Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5525/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi, icarə haqqı Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsəyyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 013/24 saylı Xidmət göstərilməsi barədə müqavilə (bundan sonra – Xidmət müqaviləsi) bağlanmışdır. Müqaviləyə əsasən tərəflər razılaşırlar ki, sifarişçi (iddiaçı) tapşırır, icraçı (iddiaçı) konsaltinq xidmətlərinin göstərilməsini, sifarişçi isə göstərilmiş xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəməyi öz üzərinə götürmüşdür.
2. Həmin müqavilənin: 2.1. 3.1 və 3.2-ci bəndlərinə görə tərəflərin razılığına əsasən, bu müqavilədə nəzərdə tutulan xidmət haqqı 1200 manat təşkil edir. Ödəmə bank və ya nağd yolla edilə bilir; 2.2. 4.1-ci bəndinə görə müqavilə üzrə işlər başa çatdırıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlərin sifarişçiyə təqdim edilməsi təhvil-qəbul aktı vasitəsilə həyata keçirilir; 2.3. 4.2-ci bəndinə görə təhvil-qəbul aktını alan sifarişçi ən çoxu üç iş günü müddətində müqavilə ilə tanış olmalı və heç bir etirazı olmazsa, imza edib İcraçıya qaytarmalıdır; 2.4. 4.3-cü bəndinə görə sifarişçinin əsaslandırılmış etirazı olarsa, bu barədə hər iki tərəfin imzası ilə akt tərtib edilir və orada başa çatdırılacaq işlərin siyahısı və icra müddəti göstərilir.
3. İddiaçı tərəfindən göstərilmiş xidmətlərə dair tərəflər arasında iki Üzləşmə aktı tərtib edilmişdir. Birinci Üzləşmə aktı xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Həmin Üzləşmə aktına görə tərəflər təsdiq etmişlər ki, aralarında bağlanmış xidmət müqaviləsi üzrə iddiaçı mühasibatlıq xidmətini göstərmiş və sifarişçinin icraçıya xx.xx.2024-cü il tarixinə 1200 manat borcu vardır. Üzləşmə aktı hər iki hüquqi şəxsin nümayəndələri tərəfindən imzalanmaqla möhürləri ilə təsdiq edilmişdir.
4. İkinci üzləşmə xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Bu Üzləşmə aktına əsasən tərəflər təsdiq etmişlər ki, aralarında bağlanmış xidmət müqaviləsi üzrə iddiaçı mühasibatlıq xidmətini göstərmiş və sifarıçinin icraçıya xx.xx.2025-ci il tarixinə (xx.xx.2024-cü il tarixli Üzləşmə aktı ilə birlikdə) 4800 manat borcu vardır. Üzləşmə aktı hər iki hüquqi şəxsin nümayəndələri tərəfindən imzalanmış və möhürləri ilə təsdiq edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli, 013/24 №-li xidmət göstərilməsi barədə müqaviləyə əsasən yaranmış 4800 manat manat real zərərin, 480 manat əldən çıxmış faydanın, 500 manat hüquqi yardımla bağlı xərclərin, ümulillikdə 5780 manat məbləğində pul vəsaitinin və 77,8 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, arasında xx.xx.2024-cü il tarixli, 013/24 №-li xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığına əsasən aylıq mühasibat və konsaltinq xidmətlərinin göstərilməsini, sifarişçi isə göstərilmiş xidmətlərin müqabilində Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş 1200 manat xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür. İcraçı tərəfindən həmin müqaviləyə əsasən xidmətlər göstərilmiş, lakin sifarişçi tərəfindən qarşılığında ödəniş edilməmişdir. Bununla bağlı tərəflər arasında xx.xx.2025-ci il tarixdə tərtib edilən üzləşmə aktına əsasən cavabdehin ona xx.xx.2025-ci il tarixinə 4800 manat borcu vardır. Bununla əlaqədar cavabdehə pretenziya göndərilərək müqaviləyə əsasən yaranmış 4800 manat məbləğində borcunu 3 gün ödənilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə hər hansı ödəniş edilməmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz təqdim olunmamışdır. c) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
9. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Aəzrbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
18. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
24. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsalıdır.
25. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
26. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 013/24 saylı xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında iddiaçının əsas öhdəliyi müqaviləyə əsasən konsaltinq (mühasibatlıq) xidmətini göstərərək cavabdehə təhvil vermək, cavabdehin öhdəliyi isə xidməti qəbul edərək müqavilə ilə müəyyən edilmiş xidmət haqqını vaxtında ödəməkdən ibarət olmuşdur.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, cavabdehin sifarişi əsasında ona mühasibatlıq xidməti göstərmişdir. İddiaçının öz öhdəliyini yerinə yetirərək göstərdiyi xidməti cavabdehə təhvil verməsi tərərlər arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixdə bağlanmış Üzləşmə aktları ilə sübut olunur. Tərəflər arasında bağlanmış Xidmət müqaviləsinin 4.1-ci bəndinə görə müqavilə üzrə işlər başa çatdırıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlərin sifarişçiyə təqdim edilməsi təhvil-qəbul aktı vasitəsilə həyata keçirilir.
28. Lakin cavabdeh müqaviləyə uyğun olaraq əsas xidmət haqqını ödəməyərək öhdəliklərini pozmuşdur. xx.xx.2025-ci il tarixdə bağlanmış Üzləşmə aktından da görünür ki, iddiaçının 4 ay müddətində göstərdiyi və cavabdehə təhvil verdiyi mühasibatlıq xidmətinə görə xidmət haqqı hər ay 1200 manat olmaqla, cəmi 4800 manat təşkil etmişdir.
29. Məhkəmə şərh edilənləri, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərini müqavilə üzrə tam icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı əsas borcun tələb edilməsi hissəsində haqlıdır.
30. Məhkəmə iddia tələbinin cərimənin tələb edilməsi hissəsində qismən əsaslı hesab edir.
31. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış xidmət müqaviləndə və ona edilmiş əlavələrdə də cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.
32. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 200 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
33. Məhkəmə iddiaçının hüquqi xidmət xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc peşəkar hüquqi xidmətdən istifadə edərək 2 saylı Vəkil Bürosunun hesabına 500 manat pul ödəmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur.
34. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuda cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, 013/24 saylı müqaviləyə əsasən yaranmış 4800 manat manat pul, 200 manat dəbbə pulu, 500 manat hüquqi yardımla bağlı xərc olmaqla, ümulillikdə 5500 manat məbləğində pul vəsaiti və ödənilmiş 77,8 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı