Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-585/2024 11.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: müqavilə üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı konsessiya (diler) müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı QSC (distribütor) ilə Cavabdeh (diler) arasında 26 yanvar 2019-cu il tarixli ******* saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Distribütor və Diler (bundan sonra ayrılıqda hər biri ‘'tərəf', birlikdə "tərəflər" adlandırılacaq) arasında münasibətlər bu Müqavilənin şərtlərinə əsasən tənzimlənəcəkdir. Bu müqaviləyə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distribütor təqdim edəcək, həmçinin malın dilerə çatdırılmasını distribütor öz hesabına həyata keçirəcək. Malların Dilerə çatdırılmasını tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə öz əksini tapacaq. 1.2-ci bəndinə əsasən Diler, bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən Distribütorun agenti, və ya səlahiyyətli nümayəndəsi kimi yox, məhz Malların satısı üzrə müstəqil diler kimi fəaliyyət göstərəcək və bu Müqavilədən irəli gələn öhdəliklərinə görə hər hansı üçüncü tərəflər qarşısında məsuliyyət daşıyacaq. 2.4.7-ci bəndinə əsasən Dilerin öhdəliyidir ki, Distribütordan aldığı mala görə ödənişi mal Dilerə təhvil verildiyi gündən hesablanmaqla 30 gün ərzində həyata keçirsin. Bu bəndlə müəyyən edilmiş ödəniş şərtlərindən fərqlənən hər hansı digər ödəmə şənləri tərəflər arasında ayrıca razılaşdırılaraq müqaviləyə əlavə olunacaq. 3.1-ci bəndinə əsasən bu müqavilə Tərəflərin imza və möhürləri ilə təsdiq olunduğu gündən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə bir həftə qalmış tərəflərdən hər hansı biri müqavilə müddətinin uzadılmasına etiraz etmirsə Müqavilə bir il/illər müddətlərinə uzadılmış hesab edilir. Distribütor Dileri 1 (bir) həftə qabaq məlumat verməklə müqaviləni birtərəfli qaydada xitam edə bilər. Müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə qüvvədə olarkən üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Müqavilə tərəflərin imzası və distribütorun möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı QSC (distribütor) ilə Cavabdeh (diler) arasında bağlanmış 26 yanvar 2019-cu il tarixli ******* saylı diler müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə imzalamışlar. Əlavənin şərtlərinə görə:
1. Ödənişin möhləti: realizasiya
2. Maksimal borc limiti:
3. Realizasiya şərtləri: ay ərzində 2 dəfə sayım, satılna mallların 3 gün ərzində ödənilməsi. Əlavə tərəflərin imzası və distribütorun möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2021-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh İddiaçı QSC-yə fevral 2021-ci ilin sonuna borc qalığı 10.889,40 ABŞ dolları təşkil edir. Üzləşmə aktı tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1875 nömrəli maliyyə arayışına əsasən 26 yanvar 2019-cu il tarixli ******* saylı diler müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-yə borcu 10.889,40 ABŞ dolları təşkil edir.
5. İddiaçı QSC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair pretenziya məktubu ünvanlanmışdır.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.889,40 dollar əsas borc məbləği, gecikdirilmiş dövr üçün 90 dollar, 210 manat ilkin mediasiya sessiyası üzrə və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğ olmaqla, cəmi 10.979,40 dolların və 510 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 yanvar 2019-cu il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh ) asında, Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən №0000711 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler rəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin Dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 mart 2021-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 28 fevral 2021-ci il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 10.889,40 dollar təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. Cavabdeh tərəfindən mövcud borcla əlaqədar heç bir ödəniş həyata keçirilmədiyindən xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İnteqral QSC-yə olan borcu 10.889,40 dollar təşkil edir Həmçinin, qeyd edirlər ki, AR Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb ödəmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbi göndərdiyi andan başlanır, belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2023-cü il tarixində Cavabdeh ilk yazılı pretenziya göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7cimaddəsinə əsasən, Borclu pulməbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alsalar, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2023-cü il tarixindən başlanmalıdır. İddianın gecikdirilməsi üzrə məbləğ 2 ay əsasında ((10889,40*5%)/12)*2= 90,75 dollar hesablanmalıdır. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: 1. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən əsas borc məbləği – 10.889,40 dollar 2. Gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 90 dollar 3. İlkin mediasiya sessiyası üzrə xərclər – 210 manat 4. Hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq – 300 manat. Cəmi: 10.979,40 dollar və 510 manat.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.7 və 448.2-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır. b) İşdə iştirak edən şəxslər və onların izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
14. İddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 800.1-ci maddəsinə əsasən konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: - 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; - 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; - 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.
18. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh (diler) arasında 26 yanvar 2019-cu il tarixli ******* saylı diler müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək müxtəlif çeşidli malları cavabdehə təqdim etməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə İddiaçı QSC-yə olan borcu 10.889,40 ABŞ dolları təşkil edir (bax. xx.xx.2021-cü il tarixli üzləşmə aktı).
22. Belə olan halda məhkəmə mübahisəli diler müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 10.889,40 ABŞ dolları tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
23. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 10.889,40 ABŞ dolları borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 90 ABŞ dolları məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür.
24. Hazırkı işdə məhkəmə Cavabdeh diler müqaviləsinə əsasən 10.889,40 ABŞ dolları məbləğində borcunun ödənilməsini 2 ilə yaxın müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə bir illik müddət üçün illik 5 faiz hesabı ilə 90 ABŞ dolları məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 210 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
26. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 146 manat təşkil edir.
27. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
28. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh 26 yanvar 2019-cu il tarixli ******* saylı diler müqaviləsi üzrə 10.889,40 ABŞ dolları məbləğində pul vəsaiti, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 90 ABŞ dolları məbləğində faiz olmaqla cəmi 10.979,40 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, mediasiya xərclərinin əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 300 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. .
Hakim Leyla Əliyeva