Məhkəmə qərarları › İş №e-2-2(113)-5430/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5430/2025

07.11.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5430/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: korporativ mübahisə, nizamnamə kapitalının artırılması, əldən çıxmış fayda) X3 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və Vəkil2 iştirakları ilə, İddiaçı şirkətinin Cavabdeh MMC-yə qarşı pulun qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nizamnamə kapitalında iştirak məqsədilə iddiaçı tərəfindən cavabdehə 27 dekabr 2023-cü il tarixində ödənilən 50.000 ABŞ dolları, 02 fevral 2024-cü il tarixində isə ödənilən 30.000 ABŞ dolları olmaqla, ümumilikdə 80.000 ABŞ dolları əsas borcun; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilən qaydada iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi 7.25 faizlik bank uçot dərəcəsi əsasında hər iki məbləğ üzrə ümumi 5.140 manat (3600 manat + 1540 manat) faiz məbləğinin; hüquqi xidmətlər üzrə 6.800 manat (4000 ABŞ dolları) eləcə də, iddiaçı tərəfindən ödənilmiş 437,94 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şirkəti ilə Cavabdeh MMC arasında mövcud olan razılaşmaya əsasən iddiaçı cavabdehin nizamnamə kapitalında iştirak hüququ əldə etməli və müvafiq qaydada nizamnamə kapitalının ödənilməsi həyata keçirilməli idi, hansı ki, bu razılaşma daha sonra Cavabdeh MMC-nin iştirakçılarının 18 dekabr 2023-cü il tarixli X2 ilə təsdiqlənmiş və razılaşdırılmışdır. X2nda, həmçinin cavabdehin nizamnamə kapitalının 250.000 USD miqdarına artırılması, həmin payların 50 faizinin (125.000 USD) iddiaçıya ötürülməsi və X2nın icrasının cavabdehin digər təsisçisi Musaev Namiqə həvalə olunması qərara alınmışdır. Tərəflər arasındakı razılaşmaya müvafiq olaraq, iddiaçı nizamnamə kapitalının özünə məxsus hissəsinin ödənilməsi məqsədilə 27 dekabr 2023-cü il tarixində 50.000 USD, 2 fevral 2024-cü il tarixində isə 30.000 USD olmaqla iki dəfə cavabdehə ödənişlər həyata keçirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən prosesin rəsmiləşdirilməsi üçün heç bir real addım atılmamış, nəticədə iddiaçının cavabdehin nizamnamə kapitalında iştirakının dövlət qeydiyyatı bugünə qədər icra olunmamış olaraq qalmışdır. Məhz, cavabdeh tərəfindən prosesin həyata keçirilməsi istiqamətində heç bir lazımi tədbirlərin aparılmaması iddiaçınin qalan 45.000 ABŞ dolları məbləğində ödənişi həyata keçirməkdən imtina etməsinə səbəb olmuşdur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90.4, 449.1 və 1091.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh tərəf xx.xx.2025-ciil tarixdə məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı öz ərizəsində qeyd edir ki, tərəflər arasındakı razılaşmaya müvafiq olaraq, iddiaçı nizamnamə kapitalının özünə məxsus hissəsinin ödənilməsi məqsədilə 27 dekabr 2023- cü il tarixində 50.000 (ə li min) USD, 2 fevral 2024cü il tarixində isə 30.000 (otuz min) USD olmaqla iki dəfə cavabdehə ödənişlər həyata keçirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən prosesin rəsmiləşdirilməsi üçün heç bir real addım atılmamış, nəticədə ərizəçinin cavabdehin nizamnamə kapitalında iştirakının dövlət qeydiyyatı bugünə qədər icra olunmamış olaraq qalmışdır. Məhz, cavabdeh tərəfindən prosesin həyata keçirilməsi istiqamətində heç bir lazımı tədbirlərin aparılmaması ərizəçinin qalan 45.000 (qırx beş min) ABŞ dolları məbləğində ödənişi həyata keçirməkdən imtina etməsinə səbəb olmuşdur. Lakin, bildirilməlidir ki, hələ xx.xx.2022 tarixdə verilmiş çıxarışa əsasən, “İddiaçı” şirkəti Cavabdeh MMC-də 50% təsis payına malikdir. Tərəf öz ərizəsində bildirir ki, 80000 USD və 30000 USD pul köçürmələri etmişdir, halbuki, bu rəqəm təsis paylarının ötürülməsi üçün təqdim edilmiş razılaşmaya əsasən, 125.000 USD olmuşdur. Göründüyü kimi İddiaçı şirkətinin nümayəndəsi məlumatların doğruluğunu təmin etməmişdir. Verilmiş pullar heç bir formada əsassız varlanma üçün əsas deyil, çünkü faktiki olaraq söhbət iddiaçının öhdəsinə götürdüyü, gələcəkdə Nizamnamə kapitalının artırılması məqsədi üçün etdiyi ödənişlərdən gedir. Daha sonra, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddianın hüquqi əsasının dəyişdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunan və məhkəməyə təqdim olunmasından əvvəl iddiaçıdan gizli saxlanılan sənədlərə müvafiq olaraq iddiaçının, yəni “İddiaçı” şirkətinin Cavabdeh MMCnin 18 dekabr 2023-cü il tarixli Ümumi yığıncağın tarixinə artıq payçı olduğu barədə hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2022-ci tarixli çıxarış təqdim olunmuşdur və 15 oktyabr 2025-ci il tarixli iclasda cavabdehin vəkil və nümayəndəsi öz çıxışında bu çıxarışın işin mahiyyətinə təsir etməsini vurğulamışdı. Belə olan halda, yeni açılmış faktlar əsasında yuxarıda qeyd olunanlar iddianın tələb hissəsinə təsir etməsə də, iddianın hüquqi əsasının yenilənməsində zərurət yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90.7-ci maddəsinə əsasən: Bu Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir.....Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir.... Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır. Məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi nizamnamə kapitalının artırılması baş tutmamışdır. Belə olan halda AR MM 90.7-ci maddəsi cavabdehin üzərinə iki öhdəliyi qoyur: 1) mayaların geri qaytarılması və 2) bu əməliyyatı ağlabatan müddət ərzində həyata keçirilməsini. a) Mayaların geri qaytarılması: MM 90.7-ci maddəsinin son cümləsi imperativ, yəni icrası məcbur olan öhdəlik müəyyən edir. Nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət iştirakçıların əlavə mayalarını geri qaytarmalıdır. Bu qaydadan hər hansı istisna hal müəyyən olunmayıb. Nizamnamə kapitalının artırılması baş tutmamasının səbəbindən asılı olmayaraq ödənilmiş maya geri qaytarılmalıdır. Yəni, Cəmiyyət məhkəmə zalında da vəsaiti qaytarmayacağını bildirməsi birbaşa MM-nin yuxarıda qeyd olunan maddəsinin pozulmasıdır. b) Bu əməliyyatı ağlabatan müddət ərzində həyata keçirilməsi. Məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi xx.xx.2023-cü il tarixli X2 qəbul edilmiş, İddiaçı həmin qərara uyğun olaraq 27 dekabr 2023-cü il tarixində 50.000 (əlli min) USD, 2 fevral 2024-cü il tarixində isə 30.000 (otuz min) USD olmaqla iki dəfə cavabdehə ödənişlər həyata keçirmişdir. Yəni Qərarın tarixindən 1 il 10 ay, sonuncu ödənişdən isə 1 il 7 ay keçib. İddiaçı, cavabdeh və digər payçılar arasında dəfələrlə danışıqlar aparılıb, pretenziya göndərilib və danışıqlar nəticəsində cəmiyyətin maliyyə durumunu, iddiaçıdan məlumatları və sənədlərin gizlədilməsini, hal-hazırda demək olar ki, iflas vəziyyətdə olmasını, iddiaçı tərəfindən qoyulmuş sərmayələr əvəzinə heç bir gəlir əldə etməyəcəyi açıq-aşkar bəllidir. Buna ən sadə sübut məhkəməyə təqdim olunmuş anbarında olan bütün malların satılması barədə elektron qaimə fakturadır. Yəni, Cəmiyyət və onun digər təsisçisi Namiq Musayevlə əlbir olub xarici investoru aldadaraq, hal-hazırda Cəmiyyətin anbarında olan bütün malları satıb, vəsaiti isə mənimsəmək niyyətindədirlər və bu azmış kimi hələ iddiaçıdan əlavə olaraq 45 000 ABŞ dolların ödənilməsini də tələb edirlər. Digər sözlərlə 1il 7 ay kifayət qədər uzun müddətdir ki, bizə Cavabdeh tərəfindən ağlabatanlıq prinsipinin pozulması və cavabdehin pulunu ümumən qaytarmaq niyyətində olmaması aydın olsun. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək nizamnamə kapitalının artırılmasının müstəsna hüquq olduğunu, qarşı tərəfin isə bunu öhdəlik kimi qiymətləndirdiyini bildirmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etmədiklərini, təsisçilərin müstəsna hüququnun olduğunu, korporativ hüququn isə özü-özlüyündə öhdəlik yaratdığını, tərəflər arasında qəbul olunmuş qərara əsasən nizanamə kapitalının artırılmalı olduğunu, hər iki tərəfin öz paylarını çatışmazlıqlarla artırdığını, qeydiyyatın nəticəsinin baş verməməsinin birbaşa iddiaçı və digər təsisçinin təqsiri ucbatından olduğunu, tələb olunan vəsaitin şirkətin bank hesabına daxil olarkən şirkətin fəaliyyətinə yönəldilmiş pullar kimi göründüyünü, şirkətin özündə qanunsuz olaraq saxlanılmadığını, üçüncü şəxslərin və ya digər şəxslərin varlanmasına səbəb olmadığını, iddianın əsasının olmadığını, burada əsassız varlanmanın yaranması üçün əsas olmadığını qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir. Bundan əlavə, 449.1-ci maddəyə əsaslanaraq tələb olunan məbləğlə bağlı qeyd etmişdir ki, qanunsuz saxlama əsası yoxdur. Tədqiq olunan sübutlar İş materiallarında olan: 18 dekabr 2023-cü il tarixli, 01 nömrəli "Gardabani Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 qərarının 1-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 250.000 ABŞ dolları məbləğində elan edilsin. Cəmiyyətin ödənilmiş 10 manat nizamnamə kapitalı ABŞ dolları ilə 5,88 uçota alınsın. (2-ci bənd). Cəmiyyətin nizamnamə kapitalı pul şəklində əlavə maya qoyuluşu vasitəsi ilə 249.994,12 ABŞ dolları məbləğində artırılsın. (3-cü bənd). Cəmiyyətin əlavə maya qoyuluşu hesabına nizamnamə kapitalı 250.000 manata çatdırılsın və hər biri 5 ABŞ dollar olmaqla 50.000 paydan ibarət olsun. (4-cü bənd). İştirakçıların mayalarının məbləği aşağıdakı qaydada və nisbətdə bölüşdürülsün: Musaev Namig- nizamnamə kapitalının 25.000 pay və ya 50%-i və ya 125000 ABŞ dolları; "İddiaçı." MMC - nizamnamə kapitalının 25000 pay və ya 50%-i və ya 125000 ABŞ dolları. (5-ci bənd). Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilsin. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin (nizamnaməyə dəyişiklik, ərizə, etibarnamə) hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi Cəmiyyətin təsisçisi Namiqə həvalə edilsin.(7-ci bənd). İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, **********035800 nömrəli çıxarışa əsasən "Gardabani Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 10 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Musayev Namiq (Gürcüstan) – 50 %, İddiaçı MMC (İtaliya Respublikası)- 50 % təşkil edir. 27 dekabr 2023-cü il tarixli ödəniş sənədindən görünür ki, “İddiaçı” şirkəti tərəfindən "Gardabani Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 50% səhm kapitalı (50% share capital) üzrə 50.000 USD, 02 fevral 2024-cü il tarixli ödəniş sənədinə əsasən isə 30.000 USD ödəniş həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 437,94 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xərcinin əvəzi olaraq 4.000 USD (6.800 manat) məbləğində pul ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 90.2. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. Maddə 90.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin cəmiyyətin nizamnamə kapitalında payla əvəzləşdirməsi yolu ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyətin nizamnamə kapitalındakı payla əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə iştirak payı ilə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə maya qoyulması hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır. Maddə 90.5. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. Maddə 90.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur. Maddə 90.7. Bu Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir. Ərizədə mayaların məbləği və tərkibi, onların qoyulma qaydası və müddəti, iştirakçının və ya üçüncü şəxsin nizamnamə kapitalında malik olmaq istədikləri mayaların məbləği göstərilir. Ərizədə mayaların qoyulmasının və cəmiyyətə daxil olmanın digər şərtləri də göstərilə bilər. Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir. Ümumi yığıncaq üçüncü şəxsin ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarla yanaşı üçüncü şəxsin cəmiyyətə qəbul edilməsi, onun mayasının nominal dəyərinin müəyyən edilməsi və iştirakçıların mayalarının məbləğlərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul edilən üçüncü şəxsin mayasının nominal dəyəri onun payının dəyərinin məbləğinə bərabər və ya ondan az olmalıdır. Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.... Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0.8-ci maddəsinə əsasən iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının: 2.2-ci bəndinə əsasən xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. 2.4-ci bəndinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. 2.10-cu bəndinə əsasən məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə hazırki iş üzrə tərəflərdən birinin xarici hüquqi şəxs olduğunu nəzərə alaraq, işə baxılması ilə əlaqədar məhkəmənin beynəlxalq səlahiyyətə malik olubolmamadığını aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının 2.10-cu bəndində qeyd olunanlara uyğun olaraq hesab edir ki, iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldiyindən Mülki Prosessual Məcəllənin 443.0.8-ci maddəsinə əsasən hazırkı işə baxmaq üçün Bakı Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətlidir. Tədqiq olunmuş sübutlar əsasında işin mübahisəsiz halları ondan ibarətdir ki, 18 dekabr 2023 tarixli X2 ilə Cavabdeh MMC-nin nizamnamə kapitalının 250.000 ABŞ dollarınadək artırılması, həmin kapitalın 50 %-nin (125.000 ABŞ dolları) iddiaçıya, 50 %nin (125.000 ABŞ dolları) digər təsisçi Namig Musayevə məxsus olması və qərarın icrasının cavabdehin digər təsisçisi Musayev Namiqə həvalə edilməsi qərara alınmış, İddiaçı. şirkəti tərəfindən Cavabdeh MMC-nin hesabına 27 dekabr 2023-cü il və 02 fevral 2024-cü il tarixlərdə cəmi 80.000 ABŞ dolları məbləğində pul köçürülmüş, İddiaçı. şirkəti xx.xx.2022-ci il tarixli, **********035800 nömrəli çıxarışa əsasən Cavabdeh MMC-də 50 % pay hüququna malik olmuşdur. Hazırda iddiaçı nizamnamə kapitalının artırılması üçün ödədiyi 80000 ABŞ dolları pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, cavabdeh isə etiraz edərək nizamnamə kapitalının artırılması üçün iddiaçı tərəfindən qalan 45000 ABŞ dolları vəsaitin ödənilmədiyini, öhdəliyini tam icra etmədiyini bildirərək iddianı rədd etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin təsisçiləri, İddiaçı. şirkəti və Namig Musayev nizamnamə kapitalının 250000 ABŞ dolları məbləğində artırılması barədə ümumi yığıncaqda qərar qəbul etsələr də, bununla bağlı müddət müəyyən etməmişlər. Lakin bununla belə məhkəmə hesab edir ki, nizamnamə kapitalının artırılması üçün müddətin müəyyən olunmaması təsisçilərin qeyri-müəyyən müddətdə nizamnamə kapitalını artırması üçün lazım olan pul vəsaitini hissə-hissə ödənişlər etməsi üçün əsas kimi qəbulə edilə bilməz. Çünki Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi, hətta müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, nizamnamə kapitalının artırılması üçün müddət nəzərdə tutulmadıqda ən geci 3 ay ərzində nizamnamə kapitalı artırılmalı, əks halda nizamnamə kapitalının artırılması baş tutmamış hesab olunmalıdır. Hazırkı işin faktiki hallarından görünür ki, İddiaçı. şirkəti xx.xx.2023-cü il tarixli ümumi yığıncağın qərarından sonra 2 ay ərzində 80000 ABŞ dolları ödəsə də, qalan 45.000 manatı, digər təsisçi Namig Musayev isə 125000 ABŞ dollarını ümumiyyətlə ödəməmiş, 1 ildən çox müddət keçməsinə baxmayaraq nizamnamə kapitalının artırılması baş tutmamışdır. Belə olan halda isə Mülki Məcəllənin 90.6 və 90.7-ci maddələrinin tələbləri baxımından cavabdeh ağlabatan müddətdə iddiaçının əlavə maya kimi ödədiyi 80000 ABŞ dolları pul vəsaitini müvafiq olaraq geri qaytarmalı idi. Lakin cavabdeh iddiaçının əlavə maya olaraq ödədiyi 80000 ABŞ dolları vəsaiti özündə saxlayaraq xərclərinə sərf etməklə iddiaçının hesabına əsassız varlanmışdır. Buna görə də iddiaçının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən cavabdehdən hüquqi əsas olmadan, yəni sonradan aradan qalxmış əsasa görə, əldə etdiyi 80000 ABŞ dolları vəsaiti geri tələb etmək hüququ var və onun tələbi haqlıdır. Odur ki, qanunvericilik normalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 80000 ABŞ dolları pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında nizamnamə kapitalının artırılması ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Bundan başqa məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 5.140 manat (3600 manat + 1540 manat) faiz məbləğinin tutulması tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir. Ona görə də, iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə, iddiaçının hüquqi yardım üçün ödənilmiş 6.800 manat (4.000 ABŞ dolları) pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 6800 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin, MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 437.94 manatın 426 manat əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 80000 (səksən min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş vəsaitin 1000 (min) manatının və ödənilmiş dövlət rüsumunun 426 (dörd yüz iyirmi altı) manatının əvəzi tutularaq İddiaçı şirkətinin xeyrinə ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar