlavə iddiaçı tələbində həmçinin 21750,45 manat məbləğində cərimənin tutulmasını xahiş edir. Tərəflər arasında bağlanan müqavilənin 2.1-ci bəndinə əsasən cavabdehin ödənişin cədvəl üzrə həyata keçirilməsini gecikdirdikdə hər gecikdirilən günə görə ümumi məbləğin 0.1% məbləğində dəbbə pulu ödəyir.
19. Məhkəmə dəbbə pulunun tutulması hissəsində iddia tələbini qismən əsaslı hesab edir.
20. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
21. Dəbbə pulunun məbləği ilə bağlı qeyd edilməlidir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
22. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 453,65 manat məbləğində dəbbə pulu tutulmalıdır.
23. İddiaçı həmçinin 990,34 manat faiz borcunun tutulması tələbi ilə çıxış edir. Məhkəmə faiz borcunun tutulması hissəsində iddianı əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:
24. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 445-ci maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Göründüyü kimi, MM-in 445ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz.
25. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinin məzmununa əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (466).
26. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavildə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Turan 19” MMC-dən ödənilməmiş 9075,15 manat məbləğində əsas borc və 453,65 manat müqavilə üzrə hesablanmış dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
28. İddiaçı əlavə olaraq cavabdehdən 186 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir. İddiaçı qeyd edilən ödənişi təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir.
29. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə iddia tələbinin qismən təmin olunmasını nəzərə alaraq ödənilmiş hesab edir ki, ödənilmiş 186 manat dövlət rüsumunun (iddianın təmin olunan məbləğinə münasibətdə ) 115 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 71 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 9073.15 manat əsas borc, 453.65 manat dəbbə pulu olmaqla, cəmi 9526.80 (doqquz min beş yüz iyirmi altı manat səksən qəpik) manat pul məbləği, həmçinin dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 115 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov