Məhkəmə qərarları › İş №e-2-2(113)-5589/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5589/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5589/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 37480 manat (əsas borc 27480 manat, cərimə kimi 10000 manat), vəkil xidmətləri üçün ödənilmiş 320 manat, dövlət rüsumu kimi ödənilmiş 205 manat olmaqla, cəmi 38005 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 saylı, 10 oktyabr 2024-cü il tarixli alqısatqı müqaviləsinin 1.1 və 1.2-ci maddələrinin tələblərinə əsasən alıcı beton məhlulu qəbul edib, dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, həmən müqavilənin 6.1-ci maddəsinin tələblərinə əsasən, gecikdirilmiş hər gün üçün ödəniləcək məbləğin 1 %-i miqdarında satıcıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, ödənilməmiş məbləğə görə “Satıcı” tərəfindən “Alıcıya” qarşı Azərbaycan Respublikasının qüvvədə olan Mülki Qanunvericiliyində nəzərdə tutulmuş cərimə növlərinin tətbiq ediləcəyi nəzərdə tutulmuşdur. Alıcının satıcıya müqavilə üzrə əsas borcu ƏDV xaric 27.480 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1., 386.1., 387, 389, 398, 442, 443, 567, 568, 597, 598-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf pretenziyaya cavab məktubunda borcu etiraf etmiş, maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini qeyd etmişdir. iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianı qəbul etmədiklərini, imzalar edən şəxsin hazırda həmin şirkətdə çalışmadığını, təhvil-təslimin hansı formada aparılmasına dair məlumatı olmadığını, cavabdeh şirkətdən ona ətraflı məlumat verilmədiyini və sübutlarının olmadığını bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “İnşaat İN" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 saylı, 10 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” beton məhlulunu hazırlayaraq “Alıcı”nın tikinti sahəsinə verməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən “Alıсı” “Satıcı” tərəfindən onun tikinti sahəsinə verilmiş beton məhlulunu qəbul edir və dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada “Satıcı”nın müvafiq bankda olan hesablaşma hesabına köçürür. 4.1-ci bəndə əsasən beton məhlulunun markası üzrə qiyməti (ƏDV xaric) aşağıdakı kimi qiymətləndirilir: 1) Beton B-25 -- 107 manat. Beton məhlulunun dəyəri «Alıcı» tərəfindən beton məhlulu qəbul edildikdən sonra 5 (beş) gün ərzində «Satıcı»nın bank hesabına köçürülməlidir (5.2). “Alıcı” qəbul etmiş olduğu beton məhlulunun dəyərini müqavilədə nəzərdə tutulan müddət ərzində ödəməzsə ödənişin hər gecikdirilən günü üçün ödənilməmiş məbləğin 1 (bir) %-i miqdarında cərimə ödəyir. Bundan əlavə, ödənilməmiş məbləğə görə “Satıcı” tərəfindən “Alıcı”ya qarşı Azərbaycan Respublikasının qüvvədə olan Mülki Qanunvericiliyində nəzərdə tutulan cərimə növlərini tətbiq edə bilər (6.1). MT2410 seriyalı,11591550 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 4166,58 manat, MT2410 seriyalı, 11757141 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 3914,06 manat, MT2411 seriyalı,10129883 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1745,22 manat, MT2411 seriyalı,10831843 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 7449,34 manat, MT2412 seriyalı,11317122 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 821,28 manat, MT2412 seriyalı,11633037 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1262,6 manat, MT2412 seriyalı,12343724 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 757,56 manat, MT2501 seriyalı,10722064 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 1136,34 manat, MT2501 seriyalı,10722311 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 4861,01 manat, MT2501 seriyalı,10723401 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 6313 manat olan elektron qaiməfakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 29 saylı, 10 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən göstərmiş olduğu satış üzrə 06 nömrəli, xx.xx.2024cü il tarixli təhvil-təslim aktına əsasən 4.166,58 manat, 07 nömrəli, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 3.914,06 manat, 09 nömrəli, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 1.745,22 manat, 10 nömrəli, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 7.449,34 manat və 821,28 manat, 11 nömrəli, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 1.262,60 manat, 12 nömrəli, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 757,56 manat, 13 nömrəli, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 1.136,34 manat, 14 nömrəli, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 4.861,01 manat, 15 nömrəli, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 6.313,00 manat məbləğində Beton B-25, Beton B-7.5 adlı mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də həmin aktları imza və möhürü ilə təsdiq etməklə malları təhvil almışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, 27.480,50 manat borcun 05 gün ərzində ödənilməsi cavabdehdən xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, AZ********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Bakı şəhəri 13 Saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. xx.xx.2025-ci il tarixli **********66 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 205 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması nəticəsində işin faktiki hallarından görünür ki, tərəflər arasında 29 saylı, 10 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən satıcı beton məhlulunu hazırlayaraq alıcının tikinti sahəsinə verməyi, alıcı da onun tikinti sahəsinə verilmiş beton məhlulunu qəbul edib, dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etsə də, cavabdeh tərəfindən müqavilənin razılaşdırılmış şərtləri pozulmuş, malların dəyəri iddiaçıya tam ödənilməmişdir. Müqavilə üzrə malların cavabdehə təhvil verilməsi təhvil-təslim aktları və elektron qaimələrlə öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi etiraz edərək iddianı qəbul etməsə də, bunu ağlabatan şəkildə izah edə bilməmiş, heç bir sübutu olmadığını, cavabdeh şirkətin ona ətraflı məlumat təqdim edə bilmədiyini bildirmişdir. Cavabdeh nümayəndəsi etirazın əsasın təşkil edən halları sübut edə bilməmiş, etirazın dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, etirazın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsi formal olaraq iddianı qəbul etməmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən cavabdehə təhvil-təslim aktları əsasında 32426,99 manat dəyərində malların verildiyini, cavabdehin təhvil-təslim aktlarını imza və möhürü ilə təsdiq etdiyini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, iddiaçının satdığı malların qalan dəyəri olan 27480,50 manat məbləğin qaytarılmasını tələb hüququna malik olmasını, cavabdehin nümayəndəsinin formal olaraq iddianı qəbul etmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 27480,50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı cavabdehdən 10000 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1400 manat müəyyən olunmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 205 manat dövlət rüsumunun 176,64 manat məbləğində hissəsi, həmçinin ağlabatan olduğuna görə hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 320 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 27480 manat əsas borc, 1400 manat cərimə məbləği olmaqla ümumilikdə 28880 (iyirmi səkkiz min səkkiz yüz səksən) manat pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş vəsaitin 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun 176 (yüz yetmiş altı) manat 64 (altmış dörd) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar