Məhkəmə qərarları › İş №e-2-2(113)-5519/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5519/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5519/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası) X5 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, cavabdehin nümayəndəsi Okumuş İrfanın iştirakı ilə, iddiaçı “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "X1" MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X1" MMC-dən müqavilə üzrə göstərilən xidmətlər üçün 24839 manat, vəkilə ödənilmiş 2000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındaki Filialı ilə sifarişçi Cavabdeh arasında xx.xx.2023cü il tarixində xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilən işləri görməyi icraçı, işlərə görə pulu ödəməyi isə sifarişçi öhdəsinə götürüb. Lakin, sifarişçi tərəfindən müqavilə ilə üzərinə düşən öhdəlik tam icra edilməmiş, 5 ədəd təhvil-təslim aktında göstərilən xidmət haqları xidmət göstərilməsinə baxmayaraq ödənilməmişdir. Bu aylar üçün ödənilməmiş məbləğ isə ƏDV daxil 24839 manat təşkil etmişdir. Sifarişçidən xidmət göstərilməsi haqqında müqavilə və onda nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə ödənilməmiş məbləğ isə 24839 manat vəsaitin icraçıya ödənilməsi xahiş olunmuş, lakin cavabdeh hərəkətsizlik etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385, 386.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qismən qəbul etdiyini bildirib məhkəmənin suallarına cavab olaraq müqavilə üzrə 24839 manat əsas borc məbləğindən 8000 manat ödəniş etdiyini, ƏDV borcundan ödəniş etmədiyini, ödənişləri etdikdən sonra qəbzləri qarşı tərəfə göndərdiyini, 8000 manat ödənişi nağd qaydada iddiaçının işçilərinə verdiyini, əlində M10-dan ödəniş qəbzlərinin olduğunu, sübutların məhkəməyə gec təqdim edilməsinə dair üzrlü səbəblərinin olmadığını qeyd etmişdir. Sonda o, iddianın qismən 16839 manat hissəsində təmin olunmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında imzalanmış il xx.xx.2023-cü il tarixli xidmət göstərilməsi haqqında müqavilənin predmetindən görünür ki, icraçı, sifarişçinin müəyyən edilmiş Mərkəzi Bank layihəsində görüləcək olan aylıq geodeziya komandası bir komanda bir topoqraf ve avadanlıq sifarişçiyə təhvil verməyi, sifarişçi isə bu işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini icraçıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə işlərin haqqı hər bir komanda üçün aylıq 3.000 manat (ƏDV xaric) təşkil edir. 2.2-ci bəndinə əsasən müqavilə məbləğinin 100%-i müqavilə üzrə işlər sifarişçiyə tam təhvil verildikdən sonra 10 bank günü ərzində "Sifarişçi" tərəfindən köçürmə yolu ilə "İcraçı"-ya ödənilir. 2.3-cü bəndə əsasən icraçı Əlavə 1-də müəyyən olunan qaydada işlər başa çatdırıldıqdan sonra sifarişçiyə işlərin qəbuluna dair təhvil-təslim aktı göndərir. Sifarişçi təhvil-təslim aktını aldığı tarixdən 10 iş günü ərzində təhvil-təslim aktını imzalamalı və yaxud icraçıya işlərin keyfiyyətinə dair əsaslandırılmış yazılı etiraz göndərməlidir. Sifarişçi təhvil-təslim aktını aldığı tarixdən 10 iş günü ərzində icraçıya işlərin keyfiyyətinə dair əsaslandırılmış yazılı etiraz göndərməzsə, işlər sifarişçi tərəfindən qəbul olunmuş, təhvil-təslim aktı təsdiqlənmiş hesab olunur. xx.xx.2024-cü il tarixli 01 saylı təhvil-təslim aktından müəyyən olunur ki, xx.xx.2023cü il tarixli, № UDG-TRZ 002 nömrəli müqaviləyə əsasən “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən "X1" MMC-yə 1.200 manat əsas, 216 manat ƏDV olmaqla, cəmi 1.416 manat dəyərində topoqrafiya xidmətləri göstərilmiş, "X1" MMC-dən İrfan Okumuş adlı şəxs həmin aktı imzası ilə təsdiq etməklə xidmətləri təhvil almışdır. xx.xx.2024-cü il tarixli 02 saylı təhvil-təslim aktından müəyyən olunur ki, xx.xx.2023cü il tarixli, № UDG-TRZ 002 nömrəli müqaviləyə əsasən “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən "X1" MMC-yə 5.250 manat əsas, 945 manat ƏDV olmaqla, cəmi 6.195 manat dəyərində topoqrafiya xidmətləri göstərilmiş, "X1" MMC-dən İrfan Okumuş adlı şəxs həmin aktı imzası ilə təsdiq etməklə xidmətləri təhvil almışdır. xx.xx.2025-ci il tarixli 03 saylı təhvil-təslim aktından müəyyən olunur ki, xx.xx.2023cü il tarixli, № UDG-TRZ 002 nömrəli müqaviləyə əsasən “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən "X1" MMC-yə 5.250 manat əsas, 945 manat ƏDV olmaqla, cəmi 6.195 manat dəyərində topoqrafiya xidmətləri göstərilmiş, "X1" MMC-dən İrfan Okumuş adlı şəxs həmin aktı imzası ilə təsdiq etməklə xidmətləri təhvil almışdır. xx.xx.2025-ci il tarixli 04 saylı təhvil-təslim aktından müəyyən olunur ki, xx.xx.2023cü il tarixli, № UDG-TRZ 002 nömrəli müqaviləyə əsasən “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən "X1" MMC-yə 3.500 manat əsas, 630 manat ƏDV olmaqla, cəmi 4.130 manat dəyərində topoqrafiya xidmətləri göstərilmiş, "X1" MMC-dən İrfan Okumuş adlı şəxs həmin aktı imzası ilə təsdiq etməklə xidmətləri təhvil almışdır. xx.xx.2025-ci il tarixli 05 saylı təhvil-təslim aktından müəyyən olunur ki, xx.xx.2023cü il tarixli, № UDG-TRZ 002 nömrəli müqaviləyə əsasən “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən "X1" MMC-yə 5.850 manat əsas, 1.053 manat ƏDV olmaqla, cəmi 6.903 manat dəyərində topoqrafiya xidmətləri göstərilmiş, "X1" MMC-dən İrfan Okumuş adlı şəxs həmin aktı imzası ilə təsdiq etməklə xidmətləri təhvil almışdır. Borclar barədə üzləşmə aktı cədvəlindən də görünür ki, "X1" MMC-nin əsas borc üzrə 21.050 manat, ƏDV borcu üzrə 3.789 manat olmaqla, cəmi 24.839 manat borcu vardır. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən dövlət büdcəsinə 165 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli, **********63 nömrəli ödəmə qəbzindən görünür ki, “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən hüquqi yardım üzrə xidmət haqqının əvəzi olaraq 2.000 manat məbləğində pul “X3 Partnyorları” Vəkil Bürosunun hesabına köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqavilələri üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan hazırkı xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı, cavabdehin müəyyən edilmiş Mərkəzi Bank layihəsində görüləcək olan aylıq geodeziya komandası bir komanda bir topoqraf ve avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə bu işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, müqavilədə nəzərdə tutulmuş tooqrafiya xidmətləri iddiaçı tərəfindən göstərilsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya tam ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin göstərdiyi xidməti qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqının 24839 manat hissəsini ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (müqavilə, təhvil-təslim aktları, elektron qaimələr, üzləşmə aktı) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək 24839 manat iddia tələbinin 8000 manatını ödədiyini bildirsə də, bu barədə vaxtında məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi 2 dəfə təyin edilmiş məhkəmənin hazırlıq iclasında sübutların təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmiş, buna görə də 2-ci dəfə təyin edilmiş məhkəmə baxış iclasında sübutlar qəbul olunmamışdır. Həmçinin cavabdehin nümayəndəsi etdiyi ödənişləri iddiaçının işçilərinə ödədiyini bildirmişdir ki, belə olan halda həmin ödənişlərin hazırkı müqavilə üzrə borca görə ödənildiyi, yoxsa başqa öhdəlik üzrə ödənildiyi sual yaradır. Göründüyü kimi cavabdehin nümayəndəsi etirazının əsasın təşkil edən halları sübut edə bilməmiş, ödənişi təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın qismən əsaslı olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə, qanunvericilik normalarını, müqavilənin şərtlərini, iddiaçı tərəfindən cavabdehə topoqrafiya xidmətlərinin göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə ümumilikdə, müqavilə üzrə 24839 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, cavabdeh tərəfindən hər hansı ödəniş sənədinin məhkəməyə təqdim olunmadığını, tələbin haqlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi tam əsaslıdır, buna görə də 24839 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 165 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə vəkilə ödənilmiş 2000 manat məbləğində hüquqi yardım xərci ilə bağlı AR MPM-nin 121-ci maddəsinin tələbini rəhbər tutaraq qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan 2000 manat məbləğində pul göstərilən hüquqi yardım üzrə ağlabatan olmadığından vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 24839 (iyirmi dörd min səkkiz otuz doqquz) manat məbləğində pul vəsaiti, ödənilmiş 165 (yüz altmış beş) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş vəsaitin 500 (beş yüz) manatının əvəzi tutularaq iddiaçı “X2 X4 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar