Məhkəmə qərarları › İş №e-2-2(113)-5418/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5418/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5418/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: abunə müqaviləsi, borcun ödənilməsi, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 128,17 manat xidmət haqqının, ödənilmiş 30 manat mediasiya xərcinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2016-cı il tarixli, AZF-S B-LLE/xx-xx-2016/CS saylı “abunə” müqaviləsinə əsasən iddiaçı cavabdehi nömrələr ilə təmin edir, açıq rabitə xidməti ayırır və xidmətlərin göstərilməsini təmin edir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, yaranmış 128,17 manat borcu bu günə kimi ödəməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.9, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı əqdin mübahisələndirilməsinə dair iddianı verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini buraxmışdır.İddiaçı Cəmiyyət öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən üç il ərzində irəli sürülə bilən müqavilə tələbləri üzrə iddia tələbini 3 illik iddia müddətinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC (əvvəlki "xxxx" MMC) arasında imzalanmış xx.xx.2016-cı il tarixli, AZF-SB-LLE/xx-xx-2016/CS saylı abunə müqaviləsinə əsasən iddiçı cavabdehi nömrələr ilə təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir, cavabdeh isə öz növbəsində bu müqavilə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətləri istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. İlk vaxtlarda hazırkı iddia üzrə cavabdeh təqdim edilmiş 2 ədəd nömrədən (***-***-**-**; ***-***-**-**) istifadə edib, həmin mobil nömrələr üzrə vaxtlı-vaxtlında ödənişləri icra etmişdir. Bir müddət sonra həmin nömrələri istifadə edən şirkət əməkdaşları işdən azad edildiklərinə görə və şirkət tərəfindən nömrələrin istifadəsinə ehtiyac qalmadığından, faktiki istifadəsinə verilmiş əməkdaşlara təqdim edilmişdir. Bundan sonra həmin əməkdaşlar mübahisə predmeti olan nömrələri "xxxx" MMC razılıq ərizəsinə əsasən öz adlarına keçirərək istifadə etmişlər. Məhkəmə prosesi barədə məlumat aldıqdan sonra ***-***-**-** və ***-***-**-** nömrələrin hazırki vəziyyətini öyrənmək üçün NAR mobile (İddiaçı MMC) ilə əlaqə saxlanılmışdır. ***-***-**-** nömrəsi ilə bağlı NAR mobile-dən bildirilmişdir ki, həmin nömrə 2018-ci il tarixindən fiziki şəxsin adına keçirilmişdir və hal-hazıradək həmin fiziki şəxsin istifadəsindədir. ***-***-**-** nömrəsi ilə bağlı xx.xx.2024-cü il tarixində saat 13:30 radələrində NAR mobile (İddiaçı MMC) operatoru ilə əlaqə saxlanılmışdır. Oradan bildirişmişdir ki, həmin nömrə ümumiyyətlə aktiv deyil. Mobil operatorlarla olan bütün danışıqlar qeydiyyata alınır. Buna görə də əgər əsaslandığı faktların doğruluğunu yoxlamağa ehtiyac yaranarsa, məhkəmə mobil operatorundan danışıqların alınması üçün sorğu ilə müraciət edə bilər. Bundan başqa, həmin nömrələrin şirkət tərəfindən istifadə edildiyi müddət ərzində İddiaçı MMC tərəfindən hesab fakturalar, elektron qaimələr təqdim edilmiş, "xxxx" MMC həmin sənədlər üzrə ödənişləri icra etmişdir. Lakin uzun müddətdir ki, "xxxx" MMC-yə İddiaçı MMC-dən hər hansı bir ödəniş sənədi, elektron qaimələr daxil olmamışdır. Bu da o deməkdir ki, İddiaçı MMC bu iddianı qaldırarkən işin hallarını dəqiq araşdırmamışdır. Belə olan halda, Cavabdeh MMC (əvvəlki "xxxx" MMC) istifadə etmədiyi bir tarif üçün hər hansı bir məsuliyyət daşımır. Göründüyü kimi, iddiaçı tərəf heç bir hüquqi əsası olmayan fərziyələri rəhbər tutub, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi mübahisələndirilən xx.xx.2016-cı il tarixli, AZF-SB-LLE/xx-xx-2016/CS saylı Abunə müqaviləsi xx.xx.2016-cı ildə imzalanmış, iddiaçının istinad etdiyi və onun mövqeyinə əsasən hüquqlarını pozan və iddia ərizəsinə əsasən müqavilənin istinad etdiyi hallar ona ən gec 2018-ci ildə artıq məlum olmuşdur. İddiaçı yaranmış hal üzrə mülki hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbini yalnız yuxarıda göstərilmiş halının ona məlum olmasında təqribən 6 il sonra irəli sürmüşdür. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi iddiaçı müqavilə tələblərinə dair iddianı verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini buraxmışdır. Belə ki, iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən üç il ərzində irəli sürülə bilən müqavilə tələblərinə dair ümumi müddətə nisbətən qısaldılmış xüsusi iddia müddətləri tətbiq edilən iddiası 3 illik iddia müddətinə riayət edilmədən verilmişdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlaşdırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: İddiaçı MMC və Cavabdeh MMC arasında 14 iyul 2016-cı il tarixində AZF-SB- LLE/xx-xx-2016/CS saylı abunə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı siyahısı bu Müqaviləyə 1 saylı Əlavədə müəyyən edilən Nömrəni (Nömrələri) təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini Abunəçiyə təmin edir, Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq Tarif Planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan Xidmətlərdən istifadə edir və Xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Müqavilənin 5.1-ci bəndinə əsasən abunəçiyə Tarif Planına uyğun olaraq onun istifadəsində olan Xidmətlərə görə hesab-faktura təqdim olunur. Abunəçi hesab-faktura aldıqda, ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesab-fakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu Müqavilənin şərtlərinin kobud şəkildə pozulması hesab edilir. xx.xx.2024-cü il tarixli hesab-faktura sənədindən görünür ki, Cavabdeh MMC-yə 128,17 manat məbləğində qalıq borc hesablanmışdır. xx.xx.2016-cı il tarixli təminat məktubundan görünür ki, "xxxx" MMC tərəfindən “Grey” tarif əsasında Limiti 30 manat müəyyən edilmiş “**********” və “**********” Simkart nömrə üzrə təyin edilmiş müddət ərzində ödənişlərin edilməsinə zəmanət verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Vergi ödəyicisinin tarixçəsi məlumatlarından görünür ki, "xxxx" MMC-nin adı xx.xx.2024-cü il tarixində dəyişdirilərək Cavabdeh MMC kimi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, işin hallarından görünür ki, tərəflər arasında 14 iyul 2016-cı il tarixində abunə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə İddiaçı MMC Cavabdeh MMC-yə mobil rabitə xidmətlərinin göstərilməsini, Cavabdeh MMC isə danışıq haqqının vaxtında ödənilməsini təmin etmək öhdəliyini üzərinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, borcun yaranması tərəflər arasında 14 iyul 2016-cı il tarixində AZF-SB-LLE/xx-xx-2016/CS saylı abunə müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni abunə haqqının ödənilməməsindən irəli gəlir. Bundan əlavə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış abunə müqaviləsi üzrə cavabdehə cəmi 128,17 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız hesab faktura əlavə edilmiş, həmin hesab fakturaya əsasən cavabdehin iddiaçıya olan borcu cəmi 128,17 manat qeyd edilmişdir. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesab fakturada borcun hansı nömrələr üzrə, hansı müddətdə və nəyə görə yaranması, ödənişin hansı müddətdən ödənilmədiyi qeyd edilməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin 128,17 manat borcu olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, hətta, cavabdehin 14 iyul 2016-cı il tarixində AZF-SB-LLE/xx-xx- 2016/CS saylı abunə müqaviləsi üzrə borcu yaranmış olsa belə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış abunə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin müqavilə üzrə xidmətlərin göstərilməsinə dair sənədlər işə əlavə edildiyindən məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Bununla belə məhkəmə iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Çünki tərəflər arasında imzalanmış abunə müqaviləsinin 5.1-ci bəndində abunəçiyə xidmətlərə görə hesab-faktura təqdim olunması, abunəçinin hesab-fakturanı aldıqda, ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcluğu qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş hesab-fakturada hazırkı borcun hansı tarixdən yaranması, hansı dövrü əhatə etməsi və hansı müddətdə ödəniş edilməli olması qeyd olunmadığından, cavabdeh tərəfindən öhdəliyin hansı tarixdən etibarən icra edilməli olmasını müəyyən etmək mümkün olmur. Tərəflər arasında imzalanmış abunə müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli təminat məktubunun təqdim edilməsindən sonra cavabdeh tərəfindən hər ay ödənişlərin edilməsi öhdəliyinin yaranması əsas götürüldükdə, öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2016-cı il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmış hesab edilməlidir. Bundan sonra isə cavabdeh tərəfindən borcun etirafı ilə bağlı hər hansı hərəkətlər edilməmiş və həmin tarixdən də üç il müddət keçmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən xx.xx.2016-cı il tarixli müqavilə üzrə iddia müddətinin başlanğıcı xx.xx.2016-cı il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni müqaviləyə əsasən borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia müddəti keçdiyinə görə də iddia təmin edilməməlidir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar