Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5729/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (müqavilə üzrə borcun ödənilməsi, elektron qaimə, sübutetmə yükü) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyindən İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3 450.32 manat, illik gecildirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla 371.03 manat, sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1%-i həcmində cərimə ödənişi olaraq 2701.33 manat, hüquqi yardımın göstərilməsinə görə 300 manat, 88.23 manat dövlət rüsumunun, ümumilikdə 6910.91 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi arasında 19 may 2020-ci il tarixli, 01190520 nömrəli Xidmət Müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçiyə Alış Sifarişində nəzərdə tutulan malları və ya Xidmətləri tədarük etmək, Sifarişçi isə bu ümumi şərtlər və bu Müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə Malları və ya Xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini İcraçıya ödəmək barədə öhdəlik götürür. Müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, İcraçı 1 (bir) həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1%-i həcmində cərimə ödənilməsini Sifarişçidən tələb edir. Müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, Müqavilənin ümumi dəyəri müqavilənin qüvvədə olma müddətində icraçının Sifarişçiyə təqdim etdiyi hesab-fakturaların cəminin yekun məbləği olaraq hesablanır. Tərəflər arasında imzalanmış elektron-qaimələrə əsasən aşağıda dəyəri qeyd olunmuş Mallar və göstərilmiş Xidmətlər İcraçı tərəfindən Sifarişçiyə təhvil verilmiş və Sifarişçi tərəfindən təhvil alınmışdır: 1. 14 dekabr 2021-ci il tarixli, EBBO seriyalı, 158757 №-li elektron-qaiməyə əsasən əsas məbləğ 34.00 manat, ƏDV 6.12 olmaqla, ümumilikdə 40.12 manat, 2. 28 mart 2022-ci il tarixli, EBBT seriyalı, 428561 №-li elektron-qaiməyə əsasən əsas məbləğ 1.070.00 manat, ƏDV 192.60 olmaqla, ümumilikdə 1 262.60 manat,
3. 04 aprel 2022-ci il tarixli, EBBT seriyalı, 903625 №-li elektron qaiməyə əsasən əsas məbləğ 438.00 manat, ƏDV 78.84 manat olmaqla, ümumilikdə 516.84 manat, 4. 27 aprel 2022-ci il tarixli EBBV seriyalı, 244255 №-li elektron-qaiməyə əsasən əsas məbləğ 136.00 manat, ƏDV 24.48 manat olmaqla, ümumilikdə 160.48 manat; 5. 10 avqust 2022-ci il tarixli, EBCB seriyalı, 708928 №-li elektron-qaiməyə əsasən əsas məbləğ 1.071.00 manat, ƏDV 192.78 manat olmaqla, ümumilikdə 1 263.78 manat; 6. 01 sentyabr 2022-ci il tarixli, EBCC seriyalı, 951930 №-li elektron-qaiməyə əsasən əsas məbləğ 175.00 manat, ƏDV 31.50 manat olmaqla, ümumilikdə 206.50 manat. 3 450.32 manat dəyərində borc məbləği Sifarişçi tərəfindən İcraçıya bu günədək ödənilməmiş və Sifarişçi tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Həmçinin, 12 may 2023-cü il tarixli, ******* №-li və 15 fevral 2024-cü il tarixli ******* №-li məktublarla borcun ödənilməsi tələbi ilə müraciət olunmasına baxmayaraq, bugünkü günədək cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5729/2024 saylı qərardadı ilə hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə əvəz edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi təqdim etmişdir.
5. Etiraz onunla əsaslandırmışdır ki, müqavilənin 1-ci bəndinin şərtləri yerinə yetirilməyərək sifarişçi və icraçı arasında qarşılıqlı şəkildə malların alış sifarişi və qiyməti razılaşdırılmamış, müvafiq qaydada tərəflər arasında təsdiq edilməmişdir. Sifarişçiyə tədarük edilən malların dəyərinin ödənilməsi İcraçı və Sifarişçi arasındaxx.xx.2020-ci il tarixli 01190520 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Alış sifarişinə əsasən həyata keçirilməlidir. Sözügedən müqavilənin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, müqavilənin X1 müvafiq qaydada tərəflərin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməmiş, bununla da, satılan malların dəyəri razılaşdırılmamışdır. Cərimə məbləği ilə bağlı qeyd edilmişdir ki, 19 may 2020-ci il tarixli, 01190520 nömrəli müqavilədə illik 5% həcmində cərimə faizlərinin, hər hansı bir dəbbə pulunun hesablanması nəzərdə tutulmamışdır. İcraçı tərəfindən tədarük edilən malların qiyməti və digər təfsilatları tərəflər arasında razılaşdırılmamış, bununla da nəzərdə tutulmuş ödəmə şərtləri təsdiq edilməmişdir. Bu səbəbdən 0.1 faiz həcmində cərimənin hesablanması əsassızdır. Həmçinin qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə olunan sənədlərdə Birliyin nümayəndəsinin malları təhvil alması barədə sənədləri müqavilənin şərtlərinə və müddəalarına uyğun tərtib edilməmiş, həmin sənədlərdə malların razılaşdırılmış dəyəri göstərilməmişdir.
6. Daha sonra, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim etmiş, etirazda 19 may 2020-ci il tarixli, 01190520 nömrəli müqavilə üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçı qarşısında öhdəlik götürmədiyini, onun iddiaya cavab verməli şəxs olmadığını, cavabdehin onun tabeliyində olan qurumların bağladıqları müqavilələrə görə məsuliyyət daşımadığını qeyd etmiş və İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən mübahisələndirilən malların qəbul edilməsi iş materiallarına əlavə edilmiş elektron qaimələr və hesab-fakturalar (qaimələr) ilə təsdiq olunur.
8. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi X3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, əvvəlki qaimələr üzrə ödənişlər edilərkən göndərilən malların qiymətləri əvvəlcədən tərəflər arasında razılaşdırılmış və təhvil-təslim aktı mövcud olmuşdur. Belə ki, tərəflər arasında qarşılıqlı razılığa əsasən, əvvəlcə İddiaçı onlara siyahı şəklində mallar və onların qiymətlərinə dair sənədləri təqdim edir, qiymətlə bağlı razılıq olduğu təqdirdə onlar tərəfindən imzalanaraq iddiaçıya göndərilir və bunun əsasında iddiaçı tərəf həmin məhsulları elektron qaimələr əsasında təqdim edir. Lakin iddiaçı tərəfindən onlara təqdim edildiyi iddia edilən məhsullara dair tərəflər arasında razılıq olmamış, buna görə də həmin sənədlər cavabdehin imzası və möhürü ilə təsdiq edilmədən geri qaytarılmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İcraçı İddiaçı MMC və Sifarişçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi arasında bağlanmış 19 may 2020-ci il tarixli, 01190520 nömrəli Xidmət müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İcraçı Sifarişçiyə Alış Sifarişində nəzərdə tutulan malları və ya xidmətləri tədarük etmək, Sifarişçi isə bu ümumi şərtlər və bu Müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə Malları və ya Xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini İcraçıya ödəmək barədə öhdəlik götürür. 1.2-ci bəndinə əsasən, mallar və xidmətlərin təsviri, miqdarı, keyfiyyət tələbləri, qiymətlər, çatdırılma və ya yerinə yetirilmə şərləri və müddəti, malların və xidmətlərin alış sifarişi üzrə tədarükünə dair digər təfsilatlar tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri Alış sifarişində əksini tapır. 1.3-cü bəndinə əsasən, müqavilənin ümumi dəyəri müqaviləyə xitam verilənədək tərtib edilmiş qaimə-fakturaların hesablanmış ümumi dəyərindən ibarətdir. Hesab-Faktura tərəflər arasında əvvəlcədən razılaşdırılmış qiymət təklifinə uyğun olaraq həmin günün AR Mərkəzi Bankının məzənnəsinə əsasən AZN ilə təqdim ediləcəkdir. 2.1-ci bəndinə əsasən, təchiz edilmiş mallar və göstərilmiş xidmətlərin yoxlanılmasından sonra tərəflər malın keyfiyyəti və miqdarına dair məlumatın əksini tapdığı “təhvil-təslim aktı” imzalayacaqlar. 2.4-cü bəndinə əsasən, malın alış sifarişi əsasında müvafiq sənədlərlə birlikdə Sifarişçiyə çatdırılmasından sonra mala zərər dəyməsi və ya itirilməsi ilə bağlı risk Sifarişçiyə keçir. 3.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri müqavilənin qüvvədə olma müddətində icraçının sifarişçiyə təqdim etdiyi hesab-fakturaların cəminin yekun məbləği olaraq hesablanır. 4.1-ci bəndinə əsasən hazırkı müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və tərəflərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər və ya 1 (bir) il müddətinə qüvvədə sayılır.
11. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə təqdim edilmiş EBBO seriyalı 158757 nömrəli xx.xx.2021ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 40,12 manat, EBBT seriyalı 428561 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 1.262,60 manat, EBBT seriyalı 903625 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 516,84 manat, EBBV seriyalı 244255 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 160,48 manat, EBCB seriyalı 708928 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 1.263,78 manat, EBCC seriyalı 951930 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 206,50 manat təşkil etmişdir. Qeyd edilən elektron qaimələrin hər biri proqram təminatl tərəfindən təsdiq olunmuşdur.
12. xx.xx.2022-ci il tarixli, ******* saylı razılaşma protokolu əsasında 19 may 2020ci il tarixli, 01190520 nömrəli müqavilə üzrə dəyəri malların yekun məbləği 206,50 manat olan, xx.xx.2022-ci il tarixli ******* saylı razılaşma protokolu əsasında yekun məbləğ 1263.78 manat, xx.xx.2021-ci il tarixli ******* saylı razılaşma protokolu əsasında yekun məbləğ 40.12 manat, xx.xx.2022-ci il tarixli ******* saylı razılaşma protokolu əsasında yekun məbləğ 1262.60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı razılaşma protokolu əsasında yekun məbləğ 516.84 manat, xx.xx.2022-ci il tarixli ******* saylı razılaşma protokolu əsasında isə yekun məbləğ 160.48 manat təşkil etmişdir. Qeyd edilən razılaşdırma protokolları birtərəfli qaydada – yalnız iddiaçı tərəfindən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2022-ci il tarixli hesab faktura (qaimə) üzrə malların dəyəri 1070 manat, xx.xx.2022-ci il tarixli faktura üzrə malların dəyəri 136 manat, xx.xx.2022-ci il tarixli hesabfaktura əsasında malların dəyəri 1071 manat, xx.xx.2022-ci il tarixli hesab-faktura əsasında malların dəyəri 175 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli fakturada malların ayrı-ayrılıqda adları və qiymətlləri göstərilsə də yekun məbləğ qeyd olunmamışdır. Qeyd edilən fakturalarda göndərən qrafasında “Dərnəgül” yaxud “Xocasən” adları qeyd olunmuşdur.
14. “Bank Respublika" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli 019/2338 nömrəli məktubdan görünür ki, İddiaçı MMC-nin hesabına “Azərterminalkompleks” Birliyi tərəfindən 2022-ci il ərzində 10 dəfə olmaqla, ümumilikdə 5600 manat vəsait daxil olmuşdur. Vəsaitlər məktubda göstərilən tarix və məbləğlərdə olmaqla nağdsız olaraq hesaba daxil olmuşdur.
15. ********** nömrəli 23 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 88,23 manat dövlət rüsumu ödənilmişdir. 16.Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, EM-1937VK-2608/24 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir.
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı hazırkı mübahisə tərəflər arasında bağlanmış 19 may 2020-ci il tarixli, 01190520 nömrəli müqavilədən irəli gəlir. Belə ki, həmin müqavilə əsasında İcraçı Sifarişçiyə Alış Sifarişində nəzərdə tutulan malları və ya xidmətləri təqdim etməyi, Sifarişçi isə Müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında Malları və ya Xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı 19 may 2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 6 elektron qaimə əsasında ödəniş edilmədiyini iddia edərək ümumilikdə 3450.32 manat məbləğində pulun ödənilməsi tələbi ilə çıxış edir. Cavabdeh isə İddiaçı tərəfindən iddia edilən mallara dair tərəflər arasında razılıq olmadığını, qeyd edilən adda, məbləğdə malların Cavabdeh tərəfindən təhvil alınmadığı üçün iddia tələbinin əsassız olduğunu bildirir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1. alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 579.1. əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 581.1. satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərində tərəflər, mallar və xidmətlərin miqdarı və qiymətinin tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri Alış sifarişində əks olunması (1.2), təchiz edilmiş mallar və göstərilmiş xidmətlərin yoxlanılmasından sonra tərəflər arasında “təhvil-təslim aktı”nın imzalanacağı (2.1), malın alış sifarişi əsasında müvafiq sənədlərlə birlikdə Sifarişçiyə çatdırılması (2.4), müqavilənin ümumi dəyərinin İcraçının Sifarişçiyə təqdim etdiyi hesab-fakturaların cəminin yekun məbləği olaraq hesablanacağı (3.1), Hesab-Faktura tərəflər arasında əvvəlcədən razılaşdırılmış qiymət təklifinə uyğun olacağı barədə razılığa gəlmişlər.
20. Belə ki, İddiaçı sözügedən müqavilə üzrə təhvil verdiyinə istinad etdiyi malların dəyərini tələb etdiyindən, Cavabdeh isə həmin mallara dair tərəflər arasında razılaşma əldə olunmadığını bildirdiyindən, AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə üzrə malların təhvil verilməsini sübut etmək vəzifəsi İddiaçının üzərinə düşür.
21. Lakin İddiaçı dəyəri 3450.32 manat təşkil edən mallara dair təsdiqedici sənədləri (hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Alış sifarişi, təhvil-təslim aktları və müvafiq fakturaları) məhkəməyə təqdim etməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir. Elektron qaimələr ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı həmin qaimələrin avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, həmin elektron-qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə təqdim edilmiş digər sübutlarla birlikdə təhlil edilməlidir.
22. İş materiallarına əlavə edilən razılaşma protokollarına münasibətdə məhkəmə hesab edir ki, həmin sənədlər birtərəfli qaydada İddiaçı tərəfindən imzalanaraq təsdiq edildiyindən, Cavabdeh isə həmin malları sifariş etmədiyini bildirdiyindən həmin razılaşma protokolları Cavabdeh tərəfindən malın sifariş edilməsi faktını təsdiq etmək üçün kifayət etmir. Əlavə olaraq məhkəmə iclasında İddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq tərəflər arasında formalaşmış işgüzar adətlərə əsasən sifarişin şifahi formada verildiyini bildirmişdir.
23. İddiaçının malların təhvil verilməsinə dair istinad etdiyi hesab-fakturalar ilə bağlı məhkəmə qeyd edir ki, həmin sənədlərdə malı təhvil verən və təhvil alan şəxslərin adları qeyd olunmamış, “kimdən” qrafasında İddiaçının adı deyil, “Dərnəgül” yaxud “Xocasən” adları qeyd edilmiş, sonuncuların isə "xxxx" MMC-yə aidiyyəti məhkəmə tərəfindən müəyyən olunmamışdır.
24. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olubolmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməyibsə, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.
25. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.
26. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaiməfakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
28. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.
29. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
31. İddia tələbi əsas borcun tutulması hissəsində rədd edildiyindən məhkəmə cavabehdən 371,03 manat faiz borcunun və 2701.33 manat dəbbə pulunun tutulması hissəsində də iddia tələbini əsassız hesab edir.
32. İddiaçı ödənilmiş 88,23 manat məbləğində dövlət rüsumunun və vəkil xidmətinə görə 300 manat pul məbləğinin də cavabdehdən tutulmasını xahiş edir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu və vəkil xidmətinə görə ödənilmiş 300 manat İddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov