Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5686/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı (şirkət) ilə Cavabdeh Fərdi Firması (korporativ abunəçi) arasında bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair ***-**** saylı, 05 aprel 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı Cavabdeh Fərdi Firmasına 3 ədəd nömrə təqdim etməyi, korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və xidmət haqqını vaxtı-vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə görə hazırki müqavilə üzrə təqdim edilən xidmətlərin qiyməti Korporativ tarif planında, digər xidmətlərin dəyəri isə bu müqavilənin müvafiq əlavələrində göstərilib və ödəniş hesaba köçürmə yolu ilə yaxud şirkətin müəyyən etdiyi digər qaydada hər növbəti ayın 30-dan gec olmayaraq həyata keçirilir. 3.2-ci bəndinə görə əgər korporativ abunəçi tərəfindən hazırki müqavilə üzrə ödəniş şərtləri pozularsa, korporativ abunəçi gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,05% həcmində, lakin əsas borcun 20%-dən çox olmamaq şərtilə şirkətə cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Mobil rabitə xidmətlərinin göstərilməsinə dair ***-**** saylı, 05 aprel 2017-ci il tarixli müqaviləyə 1 saylı əlavədə nömrələr, 02 saylı əlavədə xidmətlərin növü və qiymətləri göstərilmişdir.
3. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesab-faktura ilə təsdiq edilir ki, Cavabdeh Fərdi Firmasının rabitə xidmətlərə görə İddiaçı MMC-yə cəmi qaimə üzrə (dövr – sentyabr 2017-iyul 2023) borcu 386,97 manat (59,03 manat ƏDV daxil) təşkil etmişdir.
4. İddiaçı MMC tərəfindən ƏDV daxil 367,05 manat dəyərində göstərilmiş rabitə xidmətinə dair xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 259704 saylı, xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 631136 saylı, xx.xx.2019-cu il tarixli, EAAS seriyalı, 811759 saylı, xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 335436 saylı, xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 811495 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Fərdi Firmasına göndərilmişdir.
5. İddiaçı MMC tərəfindən Cavabdeh Fərdi Firmasına ünvanlanmış pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş və borc ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh fərdi firmasından 386,97 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh fərdi firması arasında imzalanmış 05 aprel 2017-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Belə ki 05 aprel 2017-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilənin 3.1-ci bəndinə görə koporativ abunəçi (cavabdeh) təqdim edilmiş xidmətlərə görə ödənişləri vaxtı vaxtında həyata keçirməli olduğu halda, müqavilənin həmin şərtinin tələbini pozmuşdur. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 386,97 manat ödənilməmiş borcu qalmışdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 445.2.1, 445.2.2 və 448-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
10. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışını nümayəndələrinin iştirakı olmadan keçirib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, elecə də işə qiyabi icraat qaydasında baxılıb, qiyabi qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
12. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin (o cümlədən iddiaçının) iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh Fərdi Firması arasında mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh Fərdi Firmasının adına olan mobil telefon nömrələrinə mobil rabitə xidmətləri göstərmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə rabitə xidmətlərinə görə 386,97 manat məbləğində borcu yaranmışdır.
19. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, göstərilmiş mobil rabitə xidmətlərinin müqabilində Cavabdeh Fərdi Firmasından 386,97 manat xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
20. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh Fərdi Firmasından mobil rabitə xidmətlərinin göstərilməsinə dair 05 aprel 2017-ci il tarixli, ***-**** saylı müqavilə üzrə 386,97 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva