Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5528/2022 17.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 73,55 manat (yetmiş üç manat əlli beş qəpik) məbləğində bоrc, 10,4 manat (on manat qırx qəpik) məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 25 oktyabr 2019-cu il tariхli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ15AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlətinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi) və hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilmiş və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək, müqavilənin 3.12-ci və 3.14-cü bəndlərini pоzmuşdur. Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişin 3.13-cü bəndində overdraftın yaranma səbəbləri göstərilir. Belə ki, xx.xx.2020-ci il tarixə borclu Cavabdeh cari hesabına 300 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Kart hesabı vasitəsi ilə cəmi 599,55 manat məbləğində müəyyən əməliyyatlar aparılmışdır. Həmin əməliyyatlar bunlardan ibarətdir: 300 manat məbləğində vergi ödənişləri silinmiş, 299,55 manat məbləğində online vasitəsi ilə digər ödənişlər edilmişdir. Nəzərə çatdırılır ki, bütün online silinmələrin təsdiqi barədə məlumatlar ən gec 3 gün ərzində göndərilir və sonra silinmə aparılır, silinmə təsdiqlənməyincə cari hesabda pulun silinməsi əks olunmur və balans qalığı yenilənmir. Odur ki, vergi ödənişləri silinənə kimi borclu 299,55 manat məbləğində online ödənişlər etmişdir. Ona görə də online silinmənin təsdiqi aparılan zaman hesabda kifayət qədər pul vəsaiti olmadığından silinmə bank hesabından aparılmış və bu səbəbdən də 299,55 manat məbləğində overdraft yaranmışdır. Sonradan xx.xx.2021-ci il tarixdə borclunun hesabına 226 manat pul vəsaiti mədaxil edilmiş və nəticədə overdraft məbləği azalaraq 73,55 manat təşkil etmişdir. Odur ki, borclu Cavabdeh vergi ödəyicisi olaraq hesabından vergi ödənişlərinin aparılacağı barədə məlumatı olmasına baxmayaraq, digər online ödənişləri etməməli idi. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək, ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmişdir. Həmçinin cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq, üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 16 sentyabr 2022-ci il tarixinə borclunun Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən yaranmış overdraft üzrə 73,55 manat (yetmiş üç manat əlli beş qəpik) məbləğində əsas bоrcu yaranmışdır. Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri banka ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Mediasiya haqqında qanunun 21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. İddiaçı “Expressbank“ ASC tərəfindən mediasiya prosesinin tətbiqi barədə borclu Cavabdeh xx.xx.2022-ci il tarixdə təklif göndərilmişdir. İlkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq, cavabdeh sessiyada iştirak etməmişdir. Bununla əlaqədar olaraq xx.xx.2022ci il tarixli arayış tərtib edilmişdir. Azərbaycan Respublikası Mediasiya haqqında qanunun tələblərinə əsasən İddiaçı ASC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 20 (iyirmi) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 790837/20191025 nömrəli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında Baş saziş bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sazişə görə bank müştəriyə aşağıdakı qeyri-kredit bank xidmətləri göstərməyi, müştəri isə saziş və saziş çərçivəsində bağlanan müqavilələr ilə müəyyən olunan şərtlərlə və qaydada qeyri-kredit bank xidmətlərindən istifadə etməyi və həmin xidmətlərin dəyərini bankın qüvvədə olan tariflərinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 16 sentyabr 2022-ci il tarixə müştərinin AZ15AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 73,55 manat (yetmiş üç manat əlli beş qəpik) borcu mövcuddur. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının AZ34AİİB400600D**********109 nömrəli hesabına 20 (iyirmi) manat məbləğində vəsait köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 10,40 manat (on manat qırx qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə müraciət edilərək 73,55 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən 73,55 manat (yetmiş üç manat əlli beş qəpik) məbləğində bоrcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 25 oktyabr 2019-cu il tariхli “Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında” baş sazişin 3.12-ci bəndinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki overdraft yaranır. Overdraft yaranmış hesaba vəsait mədaxil edildikdə, yaranmış overdraft məbləği Bank tərəfindən Müştərinin hesabından akseptslz qaydada silinir. Bank yaranmış overdraft məbləğini Müştərinin Bankda olan digər hesablarından da akseptsiz qaydada silə bilər; 3.13-cü bənddə overdraftın yaranma səbəbləri göstərilir; 3.14-cü bəndinə əsasən overdraft baş verdiyi hallarda, Müştərinin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesabında və/və ya sığorta depozitində pul vəsaiti kifayət qədər olmadıqda, yaranmış borcu Müştəri Banka dərhal qaytarmalıdır. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlətinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə, texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi) və hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. İşin hallarından görünür ki, Cavabdeh tərəfindən hesabda mövcud olan pul vəsaiti həcmindən artıq məbləğ istifadə edilmiş və texniki Overdraft yaranmışdır. Beləliklə, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, müqavilə şərtləri pоzulmuşdur. Nəticədə iddiaçının hazırkı tələbi irəli sürmək hüququ, cavabdehin müvafiq vəsaiti banka qaytarmaq vəzifəsi yaranmışdır. İşin hallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış sazişə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin olunmalı, Cavabdeh 73,55 manat (yetmiş üç manat əlli beş qəpik) borc məbləği İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissələrini cavabdehdən 10,4 manat (on manat qırx qəpik) məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə təmin edilməli, mediasiyaya ödənilmiş 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10,4 manat (on manat qırx qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 73,55 manat (yetmiş üç manat əlli beş qəpik) məbləğində əsas borc, 20 (iyirmi) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10,40 manat (on manat qırx qəpik) olmaqla, cəmi 103,95 manat (yüz üç manat doxsan beş qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5528/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5528/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver