Məhkəmə qərarları › İş №e-2-2(113)-551/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-551/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-551/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəlikləri, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli əməkdaşlıq müqaviləsi üzrə 11788 manat borcun, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 854,63 (səkkiz yüz əlli dörd manat altmış üç qəpik) manat faiz olmaqla, cəmi 12642,63 (on iki min altı yüz qırx iki manat altmış üç qəpik) manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,93 (bir yüz iyirimi yeddi manat doxsan üç qəpik) manat vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra -Bank; İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra - cavabdeh) arasında xx.xx.2023-cü il tarixdə “Birbank” mobil tətbiqində “Extra cashback” kateqoriyası üzrə tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı birdəfəlik ödəniş əməliyyatlarını həyata keçirən müştərilərə “Extra cashback” kampaniyasının aktiv olduğu dövr (xx.xx.2023-xx.xx.2023-cü il) ərzində bank tərəfindən emissiya edilmiş müvafiq kartlar vasitəsilə nağdsız ödəniş əməliyyatları üzrə (tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı) kart istifadəçisinə “Cashback” ödənilməsi ilə bağlı yaranan münasibətlərin tənzimlənməsi ilə əlaqədar əməkdaşlıq müqaviləsi bağlanmışdır. Tərəflər müqavilə ilə üzərlərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürmüş, lakin tərəfdaş Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu səbəbdən İddiaçı ASC-yə 11788 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmış və ödəniş etməməsinin səbəbi barədə banka heç bir məlumat verməmişdir. Müqavilənin 4.1-ci bəndi aşağıdakı redaksiyadadır: Kart istifadəçiləri tərəfindən tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı həyata keçirilmiş nağdsız ödəniş əməliyyatlarına görə kart istifadəçisinə ödənilən “Cashback”in tam məbləği ödəniş əməliyyatı anında bank tərəfindən həyata keçirilir. Həmin məbləğin daha sonra tərəfdaşdan tutulma şərtləri və həcmi cədvələ əsasən hesablanır. Müqavliənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə (ziyana) görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri (ziyanı) tam həcmdə ödəməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 442, 443, 448.1, 449.1, 449.4-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddianı müdafiə etdiklərini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 24 noyabr 2023-cü il tarixli, 6785 nömrəli əməkdaşlıq müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilə yalnız “Birbank” mobil tətbiqində “extra cashback” kateqoriyası üzrə tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı birdəfəlik ödəniş əməliyyatlarını həyata keçirən müştərilərə “extra cashback” kampaniyasının aktiv olduğu dövr xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında bank tərəfindən emissiya edilmiş müvafiq kartlar vasitəsilə nağdsız ödəniş əməliyyatları üzrə kart istifadəçisinə “cashback” ödənilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəfdaş müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən tərəfdaş müştərilər tərəfindən aparılmış müvafiq əməliyyatlar üzrə 10% həcmində “cashback”ə dair üzləşdirmə aktı aylıq olaraq bank tərəfindən tərtib edilərək tərəfdaşa göndəriləcək. Göndərilmiş üzləşdirmə aktı bank və tərəfdaş tərəfindən təsdiq edildikdən sonra, həmin akta əsasən tərəfdaş 15 gün ərzində məbləği banka ödəyir və ya müvafiq məbləğ onun bankdakı hesablarından akseptsiz qaydada tutulur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən kart istifadəçisinə ödəniləcək maksimum “cashback” məbləği 50 manat məbləğində nəzərdə tutulmuşdur. Bank bu məbləği birtərəfli qaydada səyişmək hüququnu özündə saxlayır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktının məzmunundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, 6785 nömrəli müqaviləyə əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixlər aralığı üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə qeyd edilən aralıq üzrə ödəməli olduğu 10% cashback məbləği 5061,5 manat təşkil edir.

8. İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktının məzmunundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, 6785 nömrəli müqaviləyə əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixlər aralığı üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə qeyd edilən aralıq üzrə ödəməli olduğu 10% cashback məbləği 11788 manat təşkil edir.

9. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 2024/111/16288 nömrəli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1977 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında olan bank çıxarış məlumatları, üzləşmə aktlarına, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən MMC üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək sistemə daxil edilmiş əməliyyatların cəmi 50610,5 manat, həmin məbləğı müqavilə şərtlərinə əsasən 10% cashback, yəni 5061,5 manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək sistemə daxil edilmiş əməliyyatların cəmi 67260,5 manat, həmin məbləğə müqavilə şərtlərinə əsasən 10% cashback, yəni 6726,05 manat hesablanmalı olduğu müəyyən edilir. Yəni, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əməkdaşlıq müqaviləsi üzrə cavabdehin iddiaçı banka olan cəmi borcu 11788,55 manat məbləğində olduğu müəyyən edilir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

13. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 24 noyabr 2023-cü il tarixli, 6785 nömrəli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilə Cavabdeh MMC-nin “Birbank” mobil tətbiqində “extra cashback” kateqoriyası üzrə təqdim etdiyi xidmətlərlə bağlı birdəfəlik ödəniş əməliyyatlarını həyata keçirən müştərilərə “extra cashback” kampaniyasının aktiv olduğu dövr xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında bank tərəfindən emissiya edilmiş müvafiq kartlar vasitəsilə nağdsız ödəniş əməliyyatları üzrə kart istifadəçisinə “cashback” ödənilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

14. İddia tələbini Cavabdeh MMC-dən 24 noyabr 2023-ci il tarixli, 6785 nömrəli əməkdaşlıq müqaviləsi üzrə 11788 manat əsas, 854,63 manat faiz borcunun tutulması təşkil edir.

15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində tam təmin edilməli və Cavabdeh MMC-dən 11788 (on bir min yeddi yüz səksən səkkiz) manat borc məbləği tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Əsas borcun tutulması ilə bağlı hazırkı nəticəyə gələrkən MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1977 saylı ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək sistemə daxil edilmiş əməliyyatlar üzrə ödənilməli olan cashback 5061,5 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək isə 6726,05 manat olmaqla, ümumilikdə 11788,55 manat təşkil edir.

16. İddiaçının MM-nin 449-cu maddəsinə əsasən faiz borcunun tutulması ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, qeyd olunan maddənin tələblərindən göründüyü kimi, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Hazırkı halda isə cavabdehin pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

17. Eləcə də, iddiaçı 127,93 manat məbləğində dövlət rüsumunun cavabdehdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

18. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 119,30 manat (yüz on doqquz manat otuz qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 11788 (on bir min yeddi yüz səkəsn səkkiz) manat borc, ödənilmiş dövlət rüsumununa görə 119,30 manat (yüz on doqquz manat otuz qəpik) olmaqla, ümumilikdə 11907,30 manat (on bir min doqquz yüz yeddi manat otuz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar