Məhkəmə qərarları › İş №e-2-2(113)-5579/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5579/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5579/2025 15.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi, xidmət haqqı Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, PL020/2024 saylı Xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, İcraçı (iddiaçı) sifarişçiyə (cavabdehə) əlavədə yerləşən razılaşma protokolunda göstərilən avtokran xidmətini yerinə yetirməyi, Sifarişçi isə göstərilmiş xidmətləri qəbul edib hazırkı müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.1. 1.2-ci bəndinə əsasən, İcraçı tərəfindən xidmət sifarişçinin sifarişi olduğu zaman və sifarişçinin sifariş etdiyi vaxtda və məkanda göstərilir. 1.2. 2.1 və 2.2-ci bəndlərinə əsasən, sifarişçi tərəfindən verilmiş sifarişləri qəbul etdikdən dərhal sonra işin icrasına başlamaq icraçının, icraçının xidmət haqqını vaxtlıvaxtında ödəmək isə sifarişçinin vəzifəsidir. 1.3. 3.1-ci bəndinə əsasən, Tərəflərin razılığına əsasən, bu müqavilədə nəzərdə tutulan avtokran xidmətinin dəyəri əlavədə yerləşən razılaşma protokolunda göstərilir. 1.4. 3.2-ci bəndinə əsasən, Sifarişçi müqavilədə nəzərdə tutulan məbləği aşağıdakı qaydada ödəməlidir: a) ödəniş köçürmə yolu ilə aparılır. 1.5. 3.4-cü bəndinə əsasən, sifarişçi göstərilən xidmətin vaxtında ödənilməmiş dəyərin gecikdirilmiş hər günü üçün 0,1% həcmində penya ödəyir. 1.6. 4.1 və 4.2-ci bəndlərinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində etibarlıdır. Bu müqavilə hər iki tərəfin bu müqaviləyə əsasən tərəflərin tam və vaxtı-vaxtında öhdəliklərini yerinə yetirməsinə qədər qüvvədə qalır. 1.7. 4.4-cü bəndinə əsasən, işlər icra edildikdən sonra tərəflər təhvil-təslim aktı imzalayır.

2. xx.xx.2024-cü il tarixli, PL020/2024 saylı Xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi olan X1 ilə tərəflər aylıq olaraq 8300 manat əsas, 1494 manat ƏDV dəyəri olmaqla, cəmi 9794 manat dəyərində avtokran xidmətlərinin göstərilməsini qarşılıqlı razılaşdırmış, hər iki tərəfdən imza və möhür ilə təsdiq etmişlər.

3. Hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və hquqi şəxslərin möhürü ilə təsdiq edilmiş təhvil qəbul aktından görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icraçı tərəfindən 10860 manat əsas, 1954,8 manat ƏDV dəyəri olmaqla, cəmi 12814,8 manat dəyərində avtokran xidmətləri göstərilmişdir.

4. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə 12814,8 manat dəyərində invoys sənədi və 12814,8 manat dəyərində MT2412 seriyalı, 11439036 saylı elektron-qaimə göndərilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanmış PL020/2024 saylı xidmət müqaviləsinə əsasən yaranmış 12814.9 manat (ƏDV daxil olmaqla) manat əsas borcun, 2472.3 manat penyanın və 300 manat məbləğində vəkil xərcləri olmaqla, ümumilikdə 15586.30 manat manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 137 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində cavabdehlə aralarında PL020/2024 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, iddiaçı cavabdehin sifarişinə əsasən avtokran xidmətlərini cavabdehin sifariş etdiyi vaxtda və məkanda yerinə yetirməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixində cavabdehə təqdim olunmuş 11439036 nömərli qaimədən görünür ki, qeyd olunan xidmətlərin yerinə yetirilməsi nəticəsində cavabdeh tərəfindən iddiaçıya 12814,80 manat məbləğində (ƏDV daxil) ümumi borcu yaranmışdır. İddiaçı tərəfinidən həmin borcun ödənilməsinə dair dəfələrlə yazılı və şifahi xəbərdarlıq etməyimizə baxmayaraq, hələ də 12814.80 manat borc ödənilməmiş qalmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən, təqdim olunmuş hesab-faktura vaxtında ödənilmədikdə, hər gecikmiş gün üçün 0.1% həcmində dəbbə pulu tətbiq olunmalıdır. Bu əsasla, xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək olan 193 gün ərzində, hər gün üçün təxminən 12 manat olmaqla ümumilikdə 2472.30 (193x12.81) manat penya pulu hesablanmışdır. Beləliklə, cavabdeh bu iddia tələbi üzrə iddiaçıya 2472.3 manat penya pulu, 12814.9 manat (ƏDV daxil) və 300 manat hüquqi vəkil xidməti üçün çəkilən xərclər olmaqla ümumilikdə 15,586.30 manat məbləğində pul ödəməlidir.

b) İddiaya qarşı etirazın dəlilləri

7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

8. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Aəzrbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

24. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

25. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, PL020/2024 saylı xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında iddiaçının əsas öhdəliyi cavabdehə əlavədə yerləşən razılaşma protokolunda göstərilən avtokran xidmətini yerinə yetirmək, Cavabdehin öhdəliyi isə göstərilmiş xidmətləri qəbul edib hazırkı müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəməkdən ibarət olmuşdur.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, müqavilə və ona 1 saylı Əlavədə razılaşdırılmış qaydada avtokran xidməti göstərmişdir. Belə ki, adıçəkilən Xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi olan X1 ilə tərəflər aylıq olaraq 8300 manat əsas, 1494 manat ƏDV dəyəri, cəmi 9794 manat dəyərində avtokran xidmətlərinin göstərilməsini qarşılıqlı razılaşdırmışlar. Hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və hquqi şəxslərin möhürü ilə təsdiq edilmiş təhvil qəbul aktından görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icraçı tərəfindən 10860 manat əsas, 1954,8 manat ƏDV dəyəri olmaqla, cəmi 12814,8 manat dəyərində xidmət göstərilmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə 12814,8 manat dəyərində invoys sənədi və 12814,8 manat dəyərində MT2412 seriyalı, 11439036 saylı elektron-qaimə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında (xx.xx.2025-ci il) iştirak edən cavabdehin nümayəndəsi də iddianı qəbul etdiklərini və iddiaçı ilə mübahisənin məhkəmədən kənar həll edilməsi üçün danışıqlar aparmaq istədiklərini qeyd etmişlər.

27. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü avtokran xidmətlərinin göstərilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən xidmətləri qəbul etmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilənin 2.2-ci bəndinə əsasən, göstərilmiş xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmətlərin qəbul edilməsinə dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Odur ki iddiaçı 12814,9 (ƏDV daxil olmaqla) manat məbləğində əsas borcun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

28. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır.

29. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış xidmət müqaviləsində cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.

30. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 641 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

31. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin cavabdehdən tutulması hissəsində əsassızdır. Belə ki, iddiaçı 300 manat məbləğində hüquqi xidmət xərcinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, bu faktı təsdiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təqribən 86% həcmində) dövlət rüsumu da ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 04 noyabr 2024-cü il tarixli, PL020/2024 saylı xidmət müqaviləsinə əsasən yaranmış 12814,9 (ƏDV daxil olmaqla) manat əsas borc, 641 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 118 manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 19 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar