Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-572/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdеh “Azmep Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: borc, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı cavabdеh “Azmep Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı və cavabdeh arasında 2022-ci ilin dekabr ayının 23-də bağlanmış 32/XM/2022 nömrəli Müqaviləyə 9 saylı Əlavənin ləğv edilməsi, işlərin görülməsi üçün ƏDV ilə birlikdə ödənilmiş 7550,23 manat məbləğində avans ödənişi, gecikmə günlərinə görə 1510,04 manat cərimə məbləği, ilkin mediasiya sessiyası ödənilmiş 110,00 manat mediasiya xərci, iddia və müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizələrin verilməsi üçün müvafiq olaraq ödənilmiş 2,9 manat və 11,29 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddiaçı və cavabdeh arasında 2022-ci ilin dekabr ayının 23-də bağlanmış 32/XM/2022 nömrəli Müqaviləyə 9 saylı Əlavənin ləğv edilməsi, işlərin görülməsi üçün ƏDV ilə birlikdə ödənilmiş 7550,23 manat məbləğində avans ödənişi, gecikmə günlərinə görə 1510,04 manat cərimə məbləği, ilkin mediasiya sessiyası ödənilmiş 110,00 manat mediasiya xərci, iddia və müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizələrin verilməsi üçün müvafiq olaraq ödənilmiş 2,9 manat və 11,29 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 2022-ci ilin dekabr ayının 23-də bağlanmış 32/XM/2022 nömrəli Müqaviləyə 9 saylı Əlavənin tələblərinə əsasən icraçı razılaşdırma protokolunda müəyyən edilmiş cihaz və avadanlığı təchiz edərək quraşdırıb Sifarişçiyə təhvil-təslim etməli, Sifarişçi isə təchiz edilən malların və xidmətin dəyərini ödəməli idi. Müqavilə şərtlərinə əsasən Sifarişçi avans kimi qiymətin 50% - ƏDV ilə birlikdə 7550,23 manat (6398,5 + ƏDV 1151,73) İcraçıya ödəmişdir. Tərəflər 9 saylı Əlavənin icra müddətini 1 ay müəyyən etmişlər. Lakin, işlər xx.xx.2023-cü il tarixində tamamlanmamışdır. İcraçı cari ilin fevral ayından bu günədək müxtəlif bəhanələrlə işlərin tamamlanmasından yayınmışdır. Müqavilə şərtlərinə görə cərimənin tətbiqi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən müqavilə öhdəliklərin yerinə yetirməməsi görə iddiaçı cəriməni tətbiq etməklə avans məbləğin geri qaytarılması qənaətinə gəlmişdir. İddiaçı cərimə məbləğini aşağıdakı qaydada hesablamışdır. 1) 01.02xx.xx.2023-cü il tarixədək cəmi 255 gecikmə günü; 2) müqavilə dəyərinin 0,1% = 15100,46 manat x 0,1% = 15,10 manat təşkil edir; 3) gecikmə günlərinə görə təyin edilən məbləğ 15,10 x 255 gün = 3850,5 manat təşkil edir; 4) nəzərə alaraq ki, cərimə ümumi məbləğin 10% məhdudlaşır müəyyən edilmiş 3850,5 manat cərimə məbləği 1510,04 manatadək azaldılmışdır; 5) son nəticədə təyin edilən cərimə məbləği 1510,04 manat kimi müəyyən edilir. İşlər tamamlanmadığı üçün ƏDV ilə birlikdə 7550,23 manat avans və 1510,04 manat cərimə məbləğləri iddiaçının xeyrinə ödənilməlidir. İddiaçının pretenziyası cavabdeh tərəfindən cavablandırılmamışdır. İddiaçı ilkin mediasiya üçün müraciət etmək üçün 110,00 manat ödəmiş və xx.xx.2023-cü il tarixində cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 32/XM/2022 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçının sifarişinə uyğun olaraq iddiaçının sifarişi əsasında nəzərdə tutulmuş malların alınması və quraşdırılması xidmətlərinin göstərilməsini təşkil etməyi, iddiaçı isə cavabdehdən bu xidmətlərin qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşlər. Sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə 32/XM/2022 nömrəli Müqaviləyə 9 saylı Əlavə bağlanmışdır. Əlavəyə əsasən cavabdeh əlavədə göstərilən ƏDV daxil 15100,46 manat dəyərində xidmətləri 1 (bir) ay ərzində təhvil-təslim aktı əsasında iddiaçıya təhvil verməyi, iddiaçı isə işlər başlamazdan öncə 50% həcmində cavabdehin bank hesabına ödənilməyi, qalıq 50% isə təchiz olunmuş xidmətlər barədə təhvil - təslim aktı imzalandıqdan sonra 5 (beş) iş günü ərzində cavabdehin bank hesabına köçürmə yolu ilə aparmağı öhdələrinə götürmüşlər. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin bank hesabına 6398,50 manat, ƏDV depozit hesabına isə 1151,73 manat, cəmi 7550,23 manat ödəniş etmişdir.
9. Müqavilələr tərəflərin imzası və möhürləri ilə təsdiq olunmuşdur.
10. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilə qiymətinin 50 faiz hissəsini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır.
11. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilmiş avansın tələb edilməsi hissəsində əsaslıdır və 7550,23 manat məbləğində ödənilmiş avans cavabdehdən tutulmaqla iddiaçıya geri qaytarılmalıdır.
12. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
13. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış 32/XM/2022 nömrəli Müqaviləyə 9 saylı Əlavənin 1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən "İcraçı" müəyyən olunmuş malların çatdırılması və quraşdırılma müddətinin icrasını zamanında yerinə yetirməməsi və “Sifarişçi”nın tələbinə uyğun olmadığı halda, digər tərəfə ümumi hazırki Əlavə dəyərinin 10%-dən çox olmamaq şərti ilə, hər gecikmə günü üçün Əlavə dəyərinin 0.1%-i qədər cərimə ödəməlidir.
14. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
15. Məhkəmə hesab edir ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 32/XM/2022 nömrəli Müqaviləyə 9 saylı Əlavəyə əsasən 377 manat məbləğində cərimə pulu cavabdehdən tutulmalıdır.
16. Məhkəmə iddia tələbinin 32/XM/2022 nömrəli Müqaviləyə 9 saylı Əlavənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçı haqlı olaraq müqavilənin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixdə ona bildiriş göndərmişdir. Bu halda məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə 32/XM/2022 nömrəli Müqaviləyə 9 saylı Əlavə xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
18. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 110 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 1627 saylı ödəniş tapşırığından məlum olur ki, iddiaçı tərəfindən 110 manat mediasiya xərci Bakı 6 saylı Mediasiya təşkilatına ödənilmişdir.
20. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 87,49 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumunun iddiaçıya aid edilməli məbləği çıxılmaqla, qalan 0,35 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı və cavabdеh arasında 2022-ci ilin dekabr ayının 23-də bağlanmış 32/XM/2022 nömrəli Müqaviləyə 9 saylı Əlavə xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilməli, işlərin görülməsi üçün ƏDV ilə birlikdə ödənilmiş 7550,23 manat məbləğində avans ödənişi, gecikmə günlərinə görə 377 manat cərimə, ilkin mediasiya sessiyası ödənilmiş 110,00 manat mediasiya xərci, dövlət rüsumuna görə 0,35 manat cavabdеhdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı və cavabdеh “Azmep Technologies" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2022-ci ilin dekabr ayının 23-də bağlanmış 32/XM/2022 nömrəli Müqaviləyə 9 saylı Əlavə xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilsin. İşlərin görülməsi üçün ƏDV ilə birlikdə ödənilmiş 7550,23 manat məbləğində avans ödənişi, gecikmə günlərinə görə 377 manat cərimə, ilkin mediasiya sessiyası ödənilmiş 110,00 manat mediasiya xərci, dövlət rüsumuna görə 0,35 manat cavabdеh “Azmep Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev