Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5626/2025 05.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası, dəbbə pulu) X2 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi, atası X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, SH//EFEH 01 nömrəli “Xidmət müqaviləsi” üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar borc üzrə 7.200 manat, ötürülmüş müddətin hər günü üçün hesablanmış 2.160 manat məbləğində dəbbə pulunun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 108 manat manat olmaqla, cəmi 9.468 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və tələbin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə “Xidməti Müqavilə” bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən, İddiaçı "xxxx" MMC-nin şifarişi ilə “Sea Breeze”də daşınma işlərinin həyata keçirilməsi xidməti göstərəcəkdir. Həmin müqavilənin şərtlərinə əsasən şifarişçi "icraçı" tərəfindən müqavilənin müddəalarına əsasən göstərilən xidmətlərin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə tam şəkildə ödəməyi, vaxtında “İcraçı’ya xidmətlə əlaqədar olaraq yazılı təkliflər verməyi, “İcraçı”nın müəlliflik və əlaqəli hüquqlarının qorunmasına riayət etməyi, icraçı isə sifarişçinin hər hansı bir göstəriş və istəklərinə müvafiq olaraq üzərinə götürmüş olduğu öhdəliklərə məsuliyyətlə əməl etməyi, bu müqavilənin şərtlərinə uyğun olaraq götürülmüş öhdəlikləri yerinə yetirməyi öz üzərinə öhdəlik götürmüşdür. Müqaviləyə əlavə edilən xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən Doosan solar 300LC-V markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə daşınma xidmətin dəyəri 7200 manat təşkil edir. Müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən o noyabr ayında Doosan solar 300LC-V markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə daşınma xidmətini "xxxx" MMC-yə təhvil vermişdir. Tərəfindən cavabdehə qeyd olunan xidmətlərin görülməsini təsdiq edən elektron qaimə təqdim olunmasına baxmayaraq, qaiməyə əsasən hesablanmış 7200 manat məbləğində haqq ona bu günədək ödənilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş təhvil-təslim aktı ilə də müəyyən edilir ki, üzərinə götürdüyü öhdəliyi icra edərək daşıma xidmətini həyata keçirmiş və həmin xidmətin dəyəri 7200 manat təşkil etmişdir. Müqavilənin ümumi məbləğinin 0.1%-i həcmində dəbbə pulu-xx.xx.2025-ci il tarixə (10*30*7.2) 2160 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 442, 448.1, 462.1, 464.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmənin sualına cavabında bildirmişdir ki, iddiaçı cavabdehə yük daşıma xidməti deyil, ekskavatorla qazıntı işləri xidmətini göstərmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “İcraçı” İddiaçı ilə “Sifarişçi” "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SH//EFEH 01 nömrəli xidmət müqaviləsinin predmetini “Sea Breeze”də daşınma işlərinin həyata keçirilməsi xidməti təşkil edir. 3.1-ci bəndə əsasən hazırkı müqavilə üzrə işlər və onların dəyəri aşağıdakı cədvəl və hazırki müqaviləyə əlavə olunan və onun tərkib hissəsi hesab olunan ödəniş aktı əsasında müəyyən olunur. (göstərilən qiymətə ƏDV daxil deyil). 3.4-cü bəndə əsasən yekunlaşmış ay üzrə ödənişlər ödəniş aktı sifarişçi və icraçı tərəfinden imzalandıqdan sonra 5 iş günü ərzində icraçıya nağdsız (bank hesabına) ödəniləcəkdir. 6.3-cü bəndə əsasən "İcraçı" bu müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri müəyyən edilmiş müddətlər ərzində yerinə yetirmədiyi halda, "Sifarişçi" ötürülmüş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 0,1%-i həcmində dəbbə pulu ödənilməsini “İcraçı"dan tələb edə bilər. 07 Noyabr 2024-cü il tarixli, 01 saylı qiymət razılaşdırma protokolundan görünür ki, Doosan solar 300LC-V markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə daşınma xidmətinin dəyəri 7200 manat razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, SH//EFEH 01 nömrəli müqavilə üzrə 7.200 manat dəyərində daşınma xidməti "xxxx" MMC-yə təhvil verilmiş, cavabdeh də həmin aktı imza və möhürü ilə təsdiq etməklə təhvil almışdır. Təhvil-təslim aktında qeyd olunan 7.200 manat məbləğində daşınma xidmətinə dair iddiaçı tərəfindən cavabdehə MT2411 seriyalı, 10501572 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 7.200 manat olan elektron qaimə-faktura göndərilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. 08 iyul 2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə 2 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 108 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 463. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Çünki müqavilədə daşınma xidməti qeyd edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi özü də izahatında qazını işləri ilə bağlı xidmət göstərdiklərini təsdiq etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan hazırkı xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı əlavədə nəzərdə tutulmuş işlər üzrə xidmət göstərməyi, cavabdeh isə bu işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, müqavilədə nəzərdə tutulmuş xidmətləri iddiaçı tərəfindən göstərilsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin göstərdiyi xidməti qəbul etsə də, şərtləşdirilmiş 7200 manat xidmət haqqını ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (müqavilə, təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapmış, cavabdeh məhkəmə iclaslarından məlumatlı olduğu halda iddiaya qarşı heç bir etiraz etməmiş və tələbi mübahisələndirməmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə, qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil alınan xidmətlərə görə xidmət haqqı ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 7200 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iddiaçı cavabdehdən gecikdirlimiş əsas borcdan əlavə, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, SH//EFEH 01 nömrəli müqavilənin 6.3-cü bəndinə və Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən 2160 manat məbləğində cərimə tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə qeyd edir ki, müqavilədə cərimə barədə razılaşma olduğundan və cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 360 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumunun 95,6 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 7200 manat əsas borc, 360 manat cərimə məbləği olmaqla ümumilikdə 7560 (yeddi min beş yüz altmış) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 95 (doxsan beş) manat 60 (altmış) qəpiyin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5626/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5626/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver