Məhkəmə qərarları › İş №e-2-2(113)-552/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-552/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-552/2024 19.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 58,56 manat (əlli səkkiz manat əlli altı qəpik) ödənilməmiş borc məbləğinin, 20 (iyirmi) manat mediasiya xərci və ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 19 fevral 2019-cu il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 58,56 manat (əlli səkkiz manat əlli altı qəpik) ödənilməmiş borcu qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin cavabdehə qarşı pul tələbi əsassızdır. Yəni iddia ərizəsində də qeyd olunduğu kimi, iddiaçı ilə xx.xx.2019-cu il tarixində ***-**** saylı müqavilə bağlanmışdır. 6 ilə yaxın bir müddət keçdikdən sonra Azərbaycan Respublikası mülki qanunvericiliyinə zidd olaraq iddia müddətinin ötürülməsi ilə iddia qaldırmağın heç bir əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası Mülki Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Digər tərəfdən, aylıq 25 manat abunə əsasları ilə bağlanmış müqavilə üzrə əldə olunmuş sim kart istifadə edilməmişdir, (055)-208-32-25 nömrəsi ilə 58,56 manat borcun necə yaranması qeyri-müəyyəndir. Yəni aylıq 25 manat borc ödənilmədikdə, həmin nömrənin xətti bağlanmış olur və aylıq korporativ ödəniş öncədən ödənilir. Bu zəmində korporativ nömrənin borcu olmamalıdır. Bu əsaslarla da yaranmış borc zamanında cavabdehə bildirilməmiş, hazırda iddia müddəti ötürülməklə təqdim edilmişdir.

5. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi “AZEMİS“ Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsində qeyd olunan nömrə cavabdeh tərəfindən işlədilməmişdir. Borcun hansı dövr üçün, hansı əsaslarla yaranması bəlli deyildir. İddia tələbi əsassızdır. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İş materiallarından görünür ki, şirkət qismində İddiaçı MMC ilə korporativ abunəçi qismində Cavabdeh MMC arasında 19 fevral 2019-cu il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ abunəçiyə mobil rabitə xidmətləri göstərir, korporativ abunəçi isə bu xidmətləri qəbul edib, bu müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə şirkət korporativ abunəçiyə şirkətin şəbəkəsindən istifadə etmək üçün sim kart paketləri ilə birlikdə 1 (bir) ədəd nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı qoşmada əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı müqaviləyə qoşma olunur. Korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və korporativ tarifə (2 saylı qoşmada göstərilmiş tariflərdən hər hansı biri və ya bir neçəsi) uyğun olaraq xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə korporativ nömrələrin hər birinin nominal dəyərini göstərməklə aşağıdakı kimi bölünür: sadə nömrə paketi 10 (on) (ƏDV daxil) manat, gümüş nömrə paketi 50 (əlli) (ƏDV daxil) manat, qızıl nömrə paketi 250 (iki yüz əlli) (ƏDV daxil) manat və platinum nömrə paketi 1000 (bir min) (ƏDV daxil) manat. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.3-cü bəndində qeyd olunan korporativ nömrələrin sadə növü korporativ abunəçiyə əvəzsiz olaraq təqdim oluna bilər, digər növləri isə şirkətin qiymət cədvəlinə əsasən ödənişli ola bilər. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə nömrələrin və istifadəçilərin sayının gələcəkdə artırılması və ya azadılması korporativ abunəçinin səlahiyyətli şəxsinin müvafiq yazılı məktubu və ya elektron müraciəti əsasında həyata keçirilə bilər. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən şirkət korporativ abunəçiyə nömrələrdən istifadəni təmin etmək məqsədilə öz mülahizəsinə görə və ya korporativ abunəçinin birbaşa yazılı müraciəti və ya elektron məktubu əsasında yeni telefonlar, cihazlar, ödəmə və kontur kartı və ya digər rabitə xidmətləri təqdim edə bilər. Telefonların, cihazların ödəmə və kontur kartı və ya digər rabitə xidmətlərinin dəyəri müvafiq qoşma(lər) ilə müəyyən edilir və korporativ abunəçiyə təhvil-təslim aktı əsasında təqdim olunur.

8. İddiaçı tərəfindən iş materiallarına tərəflər arasında bağlanmış 19 fevral 2019-cu il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə 1 saylı, 2 saylı, 3 saylı qoşmalar təqdim edilmişdir.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, CC 119 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh MMC-nin ödəməli olduğu məbləğ 58,56 manat (49,62 manat + 8,93 manat 18% ƏDV) təşkil edir.

10. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)

Məhkəmənin mövqeyi

14. İddia tələbi Cavabdeh MMC-dən 58,56 manat (əlli səkkiz manat əlli altı qəpik) ödənilməmiş borc məbləğinin tutulmasından ibarətdir.

15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında 19 fevral 2019-cu il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətləri göstərmiş, cavabdeh isə xidmətləri qəbul edib, xidmət haqqı ödəmişdir. Həmin hal hazırkı iddia ərizəsi ilə də təsdiq olunur. Belə ki, iddiaçı cavabdehə qarşı məhz qalıq borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır.

17. Belə ki, əvvəla qeyd olunmalıdır ki, iddiaçının hazırkı borcla bağlı məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, CC 119 nömrəli hesab-fakturada borca dair dövr qrafasında yalnız qalıq borc sözləri qeyd edilərək, borcun aid olduğu dövr göstərilməmişdir.

18. Cavabdehin nümayəndəsinin məhkəməyə elektron qaydada göndərdiyi etiraz ərizəsində yaranmış borcun zamanında cavabdehə bildirilmədiyi, iddianın iddia müddəti ötürülməklə verildiyi vurğulanmış və iddia müddətinin tətbiq edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən həmin hallara, iddia müddətinin ötürülməsinə dair iddiaçının ərizəsinə hər hansı münasibət bildirilməmişdir.

19. Ona görə məhkəmə qəbul edir ki, iddiaçı həmçinin 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.

21. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar