Məhkəmə qərarları › İş №e-2-2(113)-553/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-553/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-553/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 481.18 manat ödənilməmiş borc məbləğinin, 20 manat mediasiya xərcinin və ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 16 mart 2018-ci il tarixli, ***-**** saylı "Mobil rabitə xidmətlərinin göstərilməsinə dair" müqaviləyə görə iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtıvaxtında ödənilməsini öz üzərinə götürmüşdür Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 2023-cü ilin avqust ayı üçün 481.18 manat ödənilməmiş borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış "Mobil rabitə xidmətlərinin göstərilməsinə dair" müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 2019-cu ilin əvvəllərinə qədər xidmət göstərilmiş, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı aylıq elektron qaimə göndərilmiş, davamlı olaraq cavabdeh tərəfindən iddiaçıya həm əsas borc, həm də ƏDV borcu ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya hər hansı borcu yoxdur. 2019-cu ilin fevral ayından sonra iddiaçı tərəfindən cavabdehə hər hansı qaimə təqdim edilməmiş, göstərilən borcdan isə cavabdeh yalnız iddia ərizəsini aldıqdan sonra məlumat almışdır. Bundan əlavə, həmin xidmətlərin göstərildiyi nömrələr də ümumiyyətlə hazırda cavabdehə məxsus deyil, digər abonentin adına qeydə alınmışdır. Göstərilən borcun hər hansı əsası yoxdur.

4. İddiaçının nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsinə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış 16 mart 2018-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ tarif planı əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir.

8. Müqaviləyə 01 saylı Əlavədə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş nömrələr göstərilmişdir.

9. Müqaviləyə 02 saylı Əlavədə iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.

10. Müqaviləyə 03 saylı Əlavədə iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.

11. İddiaçı tərəfindən cavabdehə EAAR 623304 nömrəli xx.xx.2019-cu il tarixli (499,49 manat), EAAJ 148505 nömrəli xx.xx.2018-ci il tarixli (169,77 manat), EAAJ 697589 nörməli xx.xx.2018-ci il tarixli (215,54 manat), EAAJ 491439 nömrəli xx.xx.2018-ci il tarixli (215,13 manat), EAAL 260193 nömrəli xx.xx.2018-cin il tarixli (230,45 manat), EAAL 918512 nömrəli xx.xx.2018-ci il tarixli (214,21 manat), EAAM 684832 nömrəli xx.xx.2018-ci il tarixli (222,08 manat), EAAN 480921 nömrəli 08.11.218-ci il tarixli (222,52 manat), EAAO 293601 nömrəli xx.xx.2018-ci il tarixli (213,58 manat), EAAP 032553 nömrəli xx.xx.2019-cu il tarixli (214,73 manat), EAAQ 259131 nömrəli xx.xx.2019-cu il tarixli (514,51 manat) elektron qaimələr təqdim edilmişdir.

12. Cavabdeh tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixində 143,87 manat, xx.xx.2018-ci il tarixində 182,66 manat, xx.xx.2018-ci il tarixində 182,31 manat, xx.xx.2018-ci il tarixində 195,29 manat, xx.xx.2018-ci il tarixində 181,53 manat, xx.xx.2018-ci il tarixində 188,20 manat, xx.xx.2018-ci il tarixində 188,57 manat, xx.xx.2018-ci il tarixində 181 manat, xx.xx.2018-ci il tarixində 181,97 manat, xx.xx.2019-cu il tarixində 436,02 manat, xx.xx.2019-cu il tarixində 423,29 manat ödəniş edilmişdir.

13. Cavabdehin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV hesabına xx.xx.2019-cu il tarixində 76,20 manat, xx.xx.20018-ci il tarixində 25,90 manat, xx.xx.2018-ci il tarixində 32,88 manat, xx.xx.2018-ci il tarixində 32,82 manat, xx.xx.2018-ci il tarixində 35,16 manat, xx.xx.2018-ci il tarixində 32,68 manat, xx.xx.2018-ci il tarixində 33,88 manat, xx.xx.2018-ci il tarixində 33,95 manat, xx.xx.2018-ci il tarixində 32,58 manat, xx.xx.2019-cu il tarixində 32,76 manat, xx.xx.2019-cu il tarixində 78,49 manat, xx.xx.2019-cu il tarixində 76,20 manat məbləğində köçürmələr aparılmışdır.

14. Cavabdehin avtomatlaşdırılmış vergi informasiya sistemindən çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 2019-cu ilin fevral ayı üzrə yaranmış borcla bağlı elektron qaimə göndərilmişdir. Elektron qaimələrdə göstərilmiş əsas borcun məbləği 2484,71 manat, ƏDV borcunun məbləği isə 447,30 manat təşkil edir.

15. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

16. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesab fakturaya əsasən cavabdehin iddiaçıya olan hazırkı borcu ƏDV daxil olmaqla 481,18 manat təşkil edir.

17. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin faktura mötəbər sübut hesab edilə bilməz.

18. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

19. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 16 mart 2018-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqavilə üzrə tərəflər arasında formalaşmış praktikaya əsasən iddiaçı tərəfindən cavabdehə 2018-ci ilin may ayından (2018-ci ilin aprel ayı üzrə) 2019-cu ilin mart ayına (2019-cu ilin fevral ayı üzrə) qədər aylıq olaraq elektron qaimələr təqdim edilmiş, həmin qaimələr üzrə borc cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir.

21. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan 481,18 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə cavabdehə 481,18 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).

25. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

27. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

28. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar