Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-552/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli xidmət müqaviləsinin ləğv edilməsi, 24300 manat məbləğində pulun, 200 manat məbləğində mediasiya xərcinin və 800 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli xidmət müqaviləsinə əsasən cavabdeh “Kəklikotu 2” və “Qış nağılı” adlı filmlərin çəkilişində aktyor kimi iştirak etmək haqqında öhdəlik götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən qeyd edilən iki filmdə aktyor kimi çəkilməyə görə cavabdehə ümumilikdə 48600 manat məbləğində pul ödənilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilə bağlanan zaman həmin məbləğin 24300 manat məbləğində hissəsi avans şəklində cavabdehə ödənilmişdir. Lakin “Qış nağılı” adlı filmin çəkilişinə hazırlıq başlayarkən cavabdeh başqa bir filmin çəkilişi ilə bağlı“Qış nağılı” filminə çəkilə bilməyəcəyini bildirdi. Buna görə də onlar məcbur qalaraq cavabdehin əvəzinə həmin filmdə onun ifa edəcəyi rola başqa bir aktyoru dəvət etmişlər. Beləliklə də cavabdeh aralarında bağlanmış 18 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə öhdəliyini pozaraq “Qış nağılı” adlı filmə çəkilməmişdir. Lakin cavabdehin 18 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə öhdəliyini icra etməməsinə baxmayaraq onlar yenə də cavabdehlə əməkdaşlığı davam etdirmişlər. Belə ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli xidmət müqaviləsinə əsasən cavabdeh “Ofis işi” adlı serialda baş rola çəkilməyi öhdəsinə götürmüşdü. Lakin “Ofis işi” adlı serialın çəkilişi dövründə də cavabdeh yenə də aralarında bağlanmış 23 oktyabr 2019-cu il tarixli xidmət müqavilənin şərtlərini kobud və əhəmiyyətli şəkildə pozaraq öz öhdəliklərini lazımi şəkildə icra etməməklə serialın çəkilişində böyük problemlər yaratmışdır. Belə ki, cavabdeh çəkilişlərə vaxtında gəlməmiş və ya gəlməkdən imtina edirdi ki, bu da bütün çəkiliş prossesinin ləngiməsinə, digər aktyorların boş dayanmasına və əlavə xərclərin yaranmasına səbəb olmuşdur. Həmçinin cavabdeh müqavilə şərtlərini pozaraq müqavilədə nəzərdə tutulandan artıq ödəniş tələb edir və əgər onun istədiyi məbləğ ödənilməsə çəkilişə gəlməyəcəyini bildirmişdir. Bütün bunlar cavabdehin etibarsız tərəfdaş və öz öhdəliklərinə tamamilə laqeyd yanaşan şəxs olmasını açıq-aşkar surətdə təsdiq edir. Bundan sonra iddiaçı “Kəklikotu 2” filmində də cavabdehin eyni qaydada hərəkət edəcəyindən əmin olduqları üçün 18 yanvar 2019-cu il tarixli xidmət müqaviləsinin ləğv edilməsi və ödənilmiş avansın geri qaytarılması ilə bağlı cavabehə müraciət etmişlər. Lakin cavabdeh avans kimi ona ödənilmiş 24300 manat məbləğində pulun geri qaytarılmasından imtina etmişdir. Bununla da cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozmuş və o, məcbur qalaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 24300 manat məbləğində zərərin əvəzinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan həmin müqavilənin 3.9-cu bəndinə əsasən, Prodüser Aktyora aşağıda göstərilən iş vaxtı rejimi təmin edir: Filmlərin hazırlıq dövründə -8 (səkkiz) saatlıq iş 1 (bir) saatlıq fasilə ilə, hər 5 (beş) günlük işi üzrə - 2 (iki) istirahət günü; Çəkiliş dövründə - 12 (on iki) saat iş 1 (bir) saatlıq fasilə ilə (tam çəkiliş növbəsi), hər 6 (altı) günlük işi üzrə- 1 (bir) istirahət günü. Göründüyü kimi həmin müqavilə üzrə cavabdeh tərəf iddiaçını tam məşğul etmiş, bununla da iddiaçı ona təklif olunan digər layihələr üzrə çəkilişlərdən imtina etmişdir. Belə ki, müqavilənin müddətinin çəkilişlərin tam qurtardığı müddətə qədər qüvvədə olması şərti o demək deyil ki, qarşılıqlı iddiaçı uzun müddət filmin çəkiləcəyi tarixi gözləməli, bununla da ona təklif olunan layihələrdə çəkilməkdən məhrum olmalıdır. Göründüyü kimi, cavabdeh tərəf icranı özü gecikdirmişdir. İddiaçı ona təklif edilən digər layihələrdən imtina etmək məcburiyyətində qalmış, əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddiaya etiraz edir, rədd edilməsini xahiş edir. Bundan əlavə, izahatında göstərdi ki, cavabdehin ilkin iddiaya münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini cavabdehin iddianı etirafı kimi qiymətləndirir, lakin iddia müddətinin tətbiqi ilə bağlı tələbini tamamilə əsassız hesab edir. Belə ki, iddia müddətinin tətbiqi haqqında ərizə verməklə cavabdeh faktiki olaraq iddianı qəbul etdiyini, lakin müddətin keçməsi səbəbindən həmin iddianın təmin edilməli olmamasını bildirir. Hesab edir ki, AR MM-nin 377.3-cü maddəsi AR MM-nin 427-ci maddəsinin tələbləri baxımından şərh edilməlidir. Həmçinin öhdəliklərin icrası ilə bağlı hər hansı bir müddətin hesablanması zamanı COVİD-19 pandemiyası zaman iddiaçı və cavabdehin fəaliyyətinin dövlət tərəfindən icazə verilən fəaliyyət növü olmamasını da nəzərə almaq vacibdir. AR MM-nin 328.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi şərtlə bağlanmış əqddir. Eyni zamanda AR MM-nin 328.6-cı maddəsinin tələbləri baxımından tərəflər arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi təxirəsalıcı şərtlə bağlanmış əqddir. AR MM-nin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. AR MM-nin 328.6-cı maddəsinə əsasən əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış 18 yanvar 2019- cu il tarixli xidmət müqaviləsinə əsasən tərəflərin hüquq və vəzifələrinin yaranması gələcəkdə gözlənilən naməlum hadisədən asılı edilmişdi. Belə ki, müqavilə bağlanarkən cavabdeh bilirdi ki, “Kəklikotu-2” filminin heç senarisi də yoxdur. Bunu cavabdeh məhkəmə prosesi zamanı verdiyi ifadə ilə də təsdiq etmişdir. Beləliklə də cavabdeh müqaviləni imzalayarkən təxirəsalıcı şərt, yəni “Kəklikotu-2” filminin çəkilişinin qeyri-müyyən gələcəkdə tərəflər üçün naməlum olan bir tarixdə baş verəcəyi və iddiaçının tələbinə əsasən icra etməli olacağı bir öhdəlik olması artıq ona məlum idi. Cavabdeh müqaviləni imzalamaqla yuxarıda sadalananları qəbul etmiş və bununla bağlı öhdəlik götürmüşüdür. Sübutların tədqiqatı zamanı cavabdehin “Qış nağılı” filminin çəkilişindən məlumatlı olduğu, filmin çəkiliş meydançasına gəldiyi və filmə çəkilmək istədiyini bildirməsi işin mübahisəsiz halıdır və hər iki tərəf bu faktı təsdiq etmişdir. Cavabdehin qəbul etmədiyi və işin mübahisəli halı iddiaçının cavabdehi filmə çəkmək istədiyi, lakin cavabdehin başqa şəxs qarşısında öhdəliyinin olması, bu filmdə çəkilərsə böyük məbləğdə cərimə ilə üzləşə biləcəyi və iddiaçının cavabdehi filmə çəkilməsi ilə bağlı xəbərdar etməsi məsələsidir. Cavabdeh məhkəmə prossesi zamanı “Qış nağılı” filminin çəkilişi zamanı başqa heç bir şəxs qarşısında öhdəliyinin olmamasını, “Qış nağılı” filmində çəkilərsə böyük məbləğdə cərimə edilməyəcəyini və həmin vaxt başqa şəxslə bağladığı müqavilənin müddətinin bitməsini əsas gətirmiş, həmin müqaviləni məhkəməyə təqdim edəcəyini bildirmiş və məhkəmə də cavabdehin digər şəxslə olan müqaviləni təqdim etməsini tələb etmişdir. Lakin buna baxmayaraq cavabdeh həmin müqaviləni məhkəməyə təqdim etməmiş və bununla da heç bir şəxs qarşısında öhdəliyinin olmamasını, “Qış nağılı” filmində çəkilərsə böyük məbləğdə cərimə edilməyəcəyini və həmin vaxt başqa şəxslə bağladığı müqavilənin müddətinin bitməsini sübut edə bilməmişdir. Bütün bunlar məhkəmədə iddiaçının qanuni təmsilçisi kimi ifadə vermiş Axundzadə Cəfərin cavabdehi çəkilişə dəvət etdiyini, lakin onun digər başqa şəxs qarşısında öhdəliyinin olması və bu filmdə çəkilərsə böyük məbləğdə cərimə ilə üzləşə biləcəyi ilə bağlı verdiyi ifadənin doğru olduğunu və iddiaçının cavabdehi filmin çəkilişində iştirak etməyə dəvət etməsini, lakin cavabdehin başqa şəxslə olan problemlərini həll edə bilməməsi səbəbindən “Qış nağılı” filmində çəkilməyə gəlməməsini bir daha təsdiq edir. Cavabdeh məhkəmə prossesi zamanı iki fərqli ifadə verərək əvvəlcə COVİD-19 pandemiyası zamanı böyük çətinliklərlə üzləşdiyini və maddi çətinliklər ucbatından hətta bir mənzilini satdığı haqqında ifadə versə də sonrakı ifadəsində COVİD- 19 pandemiyası zamanı işlərinin aktiv şəkildə davam etdirməsi və çəkilişlər aparmasına istinad etmişdir. Lakin sübuta ehtiyac yoxdur ki, həmin dövrdə film və serialların çəkilişi icazə verilən fəaliyyət növlərinin siyahısında yoxdur və olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (covid-19) infeksiyasinin Azərbaycan Respublikasinin ərazisində geniş yayilmasinin qarşisinin alinmasina dair əlavə tədbirlərdə icazə verilən fəaliyyət növlərinin siyahısında film və serialların çəkilişinə icazə verilməmişdir. Həmin dövrdə isə bütün televiziya kanalları ancaq köhnə film və serialları göstərməklə məşğul olmuşdur. AR MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmçinin məhkəmə prossesi zamanı tədqiq edilmiş sübutlarla cavabdeh “Kəklikotu” və “Qış nağılı” filmlərində və “Ofis işi” serialında müqavilə ilə götürdüyü öhdəliklərini icra etməməsi də öz təsdiqini tapmışdır. Cavabdeh qarşılıqlı iddia verərək “Qış nağılı” filmində çəkilmək üçün digər təkliflərdən imtina etməsini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə iddiaçının təqdim etdiyi sübutlardan açıq-aşkar şəkildə görünür ki, cavabdeh aktiv şəkildə film və serialların çəkilişində iştirak etmişdir. Buna görə də qarşılıqlı iddia tamamilə əsassızdır. Hesab edir ki, cavabdehin öz öhdəliklərini icra etməməsi tədqiq edilmiş sübutlarla tam şəkildə sübut edildiyi üçün iddia tam şəkildə təmin edilməli, qarşılıqlı iddia isə tamamilə əsassız olduğu üçün rədd edilməlidir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Axundzadə ilk iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddiaya etiraz edir, rədd edilməsini xahiş edir. Daha sonra göstərdi ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə hər iki filmə görə avans ödənilmiş, (ödənilmiş 25920 manat pulun 24300 manatı avans, qalan hissəsi isə iddiaçının cavabdehə olan borcudur), müqavilədə göstərilmiş filmlərdən biri, yəni “Qış nağılı” filminin çəkilişlərinə tərəflər arasında olan müqavilədən əvvəl başlanılmış, film həcmcə böyük alındığı üçün sonuncu hissəsinə ikinci planlı rolun ifaçısı kimi əvvəlcə başqa aktyor nəzərdə tutulmuş, daha sonra “Şaxtababa” rolunun ifa edilməsi üçün cavabdehlə razılıq əldə edilmiş, lakin cavabdeh həmin filmə çəkilməmiş, onun ifa etməli olduğu rol ümumiyyətlə ssenaridən çıxarılmışdır. Müqavilədə nəzərdə tutulmuş ikinci film olan “Kəklikotu 2” filmi isə ümumiyyətlə çəkilməmiş, həmin filmin çəkilişlərinə ümumiyyətlə başlanılmamış, hazırlıq işləri belə görülməmişdir. Məhkəmə iclasında cavabdeh ilk iddia tələbini qismən, müqavilənin ləğv edilməsi hissəsində qəbul etdiyini, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiyini göstərib qalan hissədə iddia tələblərinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, ona müqavilədə nəzərdə tutulmuş hər iki filmə görə ümumilikdə 24300 manat məbləğində avans ödənilmişdir. Müqavilə bağlanan zaman “Qış nağılı” filminin çəkilişləri davam edirdi, daha sonra ona iddiaçı tərəfindən həmin filmdə onun yer almayacağı, ona ödənilmiş avansın digər filmdə çəkilməsi ilə əvəzləşəcəyi bildirilmişdir. Müqavilədə göstərilən “Kəklikotu 2” filmi isə ümumiyyətlə çəkilməmiş, onun ssenarisi, planı belə mövcud deyildir. Hazırkı müqavilə üzrə onun tərəfindən iddiaçıya ümumiyyətlə hər hansı xidmət göstərilməmiş, səbəbi də odur ki, o, iddiaçıdan film çəkilişlərinə görə uzun müddət dəvət gözləsə də, bu baş verməmişdir. “Qış nağılı” filminin çəkilişləri artıq bitmiş, 2019-cu ilin son aylarında onun rəsmi təqdimatı keçirilmişdir. Həmin filmdə o, çəkilməmiş, ümumiyyətlə həmin filmlə bağlı çəkilişə dəvət belə almamışdır. Belə ki, daha əvvəllər də tərəflərin başqa layihələr üzrə əməkdaşlıqları olmuş, ona bir qayda olaraq filmin rejissoru tərəfindən telefon nömrəsinə çəkilişin baş tutacağı zaman və məkanla bağlı qrafik göndərilmişdir. İddiaçı əvvəlcə ona “Kəklikotu 2” filminin yazda, daha sonra yayda çəkiləcəyini bildirmiş, bu səbəbdən o ona gələn digər təkliflərdən imtina etmiş, həmin filmin çəkilməsini gözləmişdir. Daha sonra artıq filmin çəkilişinin başlanmasının uzanmasını gördükdə, digər layihələrdə iştirak etməyə başlamışdır. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, hazırkı müqavilə üzrə iddiaçının filmə dəvətini gözlədiyi müddət ərzində hər hansı filmə, seriala və sairə çəkilməmiş, hər hansı qazanc əldə etməmiş, ona gələn digər təkliflərdən imtina etmişdir. Ona gələn təkliflər əsasən “Xəzər” və “ATV” telekanallarından gəlmiş, həmin təkliflər şifahi şəkildə edilmiş, bu səbəbdən bu barədə hər hansı sübutu təqdim edə bilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilk iddianın qismən, müqavilənin ləğvi hissəsində təmin edilməsinə etiraz etmədiklərini bildirdi, qalan hissədə iddia tələblərinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İzahatında daha sonra göstərdi ki, ilk iddia əsassız olduğundan təmin edilməməlidir, lakin əsaslı olduğu halda belə, müqavilədə müddət göstərilmədiyi üçün iddia müddətinin axımının xx.xx.2019-cu il tarixdən (müqavilə bağlandığı tarixdən) hesablanmaqla müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi səbəbindən iddia rədd edilməlidir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı cavabdehin müqavilə üzrə öz öhdəliklərini icra etmədiyi, çəkilişlərdən imtina etdiyi halları sübuta yetirilə bilməmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (prodüser) ilə cavabdeh (aktyor) arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli xidmət müqaviləsinə əsasən prodüser “Kəklikotu 2” (baş rolun ifaçısı kimi), “Qış nağılı” (ikinci planlı rolun ifaçısı kimi) adlı filmlərin çəkiliş qrupun tərkibinə aktyor vəzifəyə aktyoru qəbul edir. Müqavilənin 1.2-ci bəndinə əsasən aktyor filmlərin yaradılması prosesində tam həcmdə icrası üçün yaradılan yaradıcılıq hüququnun və habelə digər əlaqəli hüquqların obyektləri prodüserə onlara müstəsna hüquq verir. Bu zaman prödüserə verilən hüquq istifadə hüququ icrası və onun yazıları kimi, həm də ondan ayrı filmlərdə, həmçinin səsli və vizual bir sıra icrasının ayrılıqda istifadə etmək hüququ daxildir. Müqavilənin 4.1-ci bəndinə əsasən aktyora yuxarıda adıçəkilən 2 filmlərdə çəkiliş üçün 48600 manat məbləğində honorar ödəniləcəkdir. Ödəniş tərəflərin razılaşdırdığı kimi müəyyən müddətdə həyata keçiriləcəkdir. Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin 4.1-ci bəndində göstərilən məbləğdən aktyora avans şəklində 50 %, yəni 24300 manat məbləğində ödəniləcəkdir, yerdə qalan 50 %, yəni 24300 manat məbləğində honorar filmlərin çəkilişi qurtardıqdan sonra ödəniləcəkdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığına əsasən “Qış nağılı”, “Kəklikotu”, “Ər-arvad” filmlərində aktyor kimi iştirakı ilə bağlı xidmət haqqı olaraq 25920 manat pul iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüşdür. Hüquqi dəyərləndirmə: İşin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: - Tərəflər arasında xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin bağlanması; - Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 24300 manat məbləğində avans şəklində pul ödənilməsi; - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı xidmətin göstərilməməsi (“Qış nağılı” filmində cavabdehin aktyor kimi iştirak etməməsi, “Kəklikotu 2” filminin ümumiyyətlə çəkilişinə başlanmaması). Məhkəmə ilk növbədə ilk iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, ilk iddia tələbləri əsasən iki hissədən ibarətdir:
1. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin ləğv edilməsi;
2. xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə avans olaraq ödənilmiş 24300 manat məbləğində pulun geri qaytarılması. Məhkəmə ilk iddia ərizəsinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM): 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə adıçəkilən filmlərin çəkilişləri tam qurtardığı müddətə qədər etibarlıdır. Materiallardan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə məktub ünvanlayaraq (i.v.9) tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin ləğv edilməsini və ödənilmiş 24300 manat məbləğində pulun geri qaytarılmasını təklif etmişdir. Məhkəmə iclaslarında (xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli) cavabdeh iddianı həmin hissədə qəbul etdiyini, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin ləğv edilməsi barədə iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 55.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olduğundan, habelə həmin hissədə cavabdeh tərəfindən də qəbul edildiyindən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi ləğv edilməlidir. Məhkəmə ilk iddianın ikinci hissəsi ilə də razılaşır və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı xidmət göstərilmədiyindən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aktyor qismində iddiaçıya xidmət göstərilməsi məqsədilə xx.xx.2019-cu il tarixdə avans şəklində ödənilmiş 24300 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh bu hissədə iddiaya etiraz edərək iddiaçı tərəfindən ondan həmin müqavilə üzrə öhdəliklərinin icrasının tələb edilmədiyini, uzun müddət müqavilə üzrə öz öhdəliklərinin icrasını gözlədiyini, bu səbəbdən avansı geri qaytarmalı olmadığını bildirmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və bildirir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 24300 manat məbləğində pul öhdəliyin icrasının təmin edilməsi məqsədilə ödənilmiş beh deyil, qabaqcadan ödənilmiş avans məbləğidir. Belə ki, MM-yə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3). Cavabdeh iddiaya dair etirazında iddiaçı tərəfindən ona müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə əlaqədar olaraq zərər dəydiyini, bu səbəbdən avansın geri qaytarılmalı olmadığını bildirsə də, MPM-nin 77.1-ci maddəsinə əsasən öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilə üzrə xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən cavabdehə beh deyil, avans ödənildiyi, ödənilmiş avansın müqabilində cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə hər hansı xidmətin göstərilmədiyi müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icrası müddəti müəyyənləşdirilməmiş, məhkəmə araşdırması zamanı tərəflərin (iddiaçının qanuni təmsilçisi C.Axundzadə və cavabdeh) izahatları və iddiaçının qanuni təmsilçisi ilə cavabdeh arasında olan “vatsap” yazışmalarından kreditor (iddiaçı) tərəfindən borcluya (cavabdeh) qarşı öhdəliyin icrası ilə bağlı hər hansı tələb irəli sürülmədiyi müəyyən edilmişdir. MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında müqavilədə müddət göstərilmədiyi üçün iddia müddətinin axımının xx.xx.2019cu il tarixdən (müqavilə bağlandığı tarixdən) hesablanmaqla müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi səbəbindən iddianın rədd edilməli olduğunu bildirmişdir. Məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır və bildirir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında, habelə qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən ona öhdəliyin icrası ilə bağlı hər hansı tələb irəli sürülmədiyini, uzun müddət iddiaçıdan müqavilədə göstərilmiş “Kəklikotu 2” filminin çəkilişi ilə bağlı dəvət gözlədiyini göstərmişdir. Beləliklə də, MM-nin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlandığını nəzərə aldıqda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, tərəflər arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi ləğv edilməli, cavabdehdən 24300 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməli, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. İlk iddia ərizəsində 800 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərinə əsasən iddiaçı tərəfindən 9 saylı Vəkil Bürosunun hesabına xx.xx.2022-ci il tarixdə 800 manat hüquqi yardıma görə pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən hüquqi yardıma görə çəkilmiş xərclərlə bağlı 500 manat məbləğində pul ağlabatan hesab edilməklə cavabdehdən alınaraq iddiaçıya ödənilməli, hüquqi yardıma görə çəkilmiş xərcin qalan 300 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlk iddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi ləğv edilsin. Cavabdeh 24300 (iyirmi dörd min üç yüz) manat məbləğində pul, ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu və 500 (beş yüz) manat hüquqi yardıma görə xərc, ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri qalan hissədə tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova