Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5835/2023 11.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdеh Cavabdehnə qarşı borcun tutulması barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: borcun tutulması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı cavabdеh Cavabdehnə qarşı cavabdehdən 5428 manat məbləğində əsas borcun, 765 manat cərimə məbləğinin, 110 manat mediasiya xərcinin alınması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 5428 manat məbləğində əsas borcun, 765 manat cərimə məbləğinin, 110 manat mediasiya xərcinin alınması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə N26112329 saylı “Xidmətlərin göstərilməsi haqqında” Müqavilə (Reklam xidməti, SMM xidmətlərinin göstərilməsi) bağlanılmış və iş iddiaçı tərəfindən yerinə yetirilmişdir. xx.xx.2022-ci il tarixli N26112329 saylı Müqaviləyə olunan Əlavə 01, xx.xx.2022-ci il tarixli Təhvil-Təslim Aktı, xx.xx.2022 Seriya: EBCİ 712567 saylı, xx.xx.2022 Seriya: EBCİ 522356 saylı, xx.xx.2023 Seriya: EBCM 565412 saylı, xx.xx.2023 Seriya: EBCO 589118 saylı, xx.xx.2023 Seriya:EBDB 323372 saylı, xx.xx.2023 Seriya: EBDC 950685 saylı, xx.xx.2023 Seriya: EBDE 947204 saylı, xx.xx.2023 Seriya: EBDJ 224292 saylı, xx.xx.2023 Seriya:EBDL 452894 saylı Elektron qaimələr də Xidmətlərin iddiaçı tərəfindən nöqsansız və vaxtında icra edildiyini təsdiq edir. “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” Qaimələrinə əsasən, ümumi olaraq 8260 manat (18% ƏDV daxil) məbləğində yekun borc yaranmışdır. xx.xx.2022 Seriya: EBCİ 712567 saylı, xx.xx.2022 Seriya: EBCİ 522356 saylı, xx.xx.2023 Seriya: EBCM 565412 saylı, xx.xx.2023 Seriya: EBCO 589118 saylı Elektron qaimələrində göstərildiyi üzrə, əsas borcdan 2832 manat ödənilmiş, 5428 manat qalıq borc yaranmışdır. Təqdim edilmiş Elektron Qaimələrə əsasən xidmət haqqının son ödənişi xx.xx.2023-cü il tarixdə olmuş və Cavabdehə verilmiş invoys üzrə 5428 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi iddiaçıya ödənilməmişdir. Müqavilənin 6.2 maddəsinə əsasən, Sifarişçi müqavilənin 3.3 bəndində nəzərdə tutulan tələblərə riayət etmədiyi halda, hər ötmüş gün üçün Agentliyə vaxtında ödənilməmiş məbləğin 0.1%-i həcmində cərimə ödəməlidir. (Son ödəniş tarixindən (xx.xx.2023) xx.xx.2023-cü il tarixinə qədər gecikdirilmiş hər gün üçün ümumi olaraq cərimə məbləği 765 manat təşkil edir. Cavabdeh müxtəlif bəhanələrlə xidmət haqqını ödəməkdən imtina edir. Göstərilən səbəbdən iddiaçıya xeyli miqdarda zərər dəymiş və belə hal, iddiaçının iş prosesinə çətinliklər yaratmışdır. Mübahisələrin məhkəmədən kənar qaydada həlli məqsədi ilə xx.xx.2023-cü il tarixində cavabdehə Xəbərdarlıq məktubu (pretenziya) göndərilmiş, 3 (üç) iş günü ərzində borcun ödənilməsini tələb olunsa da, Xəbərdarlığa əhəmiyyət verilməmişdir. Eyni zamanda “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq,məhkəməyə müraciət etməzdən öncə mübahisələrin həlli məqsədi ilə xx.xx.2023cü il tarixində cavabdehə “Mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərərək (poçt vasitəsi ilə), 10 iş günü ərzində mediasiya prosesində iştirak etmək təklif olunmuş, lakin cavabdeh əhəmiyyət verməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində İMS keçirilməsinə görə “X1 üçün Ərizə” ilə, Bakı 10 saylı Mediasiya təşkilatına etmişdir. xx.xx.2023-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən İMS barədə bildiriş göndərildi və xx.xx.2023-cü il tarixinə İMS təyin olundu. xx.xx.2023-cü il tarixində iddiaçı (Admedia.az MMC) İMS-də iştirak etsə də, Cavabdeh prosesdə iştirak etmədi. Bu səbəblə,10 saylı Mediasiya təşkilatı tərəfindən İMS-də İştirak edilməməsi barədə Arayış təqdim olundu.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1nda tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1nda üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. N 26112329 saylı xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, sifarişçi icraçıya reklam məhsulları, reklam xidməti və SMM xidməti tapşırır, icraçı isə xidmətləri göstərilməsini öhdəsinə götürür.
9. 323372 saylı xx.xx.2023-cü il tarixli, 950685 saylı xx.xx.2023-cü il tarixli, 947204 saylı xx.xx.2023-cü il tarixli, 224292 saylı xx.xx.2023-cü il tarixli və 452894 saylı xx.xx.2023-cü il tarixli qaimələrdən görsənir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5428 manat dəyərində xidmətlər göstərilmişdir.
10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
11. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş qaimələrin, aktların müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsi imzalanmış, iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.
14. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia xidmət haqqı borcunun tələb edilməsi hissəsində əsaslıdır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
16. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilənin 6.2-ci bəndinə əsasən cavabdeh iddiaçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür.
17. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
18. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 270 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
21. İş üzrə dövlət rüsumu məbləğinin 81,93 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 110 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 92 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 103,45 manat (110 manat (mediasiya xərci) – 6,55 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 103,45 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5428 manat məbləğində əsas borc, 270 manat cərimə, mediasiya xərcinə görə 103,45 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 5428 manat məbləğində əsas borc, 270 manat cərimə, mediasiya xərcinə görə 103,45 manat tutularaq tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev