Məhkəmə qərarları › İş №e-2-2(113)-5514/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5514/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5514/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2711,05 manat əsas borcun, 6727,18 manat cərimə borcu olmaqla, cəmi 9438,23 manat pul məbləğinin və 115 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh2 arasında 15 may 2023-cü il tarixli, № 20230515/ATL/LB/001 saylı xidmət müqaviləsi bağlanmış və müqavilə üzrə olan öhdəliklər tərəfindən yerinə yetirilmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında 3840,90 manat ödənilməyən borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Müqavilənin 3.2-ci maddəsində qeyd olunmuşdur ki, sifarişçi tərəfindən edilən bütün ödənişlər icraçının hesab fakturası verildiyi tarixdən etibarən 7 bank günü ərzində icraçının hesab fakturasında göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Müqavilənin 3.5-ci maddəsində qeyd olunmuşdur ki, sifarişçi tərəfindən bu müqavilə üzrə etdiyi ödənişlərin gecikdirilmiş hər günü üçün sifarişçi tərəfindən sifariş olunmuş xidmətlərin dəyərinin 0,5% miqdarında cərimə tətbiq edilə bilər. Müqavilə şərtlərini pozduğuna görə cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləğləri aşağıdakı kimidir: əsas borc – 2711,05 manat; xx.xx.2025-ci il tarixinə hesablanmış cərimə - 6727,18 manat, cəmi – 9438,23 manat. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1, 462.1, 462.3-cü maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “İcraçı” İddiaçı MMC ilə “Sifarişçi” Cavabdeh2 arasında bağlanmış 15 may 2023-cü il tarixli, № 20230515/ATL/LB/001 saylı xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də qeyd olunan iş(lər)in və onların nəticələrinin icraçı tərəfindən icra edilib sifarişçiyə təhvil verilməsindən, sifarişçi tərəfindən isə bu müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə Xidmət(lər)in qəbul edilib dəyərinin icraçıya ödənilməsindən ibarətdir. 1.3-cü bəndə əsasən hər bir xidmətin adı, miqdarı, ölçüləri, qiyməti və digər texniki göstəriciləri Əlavə ilə müəyyən olunur. 3.2-ci bəndə əsasən sifarişçi tərəfindən edilən bütün ödənişlər icraçının hesab-fakturası verildiyi tarixdən etibarən 30 bank günü ərzində icraçının hesab-fakturasında göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Sifarişçi hesab-fakturalarının ödənişini Azərbaycan manatı ilə həyata keçirməlidir. Bütün ödənişlər hər iki tərəfin təhvil-təslim aktını imzaladıqdan sonra həyata keçirilir. Xidmətlərin təhvil-təslim aktının imzalanması xidmətlərin icra olunması faktını və tarixini bildirir. 3.5-ci bəndə əsasən "Sifarişçi” tərəfindən bu Müqavilə üzrə etdiyi ödənişlərin gecikdirilmiş hər günü üçün "İcraçı" tərəfindən ona müvafiq hesab-faktura üzrə ödəniləcək ümümi məbləğinin 0,5% miqdarında cərimə tətbiq edilə bilər. 15 May 2023-cü il tarixli “15 may 2023-cü il tarixli 20230515/ATL/LB/001 No-li Xidmət Müqaviləsinə” Əlavə № 001 ilə 01 ədəd dartma testinin dəyəri 80.50 manat, 01 ədəd bükmə testinin dəyəri 59.30 manat, 19 Sentyabr 2023-cü il tarixli “15 may 2023-cü il tarixli 20230515/ATL/LB/001 №-li Xidmət Müqaviləsinə” Əlavə N002 (qiymət razılaşdırma protokolu) ilə 01 ədəd Makroskopik təsvirin dəyəri 115.30 manat, 01 ədəd Bərklik ölçmə xidmətinin dəyəri 101.70 manat, 10 Oktyabr 2023-cü il tarixli “15 may 2023-cü il tarixli 20230515/ATL/LB/001 №-li Xidmət Müqaviləsinə” Əlavə N 003 ilə 1 Set/dəst (3 pc/ədəd) 20°C-0°C Rəqqaslı Kapyorun dəyəri 114.40 manat razılaşdırılmış, əlavələr hər iki şəxsin imzası ilə təsdiq olunmuşdur. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, 1862/24 saylı hesab-fakturaya əsasən ƏDV daxil 594,96 manat, xx.xx.2023-cü il tarixli, 1479/23 saylı hesab-fakturaya əsasən ƏDV daxil 1176,34 manat, xx.xx.2023-cü il tarixli, 1480/23 saylı hesab-fakturaya əsasən ƏDV daxil 939,40 manat məbləğində xidmət göstərilmişdir. Həmçinin, hesab-fakturalarda qeyd olunan xidmətlərlə bağlı cavabdehə EBDP seriyalı, 853964 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 1176,34 manat, EBEB seriyalı, 375511 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 594,96 manat, EBDP seriyalı, 854492 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 939,75 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. xx.xx.2023-cü il tarixli 04 nömrəli akta əsasən 06 ədəd Macroscope (Makroskopik) və 03 ədəd Hardness test (bərklik testi), xx.xx.2023-cü il tarixli 05 nömrəli akta əsasən 04 ədəd Tensile test (Dartma test) və 08 ədəd Bending test (Bükmə testi), xx.xx.2023-cü il tarixli, 06 nömrəli akta əsasən 02 ədəd Tensile test (Dartma test) və 03 dəst Charpy İmpact at 0°C-(-20°C) 20°C-0°C Rəqqaslı Kapyor testlər Cavabdeh2 təhvil verilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış 24 aprel 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh2 tərəfindən borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. 08 iyul 2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 115 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 463. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan hazırkı xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış 15 may 2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd olunan işləri və onların nəticələrini icra edib cavabdehə təhvil verməyi, cavabdeh isə bu müqavilə və Əlavələr ilə nəzərdə tutulmuş qaydada və məbləğdə xidmətləri qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, müqavilədə nəzərdə tutulmuş xidmətlər iddiaçı tərəfindən göstərilsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin göstərdiyi xidməti qəbul etsə də, şərtləşdirilmiş 2711,05 manat xidmət haqqını ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (müqavilə, təhvil-təslim aktları, elektron qaimələr, hesabfakturalar) öz təsdiqini tapmış, cavabdeh məhkəmə iclaslarından məlumatlı olduğu halda iddiaya qarşı heç bir etiraz etməmiş və tələbi mübahisələndirməmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə, qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil alınan xidmətlərə görə xidmət haqqı ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 2711,05 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iddiaçı cavabdehdən gecikdirlimiş əsas borcdan əlavə, tərəflər arasında imzalanmış 15 may 2023-cü il tarixli, № 20230515/ATL/LB/001 saylı müqavilənin 3.5-ci bəndinə və Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən 6727,18 manat məbləğində cərimə tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 135 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 115 manat dövlət rüsumunun 48,46 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 2711,05 manat əsas borc, 135 manat cərimə məbləği olmaqla ümumilikdə 2846 ( iki min səkkiz yüz qırx altı) manat 5 (beş) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 48 (qırx səkkiz) manat 46 (qırx altı) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar