Məhkəmə qərarları › İş №e-2-2(113)-5577/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5577/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5577/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60,66 manat ödənilməmiş borc məbləği, 20 (iyirmi) manat mediasiya xərci və ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X4 arasında imzalanmış 21 iyun 2016-cı il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərir, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planına əsasən xidmət haqqını ödəyir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 60,66 manat ödənilməmiş borcu qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 445.2.1, 445.2.2-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, şirkət qismində İddiaçı MMC ilə korporativ abunəçi qismində X4 arasında xx.xx.2016-cı il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ abunəçiyə mobil rabitə xidmətləri göstərir, korporativ abunəçi isə bu xidmətləri qəbul edib, bu müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ abunəçiyə şirkətin şəbəkəsindən istifadə etmək üçün sim kart paketləri ilə birlikdə 5 (beş) ədəd Qold nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı Əlavədə əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı müqaviləyə əlavə olunur. Korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və korporativ tarif təklif planına (2, 3, 4, 5, 6 saylı Əlavə) uyğun olaraq xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə Qold nömrə hər birinin nominal dəyəri göstərilməklə aşağıdakı kimi bölünür: Sadə nömrə paketi 10 (on) (ƏDV daxil) manat, Gümüş nömrə paketi 50 (əlli) (ƏDV daxil ) manat, Qızıl nömrə paketi 250 (iki yüz əlli) (ƏDV daxil ) manat və Platinum nömrə paketi 1000 (bir min) (ƏDV daxil) manat. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.3-cü bəndində qeyd olunan Qold nömrələrdən sadə növü əvəzsiz olaraq təqdim olunur, digər növləri isə şirkətin mülahizəsinə əsasən ödənişli ola bilər. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə nömrələrin və istifadəçilərin sayının gələcəkdə artırılması və ya azadılması korporativ abunəçinin səlahiyyətli şəxsinin müvafiq yazılı məktubu və ya elektron müraciəti əsasında həyata keçirilə bilər. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən şirkət korporativ abunəçiyə nömrələrdən istifadəni təmin etmək məqsədilə öz mülahizəsinə görə və ya korporativ abunəçinin birbaşa yazılı müraciəti və ya elektron məktubu əsasında yeni telefonlar, cihazlar, ödəmə və kontur kartı və ya digər rabitə xidmətləri təqdim edə və göstərə bilər. Telefonların, cihazların, ödəmə və kontur kartı və ya digər rabitə xidmətlərin dəyəri müvafiq Əlavə(lər) ilə müəyyən edilir və təhvil-təslim aktı əsasında təqdim olunur.

6. İddiaçı tərəfindən iş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı, 6 saylı əlavələr təqdim edilmişdir.

7. İddiaçı MMC tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, CC 023 nömrəli hesab-fakturadan görünür ki, X2 ödəməli olduğu məbləğ 60,66 manat (51,41 manat + 9,25 manat 18% ƏDV) təşkil edir.

8. İddiaçı MMC tərəfindən X3 göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

9. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

13. İddia tələbini cavabdeh X1 60,66 manat ödənilməmiş borc məbləğinin tutulması təşkil edir.

14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tam təmin edilməli, cavabdeh X1 60,66 manat (altmış manat altmış altı qəpik) əsas borc iddiaçının xeyrinə tutulmalıdır.

15. Eləcə də, iddiaçı 20 manat mediasiya xərci və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

16. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 60,66 manat (altmış manat altmış altı qəpik) əsas borc, 20 (iyirmi) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat olmaqla, cəmi 90,66 manat (doxsan manat altmış altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar