Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-559/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə1, cavabdehin nümayəndəsi/vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh h Cavabdeh MMC ilə aralarında olan 01 iyun 2023-cü il tarixli, GNX-ETT-xx/xx/2023 saylı Xidmət Müqaviləsindən irəli gələn icra olunmamış 18,528.36 manat (ƏDV daxil) məbləğində olan ödənişin cavabdeh tərəfindən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxs Azərbaycan Respublikası qanunlarına uyğun olaraq təsis edilmiş, ********** saylı dövlət qeydiyyat nömrəsinə (VÖEN) malik olan İddiaçı, AZ1010, ünvan 1 ünvanında fəaliyyət göstərir. İddiaçı MMC (Bundan sonra yalnız “Şirkət”) Cavabdeh (Bundan sonra yalnız “Cavabdeh”) arasında bağlanılmış 01 iyun 2023-cü il tarixli, GNX-ETT-xx/xx/2023 saylı Xidmət Müqaviləsinin (bundan sonra “Müqavilə”) 1.2-ci bəndində qeyd olunan labarator xidmətləri cavbdeh Cavabdeh MMC-yə təqdim etməyi, Cavabdeh MMC isə bu xidmətlərin təqdim edilməsi müqabilində müqavilənin həmin bəndində qeyd olunan müvafiq haqları Şirkətə ödəməyi üzərinə götürmüşdür. Şirkət tərəfindən təqdim edilən xidmətlərin icrası və həyata keçirilməsi ilə bağlı Cavbdeh tərəfindən hər hansı irad və ya şikayət bildirilməmişdir. Şirkət tərəfindən təqdim edilən xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində göndərilmiş elektron qaimələr üzrə ödənişlər Cavabdeh tərəfindən icra edilməmişdir. Bununla, təqdim olunmuş EBDP 744151 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 6854.62 AZN, EBDS 180809 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 4318.80 AZN, EBDU 686148 saylı xx.xx.2023-il tarixli elektron qaimə üzrə 743.40 AZN və EBEB 148697 saylı xx.xx.2023-il tarixli elektron qaimə üzrə 6611.54 AZN olmaqla ümumilikdə isə 18,528.36 AZN (ƏDV daxil) məbləğ ödənilməmişdir. Yuxarıda sadalanan elektron-qaimə fakturalar tərəflərindən Cavabdehə göndərilmişdir. Bundan başqa, Şirkət tərəfindən Cavabdehə göndərilən elektron qaimələrin təsdiq edilməməsi ilə bağlı hər hansı bildiriş və ya etiraz daxil olmamışdır. Cavabdeh elektron qaimə fakturanı, o cümlədən müqavilə üzrə ödəniş öhdəliyini təsdiq etmişdir. Xidmətlərin ödənilməmiş dəyərilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə dəfələrlə ödənişin edilməsi ilə bağlı məlumat verilməsinə baxmayaraq adları yuxarıda qeyd olunan elektron qaimələr üzrə heç bir ödəniş etməmişdir. Bundan sonra, 18 aprel 2024- cü il tarixdə Şirkət tərəfindən Cavabdehə yazılı pretenziya göndərilərək öhdəliklərindən irəli gələn ödənilməmiş ödənişlər haqqında bir daha məlumat verilmiş və 31 aprel 2024-cü il tarixindədək İddiaçı MMC-nin hesabına 18,528.36 AZN (ƏDV daxil) məbləğ ödənilmədiyi halda tərəfindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, göndərilən pretenziya məktubunun müsbət nəticəsi olmamış və Cavabdeh MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNX-ETT-01.06./2023 nömrəli xidmət müqaviləsinin 6.1-ci maddəsində göstərilmişdir ki, Sifarişçi İcraçıya Müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən bu Müqavilənin Əlavələrində (bundan sonra “Əlavə”) nəzərdə tutulan testlərin icrası üzrə Əlavələrdə göstərilən məbləğdə xidmət haqqı ödəyir. Həmin Müqavilənin 6.2-ci maddəsinə əsasən Tərəflər razılaşır ki, bütün növ testlər üzrə xidmətlərin göstərilməsi, xidmətlərin icrası şərtləri, xidmət haqqı məbləği tərəflərin qarşılıqlı razılaşmaları əsasında müəyyənləşdirilir və bu Müqaviləyə Əlavə ilə rəsmiləşdirilir. Lakin İddiaçı tərəfindən Elektron kabinetdə yerləşdirilmiş sənədlərin arasında həmin “Əlavələr”ə rast gəlinmir. Əgər Müqavilədə qeyd edilən Əlavələr ümumiyyətlə yoxdursa onada iddia məbləği, göstərilmiş xidmətin növü, qiyməti haradan ortaya çıxmışdır? Tərəflər arasında bağlanmış həmin Müqavilənin 6.5-ci maddəsində göstərilir ki, bu Müqavilənin 6.1-ci maddəsində nəzərdə tutulmuş ödəniş, Sifarişçi tərəfindən hesab faktura və ya elektron qaimənin qəbul edilməsindən və təhvil-təslim aktının tərəflər arasında təsdiq edilib imzalanmasından sonra 10 gün ərzində İcraçıya 9-cu maddədə qeyd edilmiş rekvizitlərə bank köçürməsi yolu ilə və ya nağd qaydada ödənilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, Sifarişçi tərəfindən ödəniş yalnız və yalnız birmənalı şəkildə tərəflər arasında təhvil-təslim aktı təsdiq edilib imzalandıqdan sonra ödənilə bilər. İddiaçının göstərdiyi kimi 18528,36 AZN dəyərində xidmətlərin cavabdehə təqdim edilməsi barədə müvafiq zəruri sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə həmin məbləğdə xidmətin iddiaçıya təhvil verilməsi və ya iddiaçı tərəfindən bu həcmdə xidmətin qəbul edilməsi hər hansı sənədlə təsdiq edilmir (təhviltəslim aktı və ya digər analoji sənəd yoxdur). Bundan başqa kommersiya münasibətlərinə dair tərəflər arasında təşəkkül tapmış münasibətləri tənzimləyən və praktikada əsas sənədlərdən biri hesab edilən “Qiymət razılaşdırılması protokolları” da iddiaçı tərəfindən elektron sistemdəkı müvafiq kabinetdə yerləşdirilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələrin iddiaçı tərəfindən deyil, proqram təminatı tərəfindən formal təsdiq edilməsi müəyyən olunur. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən borc məbləğinin həqiqətə uyğun olmaması və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunmaması müəyyən olunur. Yəni iddiaçı iddia etdiyi iddia məbləğinin haradan qaynaqlanmasını, hansı sənədlərlə sübuta yetməsini və ya təsdiq olunmasını ortaya qoya bilməmişdir və cavabdeh tərəf də həmin borcu etiraf etmir. Müqavilənin əsas hissəsi olan “Əlavə”, “Qiymət razılaşma protokolları” və göstərilmiş xidmətlərin “Təhviltəslim” aktları və ya digər analoji sənəd olmadan “havadan” necə iddia etmək olar ki, “bizə borclusan”. Elementar olaraq xidmətin hansı sənədlə və ya hansı meyarla ölçülməsi və müəyyən edilməsi ortada olmadan.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNX- ETT-xx/xx/2023 saylı xidmət müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən X1 Azərbaycan Respublikasının qanun və qaydalarına uyğun olaraq bağlanacaq ayrı müqavilələrə, razılaşmalara uyğun olaraq pasiyentlərin yönləndirilməsi, tələb olunan testlərin keçirilməsi, nəticələrin təqdim edilməsi (Bundan sonra, “Xidmətlər”,) çərçivəsində əməkdaşlıq etmək niyyətlərini ifadə edir.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı Sifarişçi tərəfindən ona yönləndirilmiş pasiyentlərin tələb olunan testlər üzrə araşdırmasını və nəticələrin təqdim edilməsini icra edir, Sifarişçi isə İcraçıya həmin testlərin müqabilinə bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqını Ödəyir.
10. Müqavilənin 3.5-ci bəndinə əsasən sifarişçi xidmətlərin icrası ilə əlaqədar olaraq bu Müqavilədə nəzərdə tutulmuş müddətdə xidmət haqqını bu Müqavilənin 6.4-cü maddəsində nəzərdə tutulmuş qaydada İcraçıya ödəyəcək.
11. Müqavilənin 6.1-ci bəndinə əsasən Sifarişçi İcraçıya Müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən bu Müqavilənin Əlavələrində (bundan sonra “Əlavə”) nəzərdə tutulan testlərin icrası üzrə hər pasiyent üçün Əlavələrdə göstərilən məbləğdə xidmət haqqı ödəyir.
12. Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər razılaşır ki, bütün növ testlər üzrə xidmətlərin göstərilməsi, xidmətlərin icrası şərtləri, xidmət haqqı məbləği tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və bu Müqaviləyə əlavə ilə rəsmiləşdirilir.
13. Müqavilənin 6.3-cü bəndinə əsasən tərəflər razılaşır ki, Xidmət haqqı müqavilənin qüvvədə olduğu istənilən vaxtda yenilənə bilər, xidmət haqqı məbləği yeniləndiyi təqdirdə, Sifarişçiyə yenilənmə barədə məlumat bu Müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilir.
14. Müqavilənin 6.4-cü bədinə əsasən xidmət haqqına Azərbaycan Respublikasının qanunvericiyi ilə nəzərdə tutulmuş hər hansı bir vergi və ya bank xərcləri daxil edilmir.
15. Müqavilənin 6.5-ci bəndinə əsasən bu Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş ödəniş, Sifarişçi tərəfindən hesab-faktura və ya elektron qaimənin qəbul edilməsindən və təhvil-təslim aktının Tərəflər arasında təsdiq edilib imzalanmasından sonra 10 gün ərzində İcraçıya 9-cu maddədə qeyd edilmiş rekvizitlərə bank köçürməsi yolu ilə və (və ya) nağd qaydada ödənilir.
16. Müqavilənin 6.6-cı bəndinə əsasən tərəflərin hər biri xidmət həyata keçirdiyi bankda bütün bank komissiyaları və digər ödənişlər üzrə xərcləri müstəqil şəkildə ödəyir.
17. İddiaçı MMC tərəfindən cavabdehə EBDP 744151 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 6854.62 AZN, EBDS 180809 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 4318.80 AZN, EBDU 686148 saylı xx.xx.2023-il tarixli elektron qaimə üzrə 743.40 AZN və EBEB 148697 saylı xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 6611.54 AZN olmaqla ümumilikdə isə 18,528.36 AZN (ƏDV daxil) həcmində e-qaimə göndərilmişdir.
18. İddiaçı ilə cavabdehin əməkdaşları arasında aparılmış whatsapp-yazışmasından görünür ki, tərəflər arasında analizlərin/testlərin giymətləri barədə danışıqlıqlar aparılıb və xəstələrin analizlərinin/testlərinin nəticələri cavabdehə göndərilib.
19. Bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCyə edilmiş bütün ödənişlər təyinatı e-qaimə göstərilərək həyata keçirilmişdir.
20. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
26. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə laboratoriya testlərinin keçirilməsi və göstərmiş olduğu xidmətə görə xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
28. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
29. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
31. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
32. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
33. İşin halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, GNX-ETTxx/xx/2023 saylı "Xidmət Müqaviləsi” bağlanmış, həmin müqavilə əsasında cavabdehə müqavilə şərtlərinə uyğun laborator xidmətlər (xəstələrin analizlərinin testləri) göstərilmişdir. İddiaçı MMC müqavilə üzrə nəzərdə tutulmuş vaxtda və keyfiyyətdə xidmətlər almasına baxmayaraq, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, xidmətlər üzrə nəzərdə tutulmuş ödənişləri müəyyən edilmiş vaxtda etməmişdir. Belə ki, bu günə göstərilmiş xidmətlərin əvəzi olaraq ümumilikdə 18528,36 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Cavabdehin nümayəndəsi iddia tələbinə verdiyi etirazında iki arqument irəli sürmüşdür: giymət razılaşma protokolunun və təhvil-təslim aktının olmaması. Hər iki arqumentə dair məhkəmə qeyd edir ki, birincisi, iş materiallarında olan yazışmalardan görünür ki, analiz testlərinin giymətləri whatsapp-yazışmaları üzərindən razılaşdırılmışdır və aparılmış testlərin nəticələri cavabdehə göndərilmişdir. Məhkəmənin cavabdehin nümayəndəsinə “əvvəllər göstərilmiş və cavabdeh tərəfindən artıq ödənilmiş xidmətlər üzrə qiymət razılaşma protokolu və təhvil-təslim aktı olubmu sualına və olubsa məhkəməyə təqdim edilməsi təklif” edilsə də, məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında mübahisə edilməyən və artıq ödənilmiş xidmətlərin göstərilməsinin rəsmiləşməsindən (giymətlərin whatsapp-tətbiqi üzərindən razılaşdırılması, ödənişlərin təhvil-təslim aktına əsasən deyil, e-qaimələr üzrə edilməsi) görünür ki, xidmətlərin göstərilməsi təhvil-təslimi aktı əsasında deyil, laboratoriya-test cavablarının təqdim edilməsi və e-qaimələrin göndərilməsi ilə tamamlanırdı. Hazırda mübahisə edilən borc üzrə iddiaçı tərəfindən laboratoriya analizləri cavabdehə təqdim edilmiş və e-qaimələr göndərilmişdir. E-qaimələrə cavabdeh tərəfindən hər-hansı bir etiraz (təsdiq edilmədən geri qaytarılmamış) edilməmiş, qaimələr təsdiq edilmişdir.
34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
36. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
37. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
38. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
39. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
40. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
41. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
43. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, ödənilməmiş qalmışdır.
44. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi tələbinin əsaslı olması yalnız elektron vergi-hesab fakturaları ilə deyil, həmçinin xidmətlərin göstərilməsinə dair test (analiz) cavabları ilə də təsdiqini tapır. Belə olduğu halda, iddia təmin edilməli, 18528,36 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
45. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 145,59 manat məbləğində dövlət rüsumu edilmişdir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə
47. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli GNX-ETT-xx/xx/2023 saylı xidmət müqaviləsi üzrə 18528,36 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 145,59 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova