Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-563/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, sübutetmə vəzifəsi, “respondeat superior”, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ölkədaxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 2200 manat əsas borc, 528 manat dəbbə pulu və ödənilmiş 48 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcmli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Tərəflər arasında xx.xx.2023-cü il tarixli QAYA 025 – 2023/D nömrəli ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı 2023-cü ildə cavabdehin sifarişi əsasında 3040 manat dəyərində ölkə daxili yük daşıma xidməti göstərmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli elektron qaiməyə (EBDF 328526 seriya və nömrəli) əsasən 840 manat ödəmiş və onun hal-hazırda 2200 manat borcu qalmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsini sifariş verib iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada yükdaşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3cü bəndinə əsasən bu müqavilə üzrə ödəniş icraçı tərəfindən iş icra olunduqdan sonra 15 iş günü müddətində nağdsız qaydada həyata keçirilməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən cavabdeh göstərilmiş xidmətə görə xidmət haqqını iddiaçıya vaxtında ödəmədiyi halda hər gecikdirilən gün üçün borcun ümumi məbləğinin 0,1%-i qədər dəbbə pulu ödəməlidir. 2.2. Cavabdeh xx.xx.2023-cü il tarixli QAYA 025 – 2023/D nömrəli beynəlxalq yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə ödəniş şərtlərini yerinə yetirilməmiş və hazırda ödənilməmiş 2200 manat əsas borcu və 528 manat (2200 manat*0,1% *8 ay*30 gün ) dəbbə pulu qalmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3 və 445.2.1-ci maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında yük daşıma haqqında müqavilə və ona edilmiş əlavələr üzrə öhdəlik tam icra edilməmişdir. Buna sübut olaraq iddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktları göstərilə bilər, hansı ki həmin aktlar cavabdehin nümayəndəsi tərəfindən imzalanmamış və cavabdehin möhürü il təsdiqlənməmişdir. İddia ərizəsinə qoşma edilmiş üzləşdirmə aktında göstərilən cavabdehin direktoru adından atılmış imza və möhür isə saxtadır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, xx.xx.2023-cü il tarixli QAYA 025 – 2023/D nömrəli ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə qarşılıqlı üzləşmə aktı onlar tərəfindən təsdiqlənərək cavabdehin nümayəndəsi (işçisi) Günay adlı şəxsə göndərilmiş, sonuncu tərəfindən akt cavabdeh tərəfindən təsdiqlənmiş formada skan edilərək vatsap vasitəsilə iddiaçıya geri göndərilmişdir. Bununla yanaşı, daşımalarla bağlı elektron qaimələr sistem tərəfindən təsdiq edilib, cavabdehə 2 dəfə pretenziya məktubu göndərilib. Lakin cavabdeh borc məbləğinə heç vaxt etiraz etməyib.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, Günay adlı şəxs cavabdehin işçisi olsa da, onun üzləşmə aktı tərtib etmək səlahiyyəti olmamışdır. İddiaçı tərəfindən yalnız bir dəfə yük daşınması həyata keçirilmiş və onun dəyəri ödənilmişdir. Elektron qaimələr isə mühasibin diqqətsizliyi səbəbindən sistem tərəfindən təsdiq edilmişdir. Lakin qarşılıqlı üzləşmə aktındakı möhür və imzanın cavabdeh ilə əlaqəsi yoxdur. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, Günay adlı şəxs əvvəl cavabdehin işçisi olmuşdur, lakin hazırda müəssisədə işləmir. İddiaçının təqdim etdiyi yazışmada olan nömrə də həmin şəxsə məxsus olmuşdur.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Daşıma müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 01 aprel 2023-cü il tarixli Qaya 025 – 2023/D nömrəli ölkədaxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsini sifariş verib iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada ölkə daxili yükdaşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Adıçəkilən müqaviləyə 01 aprel 2023-cü il tarixli 01 nömrəli əlavə imzalanaraq Göyçay – Laçın marşrutu üzrə qiymət razılaşdırılmış, həmin marşrut üzrə dəyəri 840 manat olan xidmətin göstərilməsi xx.xx.2023-cü il tarixli EBDF 328526 seriya və nömrəli elektron qaimə ilə rəsmiləşdirilmiş, adıçəkilən elektron qaimə sistem tərəfindən təsdiq edilmiş və dəyəri tam ödənilmişdir.
11. İddiaçı xx.xx.2023-cü il tarixli EBDM 928537 və xx.xx.2023-cü il tarixli EBDV 121481 seriya və nömrəli elektron qaimələrlə 2200 manat dəyərində də xidmətin göstərildiyini, cavabdehin 19 aprel 2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə göstərilmiş xidmətləri qəbul etdiyini bildirərək xidmətlərin qalıq dəyərinin – 2200 manat məbləğində pulun tutulmasını tələb edir.
12. Cavabdeh iddiaçının istinad etdiyi elektron qaimələrin mühasibinin səhvi nəticəsində sistem tərəfindən təsdiq edildiyini, 19 aprel 2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında göstərilmiş imza və möhürün saxta olduğunu və iddiaçı tərəfindən xidmətin göstərilmədiyini bildirərək iddianın rədd edilməsini xahiş edir.
13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
15. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.
16. Hazırda tərəflər arasında mübahisə xx.xx.2023-cü il tarixli EBDM 928537 və xx.xx.2023-cü il tarixli EBDV 121481 seriya və nömrəli elektron qaimələrlə rəsmiləşdirilən daşıma xidmətinin göstərilib-göstərilməməsi ilə bağlıdır.
17. Məhkəməyə təqdim edilən elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023cü il tarixli EBDM 928537 seriya və nömrəli elektron qaimə 1100 manat, xx.xx.2023-cü il tarixli EBDV 121481 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1100 manat olmaqla ümumilikdə 2200 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilərək cavabdehə göndərilmişdir.
18. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EBDM 928537 və xx.xx.2023-cü il tarixli EBDV 121481 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
19. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu 2200 manat olaraq təsdiq edilmişdir.
20. İş materiallarında olan cavabdehin işçisinə məxsus ********** mobil telefon nömrəsi ilə aparılan vatsap danışıqlarından görünür ki, yükün çatdırılma ünvanı, ödənişlərlə bağlı yazışmalar aparılmış, iddiaçı tərəfindən aktlar göndərilmiş, 17 yanvar 2024-cü il tarixdə cavabdehin işçisi iddiaçının əməkdaşına mühasibatlığa məlumat verdiyini, bu həftə, olmadı, gələn həftə vəsaitin köçürüləcəyini və ödənişin ediləcəyini bildirir, iddiaçının əməkdaşı ödənişlərin gecikməsinə etirazını bildirir, 22 aprel 2024-cü il tarixdə iddiaçının əməkdaşı cavabdehin işçisinə qarşılıqlı borcların üzləşdirilməsi aktını göndərib, tanış olmasını və təsdiq edib göndərməsini xahiş edir, cavabdehin işçisi üzləşmə aktının hazır olduğunu, müdiriyyət gələndə imzalanıb göndəriləcəyini bildirir, 27 may 2024cü il tarixdə cavabdehin işçisi iddiaçının əməkdaşına qarşılıqlı borcların üzləşdirilməsi aktını imzaladıb göndərir və gecikməni müdiriyyətin yoxluğu ilə əlaqələndirir.
21. Göründüyü kimi, cavabdeh üzləşmə aktının mötəbərliyini mübahisələndirsə də, onun məhz işçisi kimi təsdiq etdiyi şəxs tərəfindən göndərilməsi faktına dair ağlabatan etiraz irəli sürə bilməmişdir. Həmçinin elektron qaimələrin sistem tərəfindən təsdiqlənməsi və qaimələrlə bağlı etirazın irəli sürülməməsini də mühasibin səhvi ilə əlaqələndirmişdir.
22. Lakin nəzərə alınmalıdır ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Eyni zamanda nəzərə hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).
23. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
24. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.
25. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması və ya bilavasitə həmin hərəkətləri şərtləndirməsi təşkil edir.
26. Cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. Cavabdeh isə iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir.
27. Başqa sözlə, cavabdehin elektron qaimələrə nəzarət etməli olan əməkdaşının xx.xx.2023-cü il tarixli EBDM 928537 və xx.xx.2023-cü il tarixli EBDV 121481 seriya və nömrəli elektron qaimələrə etiraz irəli sürməməsi və digər əməkdaşının cavabdehin möhürü ilə təsdiq edilmiş üzləşmə aktını təqdim etməsi cavabdeh üçün hüquqi məsuliyyət yaradır.
28. Beləliklə, məhkəmə cavabdehin etirazının dəlillərini əsassız hesab edir.
29. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. İddiaçı isə qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
35. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 01 aprel 2023-cü il tarixli Qaya 025 – 2023/D nömrəli müqavilə üzrə 2200 manat məbləğində muzd Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Daşıma müqaviləsi üzrə dəbbə pulunun azaldılması tələbi ilə bağlı
36. İddia ərizəsində iddiaçı həmçinin 01 aprel 2023-cü il tarixli Qaya 025 – 2023/D nömrəli müqavilə üzrə 528 manat dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.
37. 01 aprel 2023-cü il tarixli Qaya 025 – 2023/D nömrəli müqavilənin 10.2-ci bəndinə əsasən, icraçı bu müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda, gecikdirilmiş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 1%-i həcmində dəbbə pulu ödəyir.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
39. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
40. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
41. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 01 aprel 2023-cü il tarixli Qaya 025 – 2023/D nömrəli müqavilə üzrə sonuncu elektron qaimə xx.xx.2023-cü il tarixdə göndərildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
42. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 100 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
43. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 01 aprel 2023-cü il tarixli Qaya 025 – 2023/D nömrəli müqavilə üzrə 100 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
44. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********75 nömrəli mədaxil qəbzi ilə 48 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
46. Məhkəmə qeyd edir ki, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 45,28 manat təşkil edir.
47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini, ödənilməli dövlət rüsumunun 45,28 manat təşkil etdiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01 aprel 2023-cü il tarixdə bağlanmış ölkədaxili yaşdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 2200 manat əsas borc, 100 manat cərimə olmaqla ümumilikdə 2300 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova