Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5447/2023 22.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 4080 manat məbləğində borc, ödənişin gecikdirilməsinə görə 272 manat məbləğində faiz, 60 manat məbləğində mediasiya xərci və 200 manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında olan razılaşmaya əsasən İddiaçı MMC cavabdeh tərəfindən daşınması üçün ona həvalə edilmiş yükü Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşımışdır. İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımınca icra edərək ona həvalə edilmiş yükləri daşıyaraq cavabdehə təhvil vermiş və daşıma haqqının ödənilməsi üçün müvafiq sənədləri cavabdehə təqdim etmişdir. Lakin daşıma haqqının ödənilməsi üçün müvafiq sənədlərin cavabehə təqdim edilməsindən kifayət qədər uzun müddət keçməsinə baxmayaraq cavabeh bu günə qədər üzərinə düşən öhdəliklərini icra etməyərək daşıma haqqını ödəməmişdir. Hazırda cavabehin İddiaçı MMC-yə qeyd olunan müqavilə üzrə ümumilikdə 4080 manat məbləğində borcu vardır. Lakin buna baxmayaraq cavabeh bu günə qədər gösrətilmiş daşıma xidmətinə görə yaranmış 4080 manat məbləğində borcunu ödəməmişdir və belə görünür ki, ödəmək niyyətində də deyil. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh bu günə qədər borcunu ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borcunu ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC (daşıyıcı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 05 yanvar 2022ci il tarixli #FLM-FƏR/22-01 saylı yük daşınması müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən "Daşıyıcı" "Sifarişçi" tərəfindən ona həvalə edilmiş yükləri Tərəflər arasında razılaşdırılmış təyinat məntəqəsinə çatdırmağı və "Sifarişçi" tərəfindən təyin edilmiş şəxsə verməyi, "Sifarişçi" isə "Daşıyıcı"nın haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə həyata keçiriləcək daşımaların qiyməti Tərəflər arasında qarşılıqlı şəkildə imzalanaraq hazırki Müqaviləyə əlavə edilmiş sənəddə göstərilən marşrutlar üzrə müəyyən edilmiş qiymətlər əsas götürülməklə (daşıma sifariş olunan zaman tərəflərin qarşılıqlı razılığı ilə) müəyyən ediləcək və "Daşıyıcı"nın təqdim etdiyi hesab-fakturaya əsasən ödəniləcək. 3.3-cü bəndinə əsasən ödəniş nəğd və ya köçürmə yolu ilə icra edilir. 3.4-cü bəndinə əsasən yükləmədən sonra "Daşıyıcı" "Sifarişçi"yə hesab-faktura və təhvil-təslim aktı göndərir və belə hesab-faktura və akt "Sifarişçi" tərəfindən təhvil alındığı andan etibarən 3 (üç) təqvim günü ərzində Müqavilə üzrə ödəniş həyata keçirilir. 7.2-ci bəndinə əsasən bu müqavilə 05 yanvar 2022-ci il tarixindən qüvvəyə minir və 31 dekabr 2025-ci il tarixə qədər qüvvədədir. Müqavilə daşıyıcının imzası və möhürü, sifarişçinin imzası ilə təsdiq edilmişdir. EBBT seriyalı, 531188 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 05 yanvar 2022-ci il tarixli #FLM-FƏR/22-01 saylı müqaviləyə əsasən 22780 manat dəyərində yük daşıma xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh elektron sistem vasitəsi ilə göndərilmişdir. EBBV seriyalı, 855651 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 05 yanvar 2022-ci il tarixli #FLM-FƏR/22-01 saylı müqaviləyə əsasən 9350 manat dəyərində yük daşıma xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh elektron sistem vasitəsi ilə göndərilmişdir. EBBX seriyalı, 178203nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 05 yanvar 2022-ci il tarixli #FLM-FƏR/22-01 saylı müqaviləyə əsasən 4080 manat dəyərində yük daşıma xidmətlərinin göstərilməsinə görə (Çin-Bakı, Azərbaycan (X2) konteyner nömrə:MCCU209124-2) elektron qaimə tərtib edilərək Cavabdeh elektron sistem vasitəsi ilə göndərilmişdir. 05655 saylı yol qaiməsindən görünür ki, X2 Co LTD-dən Farid Aliyevə (Bakı şəhəri, Salatın Əsgərova 37) MCCU209124 nömrəli yük konteyneri göndərilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli **********/386821015 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 05 yanvar 2022-ci il tarixli #FLM-FƏR/22-01 saylı müqaviləyə əsasən EBBT seriyalı, 531188 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 22720 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli **********/424354647 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, EBBV seriyalı, 855651 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 9350 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 229OPX1232420C32 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən 9 saylı Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə pretenziya məktubu ilə Cavabdeh müraciət edilərək müqavilədə nəzərdə tutulmuş xidmətlərə görə xidmət haqqının 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 05 yanvar 2022-ci il tarixli #FLM-FƏR/22-01 saylı yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə yük daşınma xidmətləri göstərmişdir. Cavabdeh tərəfindən ödənilməsini tələb etdiyi daşınma xidmərlərinin icra edilməsi faktı iddiaçı tərəfindən təqdim edilmiş yol qaiməsi və elektron qaimə ilə öz təsdiqini tapır. Cavabdeh isə iddiaçı tərəfindən göstərilmiş yük daşınma xidmətlərinin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 4080 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Belə olan halda məhkəmə cavabdehin 05 yanvar 2022-ci il tarixli #FLM-FƏR/22-01 saylı yük daşınması müqaviləsinə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 4080 manat məbləğində pul vəsaitini - ödəməməklə həmin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh 05 yanvar 2022-ci il tarixli #FLM-FƏR/22-01 saylı yük daşınması müqaviləsi üzrə 4080 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4080 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 272 məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh yük daşınması müqaviləsinə əsasən iddiaçı tərəfindən göstərilmiş yük daşıma xidmətlərinin dəyərinin ödənilməsini xx.xx.2022-ci il tarixdə göndərilmiş EBBX seriyalı, 178203 nömrəli elektron qaimə üzrə təxminən 1 il 4 aydan artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 1 il 4 aylıq üçün 272 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, iddia qiyməti 4352 manat olan iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 63,52 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun kəsiri olan 3,52 manat pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4080 manat məbləğində əsas borc, 272 manat məbləğində faiz, cəmi 4352 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun kəsiri olaraq 3,52 manat pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5447/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5447/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver