Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5721/2023 04.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 oglunun iştirakı ilə, İddiaçı cavabdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 987,78 manat (doqquz yüz səksən yeddi manat 78 qəpik) ödənilməmiş borc məbləğinin, 40 (qırx) manat mediasiya xərcinin 20 (iyirmi) manat hissəsinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 987,78 manat (doqquz yüz səksən yeddi manat 78 qəpik) ödənilməmiş borc məbləğinin, 40 (qırx) manat mediasiya xərcinin 20 (iyirmi) manat hissəsinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X1 (MHM) arasında imzalanmış 01 aprel 2013-cü il tarixli "İnternetə qoşulma xidmətlərinin göstərilməsi" haqqında müqaviləyə görə "xxxx" MHM-ə internətə qoşulma xidmətləri göstərilməli, MHM isə bunun əvəzində müvafiq xidmət haqqı ödənilməli idi. Lakin MHM tərəfindın müqavilə üzrə öhdəliklərə əməl edilməmiş və 987.78 manat borc bu günə kimi ödənilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22 dekabr 2021-ci il tarixli, 221 nömrəli sərəncamı ilə MHM-nin qoşulması yolu ilə "xxxx" MMC təşkil edilmiş, MHM-nin hüquq və öhdəlikləri onun hüquqi varisi "xxxx" MMC-yə keçmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, iddia əsassızdır və iddia müddəti də, keçmişdir. Buna görə də, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişlər. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşagıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
9. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə X1 (MHM) arasında 01 aprel 2013-cü il tarixli "İnternetə qoşulma xidmətlərinin göstərilməsi" haqqında müqavilə imzalanmış, müqaviləyə əsasən "xxxx" MHM-ə internətə qoşulma xidmətləri göstərilməli, MHM isə bunun əvəzində müvafiq xidmət haqqı ödəməli idi. MHM tərəfindın müqavilə üzrə öhdəliklərə əməl edilməmiş və 987.78 manat borc bu günə kimi ödənilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22 dekabr 2021-ci il tarixli, 221 nömrəli sərəncamı ilə MHM-nin qoşulması yolu ilə "xxxx" MMC təşkil edilmiş, MHM-nin hüquq və öhdəlikləri onun hüquqi varisi "xxxx" MMC-yə keçmişdir.
10. İş materiallarında olan hesab fakturadan müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2013-xx.xx.2019-cu illər aralıgında göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya 987,78 manat borcu vardır.
11. Məhkəmə hesab edir ki, həqiqətən də, iddiaçı tərəfindən cavabdehə dəyəri 987,78 manat təşkil edən xidmətlər göstərilmişdir.
12. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə qeyd edir ki, İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
14. İşdən də, göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən borc məbləği xx.xx.2013-xx.xx.2019-cu illəri əhatə edən borcdur. 15.İddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
16. Göründüyü kimi, iddiaçının mediasiya təşkilatına müraciəti nəzərə alınmaqla borcun hesablandığı tarixdən qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətdən kifayət qədər artıq vaxt keçmişdir. 17.İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.
VI. Nəticə:
18.Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 987,78 manat ödənilməmiş borc məbləğinin, 40 manat mediasiya xərcinin 20 manat hissəsinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev