Məhkəmə qərarları › İş №e-2-2(113)-5422/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5422/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5422/2024 22.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: abunə müqaviləsi, borcun ödənilməsi, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASCdən 101,40 manat xidmət haqqının, ödənilmiş 30 manat mediasiya xərcinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli, AZF-S BLLE/xx-xx-2016/KA saylı “abunə” müqaviləsinə əsasən iddiaçı cavabdehi nömrələr ilə təmin edir, açıq rabitə xə5i ayırır və xidmətlərin göstərilməsini təmin edir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, yaranmış101,40 manat (yüz bir manat qırx qəpik) borcu bu günə kimi ödəməmişdir. Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.3, 442, 443.9, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 mülahizədə qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilən Müqavilənin 1 saylı əlavəsində nömrələr deyil, tarif planı qeyd edilməktədir, nömrələrin siyahısı 2 saylı əlavədə əks olunmuşdur. Həmin siyahıda 5 SİM Kart nömrənin cavabdehə təhvil verilməsi qeyd edilmişdir. Bununla yanaşı iddia ərizəsinə əlavə edilmiş imzasız, möhürsüz və mötəbərliyi şübhə altında olan xx.xx.2024-cü il tarixli Hesab/İnvoicedakı 8 sətirli cədvəldə 7 mobil nömrə və bu nömrələrdən güya istifadəsinə görə yaranmış borclar əks olunmuşdur. Hesab/İnvoicedəki cədvəlin 2-ci və 4-cü sətirlərində göstərilən ********* və ********* nömrələri göründüyü kimi cavabdehə təhvil verilməmiş, 7-ci sətirdə isə əks olunan 65 manat borc hansı mobil nömrənin istifadəsi nəticəsində yaranmışdır ümumiyyətlə bəlli deyildir. Eyni zamanda Hesab/İnvoice da göstərilən xx.xx.2024 tarixi sənədin tərtib edilmə tarixidir yoxsa borcun yaranma tarixidir müəyyən etmək mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən iki vergi ödəyicisi arasında olan münasibətlər nəticəsində yaranmış borc məbləği elektron qaimə-faktura əsasında ödənilməlidir. Lakin iddiaçı tərəfindən bu günə qədər elektron qaimə faktura təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilən EAAİ seriyalı, 950316 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimədə göstərilmiş 2756,48 manat məbləğ xx.xx.2018-ci il tarxində cavabdeh tərəfindən tamamilə ödənilmiş və bu tarixdən sonra iddiaçının xidmətlərindən ümumiyyətlə istifadə edilməmişdir. Sonda o, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilən EAAİ seriyalı, 950316 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimədə göstərilmiş 2756,48 manat məbləğ xx.xx.2018-ci il tarxində cavabdeh tərəfindən tamamilə ödənilmiş və bu tarixdən sonra iddiaçının xidmətlərindən ümumiyyətlə istifadə edilməmişdir. İddiaçı isə qeyd edilən qaimənin təqdim edildiyi və borcun yarandığı iddia edilən tarixdən 6 il sonra məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə məhkəməyə iddia qaldırmaq müddətini ötürmüşdür. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: İddiaçı MMC və "xxxx" ASC arasında xx.xx.2016-cı il tarixində AZF-SB LLE/xx-xx- 2016/KA saylı abunə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı siyahısı bu Müqaviləyə 1 saylı Əlavədə müəyyən edilən Nömrəni (Nömrələri) təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini Abunəçiyə təmin edir, Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq Tarif Planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan Xidmətlərdən istifadə edir və Xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Müqavilənin 5.2-ci abunəçiyə Tarif Planına uyğun olaraq onun istifadəsində olan Xidmətlərə görə hesab-faktura təqdim olunur. Abunəçi hesab-faktura aldıqda, ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesab-fakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu Müqavilənin şərtlərinin kobud şəkildə pozulması hesab edilir. AZF-SB LLE/xx-xx-2016/KA saylı abunə müqaviləsinə 29 noyabr 2016-cı il tarixli 2 saylı Əlavəyə əsasən 3G+Data Postpaid tarif əsasında Limiti 10 manat müəyyən edilmiş “**********”, “**********”, “**********”, “**********”, “**********” Simkart nömrələr "xxxx" ASC tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli hesab-faktura sənədindən görünür ki, "xxxx" ASC-yə 101,40 manat məbləğində qalıq borc hesablanmışdır. EAAİ seriyalı 950316 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaiməyə əsasən 2756,48 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli 01 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 2336 manat ödəniş edilmişdir. xx.xx.2018-ci il tarixli 02 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 420,48 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında mübahisə xx.xx.2016-cı il tarixində abunə müqaviləsi üzrə yaranmışdır. Bundan əlavə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfi dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış abunə müqaviləsi üzrə cavabdehə cəmi 101,40 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız hesab faktura əlavə edilmiş, həmin hesab fakturaya əsasən cavabdehin iddiaçıya olan borcu cəmi 101,40 manat qeyd edilmişdir. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesab fakturada borcun hansı nömrələr üzrə, hansı müddətdə və nəyə görə yaranması qeyd edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən müqavilə üzrə cavabdehə göstərilmiş xidmətlərlə bağlı təqdim edilmiş xx.xx.2018-ci il tarixli elektron qaimə üzrə 2756,48 manat məbləğ cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində tam ödənilmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin 101,40 manat borcu olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, hətta, cavabdehin xx.xx.2016-cı il tarixli abunə müqaviləsi üzrə borcu yaranmış olsa belə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış abunə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin müqavilə üzrə xidmətlərin göstərilməsinə dair sənədlər işə əlavə edildiyindən məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Bununla belə məhkəmə iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Çünki iddiaçı tərəfindən hazırkı borcun hansı tarixdən yaranması, hansı dövrü əhatə etməsi və hansı müddətdə ödəniş edilməli olması barədə sübutlar təqdim edilməmişdir. Buna görə də tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış abunə müqaviləsi üzrə ödənişlərin hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl ödənilməsi nəzərə alınmaqla həmin müqavilə üzrə cavabdehə sonuncu təqdim edilmiş elektron qaimənin tarixindən sonrakı ay olması əsas götürülərək öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bundan sonra cavabdeh tərəfindən borcun etirafı ilə bağlı hər hansı hərəkətlər edilməmiş və həmin tarixdən də üç il müddət keçmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən xx.xx.2016-cı il tarixdə bağlanmış abunə müqaviləsi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni müqaviləyə əsasən borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia müddəti keçdiyinə görə də iddia təmin edilməməlidir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödəniş iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar