Məhkəmə qərarları › İş №e-2-2(113)-5498/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5498/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5498/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, mediasiya xərci) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 98 manat ödənilməmiş borc məbləğinin, 20 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 01 sentyabr 2018-ci il tarixli, AZT/2018/307 saylı “rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilənin 2 saylı qoşmasında verilmiş forma əsasındar abitə xidmətlərini göstərməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 98 manat ödənilməmiş borcu qalmışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə Cavabdeh MMC arasına rabitə xidmətlərinin göstərilməsinı dair bağlanmış xx.xx.2018-ci il tarixli AZRT/2018/307 saylı müqaviləyə əsasən:

5. Müqavilənin 1.1-ci bəndinə əsasən Azərtelekom bu müqavilənin 2 saylı qoşmasıda verilmiş forma əsasında hazırlanmış sifarişçinin yazılı xidmət sifarişlərinə əsasən sifarişçiyə SİP xidmətlərin ayrılması vasitəsi ilə rabitə xidmətlərini göstərəcək sifarişçi isə həmin xidmətə görəbu müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəyəcək.

6. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmət sifarişləri hər iki tərəfdən imzalanır və təqdim edilən SİP nömrələrini, xidmətin müddətini, ödənilməli xidmət haqqını, texniki paramaetləri və tərəflərin həmin tapşırıq üçün zəruri saydığı digər şərtləri özündə əks etdirir.

7. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmət üçün sabit aylıq xidmt haqqı və tətbiq edilirsə, quraşdırma haqqı 1 saylı qoşmada verilmiş tarif planına əsasən hesablanır və tərəflər arasında imzalanan xidmət sifarişlərində göstərilir. Tam olmayan ay üçün xidmət haqqı xidmətdən istifadə edildiyi günlərin sayına mütənasib olaraq azaldılır.

8. Müqavilənin 3.4-cü bəndinə əsasən aylıq xidmət haqqının hesablanması xidmətin hazır olduğunu təsdiq edən kommeriya aktı sifarişçiyə təqdim edildikdən sonra başlayır.

9. Müqavilənin 3.7-ci bəndinə əsasən Aztelekom aylıq fakturanı hər təqvim ayının sonundan etibarən 7 iş günü ərzində qarşılıqlı şəkildə imzalanmış aylıq təhvil-təslim aktı əsasında təqdim edir.

10. Müqavilənin 3.8-ci bəndinə əsasən ödəniş “Aztelekom” tərəfindən faktuanın təqdim edilməsindən sonra sifarişçi tərəfindən 10 iş günü ərzində edilməlidir.

11. Rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə xx.xx.2018-ci il tarixli 2 saylı Qoşma-Xidmət sifarişi formasından görünür ki, Cavabdeh MMC tərəfindən 1 SİP nömrə, 5 SİP kanallar sifariş verilmiş. Aylıq ödəmə ƏDV daxil 24.5 manat müəyyən edilmişdir.

12. xx.xx.2019-cu il tarixli AZRT-201907005 saylı invoysa əsasən müqavilə üzrə göstərilən xidmətlərə görə Cavabdeh MMC-nin xx.xx.2018-xx.xx.2019 dövr üzrə borcu 98 manat təşkil etmişdir.

13. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

14. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

15. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasına rabitə xidmətlərinin göstərilməsinı dair bağlanmış xx.xx.2018-ci il tarixli AZRT/2018/307 saylı müqaviləyə əsasən:

16. Müqavilənin 1.1-ci bəndinə əsasən Azərtelekom bu müqavilənin 2 saylı qoşmasıda verilmiş forma əsasında hazırlanmış sifarişçinin yazılı xidmət sifarişlərinə əsasən sifarişçiyə SİP xidmətlərin ayrılması vasitəsi ilə rabitə xidmətlərini göstərəcək sifarişçi isə həmin xidmətə görə bu müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəyəcəyini öhdəsinə götürmüş, lakin göstərilən xidmətlərin müqabilində cavabdeh tərəfindən xidmət haqqı tam ödənilməmişdir.

17. Beləliklə, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Göründüyü kimi, tərəflər arasında xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

23. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər icra edilmiş və göstərilmiş xidmətlər müqabilində xidmət haqqının ödənilməsinin tələb etmə hüququ yaranmışdır.

24. Bundan əlavə xidmətin göstərilməsinə dair sübut qismində iddiaçı elektron invoys təqdim etmişdir.

25. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Beləliklə, iddiaçı tərəfindən göstərilmiş xidmət işdə olan sənədlərlə sübuta yetirildiyindən həmin xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 20 manat məbləğində mediasiya xərcləri və 10 manat dövlət rüsumu ödənilmişdir.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat və dövlət rüsumu qismində ödənilmiş 10 manat məbləğində pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV.Nəticə:

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, AZRT/2018/307 nömrəli alqı-satqı müqaviləsi üzrə 98 manat (doxsan səkkiz) manat əsas borc məbləği və mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar