Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5525/2022 21.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2020-ci il tarixli, AX 24/0320 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 119.904,45 manat məbləğində borcun, illik 5 faiz olmaqla 7.993,33 manat məbləğində faizlərin və dövlət rüsumu olaraq ödənilmiş 420 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında 08 yanvar 2020-ci il tarixli, AX24/0320 nömrəli xidmət müqaviləsi (müqavilə) imzalanmışdır. Müqaviləsinin şərtlərinə uyğun olaraq, icraçı, sifarişçinin sifarişi əsasında Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində sahədə yararlı və yararsız materilların müvafiq olaraq təmini, qazılması, daşınması, yayılması, kipləşdirilməsi və s. xidmətlərin göstərilməsini, sifarişçi isə bunun müqabilində göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəməsini öhdəliyinə götürmüşdür. Sözügedən müqavilənin 2.2-ci maddəsinə əsasən, ay ərzində görülmüş işlər haqqında bildiriş təqdim edildikdən sonra tərəflər arasında imzalanan faktiki görülmüş işlərin aktı (Forma 2, Forma 3) əsasında xidmət haqqı növbəti ay ərzində bank köçürmə yolu ilə sifarişçi tərəfindən icraçının hesabına ödənilməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq, hər iki şirkət arasında görülmüş işlərin xidmət haqqının ödənilməsinə dair 01 aprel 2021-ci il tarixli, 5 nömrəli akt (Forma 2, Forma 3) imzalanmışdır. Həmin akta əsasən sifarişçi tərəfindən ödənilməli olan 285.904,45 manat (ƏDV xaric) xidmət haqqından müxtəlif vaxtlarda hissə-hissə, ümumilikdə 166.000 manat ödənilmiş, 119.904,45 manat (ƏDV xaric) borc isə hazırki tarixədək ödənilməmiş olaraq qalmaqdadır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə tərəflərindən cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcun ödənilməsi istiqamətində heç bir müsbət nəticə əldə edilməmişdir. Kommersiya mübahisələri üzrə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması qaydasına tərəflərindən riayət edilmiş və 01 avqust 2022-ci il tarixdə poçt vasitəsi ilə cavabdehə pretenziya məktubu göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun olaraq, pretenziya "xxxx" ASC-nin vergi orqanında adına qeydiyyatdan keçən elektron kabinetə 19 avqust 2022-ci il tarixdə yerləşdirilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, tərəflər arasında görülmüş işlərin xidmət haqqının ödənilməsinə dair 01 aprel 2021-ci il tarixli akt imzalanmış, lakin cavabdeh tərəfindən müqavilə üzrə ödənişin icrası üçün verilmiş müddət, yəni 2021-ci ilin may ayına kimi olan müddət ərzində ödəniş həyata keçirilməmişdir. Buna görə hesab edirlər ki, cavabdeh tərəfindən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, pul məbləğinin ödənilməsinin gecikdirilməsi əsasları ilə, gecikdirilmiş vaxt üçün gecikdirilən məbləğin illik beş faizi həcmində pul iddiaçının xeyrinə ödənməlidir. İddiaçı kimi tərəflərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6 və 149.2.4-1-ci maddələrinin tələblərinə əməl edilərək “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, mübahisənin məhkəməyə qədər həllinə nail olmaq üçün Mediasiya Şurasına müraciət edilmiş, ilkin mediasiya sesiyasında nümayəndələrinin iştirakı təmin edlimişdir. Cavabdeh mübahisənin məhkəməyə qədər və mediasiya sesiyasında həllinə cəhd göstərməmişdir. Mediasiya icraatında iştirakla bağlı tərəflərindən 400 manat məbləğində haqq ödənilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 119.904,45 manat məbləğində əsas borcun, illik 5 faiz olmaqla 9.492,40 manat məbləğində faizlərin və dövlət rüsumu olaraq ödənilmiş 420 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli AX24/0320 saylı bağlanmış xidmət müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçinin tapşırığı əsasında icraçı, Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində sahədə yararsız, yararlı materialların qazılması və daşınması və s. işlərini (bundan sonra – xidmətlər) həyata keçirir, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəyir. 2.1-ci bəndinə əsasən müqavilə üzrə xidmətlərin dəyəri aşağıdakı kimi göstərilmişdir:
1. Yararsız materialların (qruntun) qazılması və daşınmasının təmini - 1 m3 ƏDV xaric 1 manat;
2. Yararlı materiallarının təmini və daşınması - 1 m3 ƏDV xaric 2,30 manat;
3. Daş dolğu materiallarının təmini, daşınması, yayılması və kipləşdirilməsi - 1 m3 ƏDV xaric 5,50 manat;
4. Ələkdən keçirilmiş çınqıl materialın (0-40 mm) təmini, daşınması, yayılması və kipləşdirilməsi - 1 m3 ƏDV xaric 5,50 manat;
5. Yararlı materialın təmini və kipləşdirilməsi - 1 m3 ƏDV xaric 3,20 manat. 2.2-ci bəndinə əsasən icraçı, bu müqavilənin 1.1-ci bəndində qedy edilən işləri bir təqvim ayı ərzində icra etdikdən sonra xidmətlərin icrası zamanı cəlb etdiyi işçilərinə və/və ya kontragentlərinə heç bir borcunun olmaması barədə bildirişi (arayışı) (bu bildiriş aylıq hər keçən ay üçün növbəti ayın ilk 3 günü ərzində təqdim edilməlidir) sifarişçiyə təqdim edir və bundan sonra tərəflər arasında imzalanan faktiki görülmüş işlərin aktı (Forma 2, Forma 3) əsasında xidmət haqqı növbəti ay ərzində bank köçürmə yolu ilə sifarişçi tərəfindən icraçıya ödənilir. 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən hüquqi qüvvəyə minir və xx.xx.2020-ci il tarixədək qüvvədə qalır. 10.2-ci bəndinə əsasən müqavilə müddətinin bitməsinə 10 gün qalmış tərəflər bir-birinə bildiriş vermədikdə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə sifarişçinin və icraçının imzası və möhürü ilə təsdiq edilmişdir. Yanvar-mart 2021-ci il tarixli icraçı tərəfindən görülmüş işlərə dair xx.xx.2021-ci il tarixli qəbul aktlarına (Forma -2 və Forma – 3) əsasən müəyyən edilir ki, 2021-cu ilin yanvar – mart aylarında İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə (51.642,80 manat ƏDV xaric) cəmi 285.904,45 manat dəyərində yararlı materialın təmini və kipləşdirilməsi və yararsız materialların (qruntun) qazılması və daşınmasının təmini işləri görülmüşdür. Aktlar (Forma -2 və Forma – 3) sifarişçinin və icraçının imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 241119 nömrəli elektron qaiməyə əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən (51.642,80 manat ƏDV xaric) 285.904,45 manat dəyərində işlərin (yararlı və yararsız materialların qazılması və daşınmasının təmini) görülməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 000İPX121098198D nömrəli, xx.xx.2021-ci il tarixli 000İPX1211101CFD nömrəli, xx.xx.2021-ci il tarixli 000İPX********** nömrəli, xx.xx.2021-ci il tarixli 000İCZ121159005F nömrəli, xx.xx.2021-ci il tarixli 000İPX1213020C2E nömrəli, xx.xx.2021-ci il tarixli 000İPX1213211D47 nömrəli və xx.xx.2021-ci il tarixli 000İPX1213301F7A nömrəli ödəniş tapşırıqları ilə təsdiq edilir ki, AX24/0320 saylı müqaviləyə və 241119 nömrəli elektron qaiməyə əsasən "xxxx" ASC-nin hesabından İddiaçı MMC-nin hesabına cəmi 166.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən xidmət müqaviləsi üzrə yaranmış 119.904,45 manat məbləğində borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Əsaslandırıcı hissə:
Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında 08 yanvar 2020-ci il tarixli AX24/0320 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində sahədə yararsız, yararlı materialların qazılması və daşınması və s. xidmətlərini göstərmişdir. İddiaçı tərəfindən 2021-ci ilin yanvar, fevral və mart ayları ərzində cavabdehə göstərilmiş xidmətlərin dəyəri (51.642,80 manat ƏDV xaric) cəmi 285.904,45 manat təşkil etmişdir. Göstərilən hal cavabdeh tərəfindən də imzalanmış və möhürlənmiş xx.xx.2021-ci il tarixli qəbul aktları (Forma -2 və Forma – 3) ilə öz təsdiqini tapır. Cavabdeh "xxxx" ASC həmin borc məbləğindən İddiaçı MMC-yə cəmi 166.000 manat ödəniş etmiş, ƏDV xaric 119.904,45 manat (285.904,45-166.000) məbləğində borc isə ödənilməmiş qalmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini –119.904,45 (ƏDV xaric) manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 119.904,45 manat (ƏDV xaric) məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 119.904,45 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 9.492,40 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdehin pul öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından İddiaçı MMC ödənilməsi gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən 1 il 7 aylıq müddət üçün hesablanmış 9.492,40 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə də haqlıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 20 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 420 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 119.904,45 manat (yüz on doqquz min doqquz yüz dörd manat qırx beş qəpik) məbləğində əsas borc, 9.492,40 manat (dörd min dörd yüz doxsan iki manat qırx qəpik) məbləğində faiz borcu, cəmi 129.396,85 manat (yüz iyirmi doqquz min üç yüz doxsan altı manat səksən beş qəpik) məbləğində pul vəsaiti, ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 (dörd yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva