Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5343/2023 27.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyul 2023-cü il tarixli, 539979 saylı və 1 iyun 2023-cü il tarixli, 916484 saylı Elektron qaimələr üzrə meydana gələn əsassız 5725 manat (may ayı üçün) və 1145 manat (iyun ayı üçün) borcun silinməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 iyul 2023-cü il tarixli, 539979 saylı və 1 iyun 2023-cü il tarixli, 916484 saylı Elektron qaimələrə əsasən İddiaçı MMC-nin cari ilin may ayı üçün 5725 manat, iyun ayı üçün 1145 manat pul vəsaitinin Cavabdeh ASC-nə borclu olduğu qeyd edilmişdir. Tərəflər arasında 20 dekabr 2018-ci il tarixdə S-3331/18 saylı müqavilə bağlanılmışdır. Sözgedən borcun yaranma əsasları qeyri-qanunidir. Belə ki, həmin borcun yaranma səbələri Azərsu ASC tərəfindən əsaslandırılmamışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan RespublikasıQanunun 30-cu maddəsinə əsasən (1-ci hissə) Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, MMC-də smart sayğacdır. Smart sayğac olaraq cavabdeh tərəfindən borcun hesablanması mümkün deyil. Üstəlik, yoxlamaya dair akt belə nə tərtib olunub, nə də iddiaçıya təqdim olunmayıb. Yalnız iki ədəd laboratoriya rəyi var. Və laboratoriya rəyi 5 iyunda tərtib olunmasına baxmayaraq, Azərsu ASC tərəfindən borc məbləği 1 iyun 2023-cü il tarixə hesablanıb. Buradan da görünür ki, laboratoriya rəyi çıxmamışdan öncə cavabdeh tərəfindən borcun hesablanması tamamilə qanunsuzdur. Hətta həmin rəylərdə belə iddiaçının hər-hansı təqsiri belə müəyyən olunmamışdır.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Azərsu ASC-nin əməkdaşları tərəfindən may ayı tarixində obyektə baxış keçirilərkən sayğacda elektron hissə ilə mexaniki hissənin göstəriciləri arasında fərqin olduğu müəyyən edilmişdir və dəymiş ziyan məbləği hesablanmışdır. Mexaniki hissə işlək olduğu halda elektron hissədə nasazlıq yaranmışdır. Smart sayğac olsa da, nasazlıq baş verdikdə mexaniki hissə dayanmır və su ötürülməyə davam edir. Əməkdaşlar həmin məbləği mexaniki hissənin göstəricilərinə əsasən hesablamışlar. Yoxlamanın dövlət reyestrində qeydə alınıb-alınmadığı barədə məlumatının olmadığını bildirmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
1. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
2. İşdən göründüyü kimi iddiaçı cavabdeh ASC tərəfidən qeyri-yaşayış sahəsində aparılan yoxlama zamanı tərtib olunmuş akta görə dəymiş zərər kimi hesablanmış borcun silinməsini məhkəmədə mübahisələndirmişdir.
3. İddiaçı MMC ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, S- 3331/18 saylı müqaviləyə əsasən:
4. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən razılaşdırılmış yerdə və texniki şərtə və layihəyə uyğun qaydada və ərazidə sayğac quraşdırır, sifarişçi isə sayğacın və göstərilən xidmətin dəyərini ödəməyi öz öhdəsinə götürür. Sayğacın və göstərilən xidmətlərin dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində alqı-satqı predmetinin siyahısının və qiymətinin razılaşdırılmasına dair protokolda öz əksini tapır.
5. xx.xx.2023-cü il tarixli, EBDG916484 saylı elektron qaiməyə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə 5752 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDJ539979 saylı elektron qaiməyə əsasən isə 1145 manat dəyərində kommunal borc hesablanmışdır.
6. Abonent haqqında məlumatlardan görünür ki, abonent İddiaçı MMC-nin sudan istifadəyə görə may ayı üçün 5725 manat və iyun ayı üçün 1145 manat borc hesablanmışdır.
7. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 47023/0261292 saylı rəyinə əsasən İddiaçı MMC-yə məxsus sayğac xx.xx.2023-cü il tarixdə çıxarıldığı və suölçən cihaza xx.xx.2023-cü il tarixdə istismara yararsız olduğu rəyi verildiyi qeyd olunmuşdur.
8. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 47023/0261683 saylı rəyinə əsasən İddiaçı MMC-yə məxsus sayğac xx.xx.2023-cü il tarixdə çıxarıldığı və suölçən cihaza xx.xx.2023-cü il tarixdə istismara yararlı olduğu rəyi verildiyi qeyd olunmuşdur.
9. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
10. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
11. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixli, EBDG916484 saylı elektron qaiməyə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə 5752 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDJ539979 saylı elektron qaiməyə əsasən isə 1145 manat dəyərində kommunal borc hesablanmışdır.
12. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh ASC mübahisəli borcun hesablanması üçün İddiaçı MMC-nin təqsirinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir.
13. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
16. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
17. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
18. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
20. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
21. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
22. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
23. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
24. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.
25. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
26. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya xx.xx.2023-cü il tarixli, EBDG916484 saylı elektron qaiməyə üzrə 5752 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDJ539979 saylı elektron qaiməyə üzrə 1145 manat dəyərində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia qismən yəni 7316,20 manata borcun silinməsi hissəsində qismən təmin edilməli.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, EBDG916484 saylı elektron qaiməyə üzrə 5752 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDJ539979 saylı elektron qaiməyə üzrə 1145 manat məbləğində hesablanmış borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova