Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5574/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, dəbbə pulunun azaldılması, icranın gecikdirilməsi nəticəsində icra mümkünsüzlüyünə görə məsuliyyət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 16 iyun 2021-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilə üzrə 3304 manat əsas borc, 1612,35 manat cərimə və ödənilmiş 69,17 manat dövlət rüsumunun, 220 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli TCS-C 058/21 nömrəli xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Razılaşmaya əsasən cavabdehə inspeksiya xidmətləri və malların təhvil verilməsi xidməti (traversin istehsal olunması / 12 T sigra) göstərilmişdir (hesab faktura - TCS/ES/21/352 və TCS/ES/064). xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli malların çatdırılması və təhvil alınmasına dair (“delivery note”) sənədlərinə əsasən cavabdeh malları təhvil almışdır. xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli işlərin tamamlanması aktlarından və digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən xidmətlər göstərilmişdir. Təqdim edilən sənədlər əsasında 3304 (ƏDV daxil) manat məbləğində borc yaranmışdır və borc bu günədək ödənilməmişdir. Cavabdehin iddiaçıya elektron poçt vasitəsilə ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan da görünür ki, borc etiraf edilmişdir və qısa müddətdə ödəniləcəyi bildirilmişdir. 2.2. Mübahisə ilə bağlı pretenziya qaydasında xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliklərinin icrasına dair müsbət dəyişiklik olmamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 387.2, 425.1-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5574/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar verərək iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfin məktubunda borcun olduğunu etiraf etdiyini bildirdi.
8. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə izahatında faktiki olaraq borcun mövcud olduğunu, vergi orqanı tərəfindən səhvən şirkətin hesablarına sərəncam qoyulduğunu, şirkətin hazırda fəaliyyət göstərmədiyini, razılıq yolu ilə hissə-hissə nağd şəkildə ödənişlərin edilməsi və ya mallar ilə əvəzləşdirmə aparılmasının iddiaçı şirkətə təklif edildiyini, hazırda şirkət tərəfindən hesab üzrə ödənişlər edilməsinin mümkün olmadığını bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Məhkəməyə təqdim olunan iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 16 iyun 2021-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilənin şərtlərindən görünür ki, sifarişçi sifariş verir, icraçı isə hazırkı müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə sifarişçinin işçilərinə müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşdırılma protokolunda öz əksini tapmış siyahı üzrə xidmətlərin keçirilməsi öhdəliyini öz üzərinə götürür. Razılaşdırılma protokolu üzrə sifariş hər iki tərəfin onu imzalamasından sonra icra olunacaq (1.1). İcraçı xidmətlər bitdikdən sonra sifarişçiyə razılaşdırma protokolunda öz əksini tapmış bu müqavilə üzrə xidmət üçün ödəniləcək ümumi məbləğə dair hesab-faktura təqdim edəcəkdir. Sifarişçi ümumi məbləği hesab-faktura icraçı tərəfindən təqdim olunan tarixdən 30 təqvim günü ərzində icraçının bank hesabına köçürmə yolu ilə ödəyir (4.1).
13. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 351/ES/21 nömrəli “işin tamamlanma aktı”na əsasən İddiaçı MMC və Cavabdeh MMC 8300 manat məbləğində TCS-C 058/21 müqavilə xx.xx.2021 tarixli PO: PS-2021-10 əsasında işi bitmiş hesab edir və işin tamamlanma aktını təsdiq edirlər.
14. Göstərilmiş xidmətlər üzrə işin tamamlanma aktı əsasında iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli tcs/352/ES/21 nömrəli, ümumi dəyəri 9794 manat (8300 manat əsas, 1494 manat ƏDV) olan invoys (hesab-faktura) və ƏDV daxil ümumi dəyəri 9794 manat olan EBBJ seriyalı, 602093 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura tərtib edilərək cavabdehə göndərilmişdir.
15. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 061/ES/22 nömrəli “işin tamamlanma aktı”na əsasən İddiaçı MMC və Cavabdeh MMC 800 manat məbləğində TCS-C 058/21 müqavilə xx.xx.2022 tarixli PO: PS-2021-01 əsasında işi bitmiş hesab edir və işin tamamlanma aktını təsdiq edirlər.
16. İşin tamamlanma aktı əsasında iddiaçı tərəfindən göstərilmiş xidmətlər üzrə xx.xx.2022-ci il tarixli tcs/064/ES/22 nömrəli, ümumi dəyəri 944 manat (800 manat əsas, 144 manat ƏDV) olan invoys (hesab-faktura) və ƏDV daxil ümumi dəyəri 944 manat olan EBBR seriyalı, 519235 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura tərtib edilərək cavabdehə göndərilmişdir.
17. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli DN210921 nömrəli və xx.xx.2022-ci il tarixli DN220217 nömrəli çatdırılma qeydlərinə (“delivery note”) əsasən xidmətlər cavabdeh tərəfindən təhvil alınmışdır.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 16 iyun 2021-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə xidmət göstərməyi, cavabdeh isə xidmətlərə görə ödəniş həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xidmətlər göstərilərək cavabdehə təhvil verilmişdir.
19. İddiaçı 16 iyun 2021-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilə üzrə göstərilmiş xidmətin dəyəri olaraq qalıq 3304 manat məbləğində pulun tutulmasını tələb edir.
20. Cavabdeh tərəf borcun olması faktını təsdiq edir, şirkətin hesablarına qoyulmuş sərəncama görə ödəniş edilməsinin mümkün olmadığını bildirir.
21. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 16 iyun 2021-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
26. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
27. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
28. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
29. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, göstərilmiş xidmətlər üzrə 3304 manat məbləğində borcu yaranmış, sonuncu isə 16 iyun 2021-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilənin 4.1-ci hissəsində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.
30. Cavabdehin özündən asılı olmayan səbəblərə görə - 01 iyul 2022-ci il tarixdə bank hesabına sərəncam qoyulması ilə bağlı öhdəliyini icra edə bilməməsi barədə arqumentləri isə məhkəmə əsassız hesab edir. Belə ki, cavabdeh ümumi məbləği hesabfaktura iddiaçı tərəfindən təqdim olunan tarixdən 30 təqvim günü ərzində icraçının bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüş, xidmətlər üzrə EBBJ seriyalı, 602093 nömrəli, xx.xx.2021-ci il tarixli və EBBR seriyalı, 519235 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturaların təqdim edilməsindən hesablansa belə, vergi orqanı tərəfindən tətbiq edilən sərəncam öhdəliyin icrası müddətindən sonra baş vermişdir. Belə olan halda, icranı gecikdirən borclu gecikdirmə nəticəsində baş vermiş icra mümkünsüzlyünə görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
37. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 3304 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. b) Xidmət müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
38. İddia ərizəsində iddiaçı həmçinin 1612,35 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
39. 16 iyun 2021-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilənin 4.1-ci bəndinə əsasən, icraçının hüququ vardır ki, hər gecikən gün üçün hesab-fakturada qeyd olunmuş məbləğin 0,1%-i qismində cərimə tələb etsin.
40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
43. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələdə həll olunmamışdır. Həmçinin iddiaçı da cavabdeh tərəfindən EBBJ 602093 seriya və nömrəli xx.xx.2021-ci il tarixli və EBBR 519235 seriya və nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələrin təqdimindən sonra uzun müddət ödəniş edilməməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
44. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 160 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
45. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi əsaslı olduğundan təmin edilməli, 160 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərclərinin tutulması ilə bağlı
46. İddia ərizəsində iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69,17 manat məbləğində pulun və 220 manat vəkilə ödənilmiş xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmişdir.
47. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə **********14 nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq 69,17 manat məbləğində pul ödənmişdir.
48. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı MMC tərəfindən 12 saylı vəkil bürosunun hesabına 403, 404 və 405 nömrəli müqavilələr üzrə 660 manat məbləğində pul mədaxil edilmişdir (xx.xx.2024-cü il tarixli ******* nömrəli order; xx.xx.2024-cü il tarixli 404 nömrəli müqavilə).
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
50. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
52. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
53. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması və a.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
54. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 220 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2021-ci il tarixli xidmətlərin göstərilməsi barədə müqavilə üzrə 3304 manat əsas borc, 160 manat cərimə olmaqla ümumilikdə 3464 məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 220 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova