Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-586/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı (bundan sonra “Azneft” İB) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Azneft” İB arasında bağlanmış 17 fevral 2023-cü il tarixli “sellülöz (kağız, karton) tullantılarının idarə edilməsi haqqında” müqavilə və həmin müqavilə üzrə “ödəniş etmək öhdəliyinin ötürülməsi haqqında” 02 oktyabr 2023-cü il tarixli üçtərəfli razılaşma üzrə 7363,2 manat məbləğində pulun və ödənilmiş 94 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli 58/XM nömrəli “sellülöz (kağız, karton) tullantılarının idarə edilməsi” haqqında müqavilə bağlanmışdır. Müqavilənin predmeti iddiaçının X2 Mərkəzində (TİEM) və ya razılaşdırılmış digər məntəqədə yerləşdirilmiş, “Azneft” İB üzrə neft-qaz əməliyyatlarının aparılması üçün tələb olunmayan material qiymətlərinə aid və təkrar emala yararlı tullantı olan sellülöz tullantıları (kağız, karton) tullantıların ekoloji tələblərə uyğun olaraq zərərsizləşdirilməsi və təkrar emalı üçün hərrac yolu ilə özgəninkiləşdirilməsi, ətraf mühitin mühafizəsi və tullantıların təkrar istifadəsi bacarığının inkişaf etdirilməsi məqsədi ilə qarşılıqlı faydalı əməkdaşlıq edilməsidir. Həmin müqavilənin 2.1-ci bəndinə görə, müqavilənin məbləği X3 prosesində, təkrar istifadəyə qaytarılan tullantılardam xammal kimi istifadə olunması nəticəsində formalaşır və cavabdeh tərəfindən iddiaçıya ödənilir. Həmin müqavilənin 2.3cü bəndinə görə, sellülöz tullantıları (kağız, karton) tullantılarının vahidinin idarə edilməsi prosesində 130 man/ton, ƏDV daxil olmaqla, 153,4 man/ton tətbiq edilməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə görə, müqavilənin ümumi məbləği 48,0 ton sellülöz tullantıları (kağız, karton) nəzərə alınmaqla, ƏDV daxil olmaqla 7363,2 manat təşkil edir. 2.2. Qeyd edilən müqaviləyə əlavə olaraq “ödəniş etmək öhdəliyinin Cavabdeh MMC-yə ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli 1 nömrəli üçtərəfli razılaşma imzalanmışdır. Razılaşmaya əsasən, "xxxx" MMC özünün müqavilə üzrə ödəniş etmək öhdəliyini cavabdehə ötürür, cavabdeh ödəniş öhdəliyini "xxxx" MMC-dən qəbul edir və müqavilənin şərtlərinə müvafiq icra olunmasını təmin edir. İddiaçı ödəniş öhdəliyinin "xxxx" MMC-dən güzəşt olunaraq cavabdehə ötürülməsinə razılığını bildirir (etiraz etmir). İmzalanmış razılaşmaya müvafiq olaraq iddiaçı tərəfindən göstərilmiş iş və xidmətlərə görə cavabdehə elektron qaimə-faktura təqdim edilmişdir. Tərəflər arasında imzalanmış müqavilə və əlavə razılaşma çərçivəsində iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən yaranmış 7363,20 manat məbləğində borcun ödənilməsi bu günə kimi təmin edilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 404, 442-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, tərəflər arasında ümumilikdə 6 təhvil-təslim aktı imzalanmış, 48 ton tullantı verilmişdir.
7. Məhkəmə bildirişləri cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
8. Məhkəmə bildirişləri üçüncü şəxsin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilən iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 58/XM nömrəli sellülöz (kağız, karton) X3 haqqında müqavilənin şərtlərindən görünür ki: – müqavilənin predmeti: “Azneft” İB-nin X3 mərkəzində (TİEM) və ya razılaşdırılmış digər məntəqədə yerləşdirilmiş, “Azneft” İB üzrə neft-qaz əməliyyatlarının aparılması üçün tələb olunmayan material qiymətlilərinə aid və təkrar emala yararlı tullantı olan sellülöz tullantıları (kağız, karton) tullantıların ekoloji tələblərə uyğun olaraq zərərsizləşdirilməsi və təkrar emalı üçün hərrac yolu ilə özgəninkiləşdirilməsi (1.1). Ətraf mühitin mühafizəsi və tullantıların təkrar istifadəsi bacarığının inkişaf etdirilməsi məqsədi ilə qarşılıqlı faydalı əməkdaşlıq edilməsi (1.2). Müqavilənin məbləği tullantıların idarə olunması prosesində, təkrar istifadəyə qaytarılan tullantılardan xammal kimi istifadə olunması nəticəsində formalaşır və “İcraçı” tərəfindən “Sifarişçi”yə ödənilir (2.1). Müqavilə məbləği “Sifarişçi”nin tullantıları çeşidləməsi, toplanması, TİEM-də yerləşdirilməsi və saxlanması ilə əlaqədar xərclərinin kompensasiyası üçün nəzərdə tutulmuşdur (2.2). Sellülöz tullantıları (kağız, karton) tullantılarının vahidinin idarə edilməsi prosesində 130.00 (yüz otuz) man/tn, ƏDV daxil olmaqla 153,4 (yüz əlli üç) man/tn tətbiq edilməlidir (2.3). Müqavilənin ümumi məbləği 48,0 tn sellülöz tullantıları (kağız, karton) tullantıları nəzərə alınmaqla ƏDV daxil olmaqla 7363,2 (yeddi min üç yüz altımış üç manat 20 qəpik) manat təşkil etmişdir (2.4). – “Sifarişçi” tullantıları Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Puta-Korgöz- Qızıldaş-Sahil yolu, 12-ci km, 3 ünvanında yerləşən TİEM-də “İcraçı”ya təhvil verməlidir (3.1). Tullantının çəkisinin müəyyənləşdirilməsi üçün TİEM-də tərəzidən istifadə edilməlidir. Tərəzinin göstəricisi haqqında qəbz təhvil-qəbul aktı üçün əsas hesab edilməlidir. Tullantının çəkisini müəyyənləşdirən tərəzi tələb olunan standartlara cavab verməli, tullantının çəkisi düzgün müəyyənləşməlidir. Tərəzinin göstəricisində hər hansı uyğunsuzluq aşkar edilərsə, Sifarişçi və icraçı tərəfindən bu uyğunsuzluq aradan qaldırılmalıdır (3.2). Tullantılar yükləndikdən və TİEM ərazisindən çıxarıldıqdan sonra mülkiyyət hüququ və tullantıların idarə olunması ilə əlaqədar bütün risklər “Sifarişçi”dən “İcraçı”ya ötürülməlidir (3.4). “Sifarişçi” tullantıları “İcraçı”nın müəyyən etdiyi hissələrlə göndərməlidir. Tullantıların hissə-hissə təhvil-qəbul prosesi 2 nüsxədə təhvil-qəbul aktı əsasında, faktiki göndərilmiş həcm və dəyəri təsdiq edilməklə sənədləşdirilməlidir (5.1). “İcraçı” təkrar emal üçün xammal kimi istifadə etdiyi tullantının dəyərini tullantıları çeşidləməsi, toplanması, yerləşdirilməsi və saxlanması ilə əlaqədar xərclərin kompensasiyası üçün “Sifarişçi”yə ödəməlidir (5.1). “İcraçı” tərəfindən tullantının dəyərinin ödənişi təhvil-qəbul Aktı və hesab-faktura əsasında 30 (otuz) bank günü ərzində köçürmə yolu ilə “Sifarişçi”nin hesabına Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilməlidir (5.2).
13. “Azneft” İB, "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış 17 fevral 2023cü il tarixli “sellülöz (kağız, karton) tullantılarının idarə edilməsi haqqında” müqavilə üzrə “ödəniş etmək öhdəliyinin ötürülməsi haqqında” 02 oktyabr 2023-cü il tarixli 01 nömrəli üçtərəfli razılaşmanın şərtlərindən görünür ki, "xxxx" MMC özünün Müqavilə üzrə ödəniş etmək öhdəliyini Cavabdeh MMC-yə ötürür (güzəşt edir) (1.1). “Azerkarton Group" MMC ödəniş öhdəliyini "xxxx" MMC-dən qəbul edir və müqavilənin şərtlərinə (müddəalarına) müvafiq icra olunmasını təmin edir (1.2). SOCAR “Azneft” İB ödəniş öhdəliyinin "xxxx" MMC-dən güzəşt olunaraq Cavabdeh MMC-yə ötürülməsinə razılığını bildirir (etiraz etmir) (1.3).
14. Məhkəməyə təqdim edilən iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən möhürləri ilə təsdiq edilmiş təhvil-təslim aktlarında görünür ki, 04 oktyabr 2023-cü il tarixli aktla 7,54 ton kağız tullantısı, 05 oktyabr 2023-cü il tarixli aktla 7,7 ton kağız tullantısı, 10 oktyabr 2023-cü il tarixli aktla 8,24 ton kağız tullantısı, 11 oktyabr 2023-cü il tarixli aktla 8,02 ton kağız tullantısı, 13 oktyabr 2023-cü il tarixli aktla 9,36 ton kağız tullantısı, 18 oktyabr 2023-cü il tarixli aktla 7,14 ton kağız tullantısı olmaqla ümumilikdə 48 ton tullantı cavabdehə təhvil verilmişdir.
15. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli EBDY 274185 seriya və nömrəli elektron qaimə-fakturadan görünür ki, 7363,2 manat dəyərində xidmətin göstərilməsi barədə elektron qaimə tərtib edilərək iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 58/XM nömrəli sellülöz (kağız, karton) X3 haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı X3 Mərkəzində (TİEM) və ya razılaşdırılmış digər məntəqədə yerləşdirilmiş, “Azneft” İB üzrə neft-qaz əməliyyatlarının aparılması üçün tələb olunmayan material qiymətlilərinə aid və təkrar emala yararlı tullantı olan sellülöz tullantıları (kağız, karton) tullantıların ekoloji tələblərə uyğun olaraq zərərsizləşdirilməsi və təkrar emalı üçün "xxxx" MMC-yə verməyi, "xxxx" MMC isə tullantıları qəbul edərək iddiaçının tullantıları çeşidləməsi, toplanması, TİEM-də yerləşdirilməsi və saxlanması ilə əlaqədar xərclərinin kompensasiyası üçün hər ton tullantı üçün ƏDV daxil olmaqla 153,4 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Adıçəkilən müqavilə üzrə 02 oktyabr 2023-cü il tarixli 01 nömrəli üçtərəfli razılaşma ilə ödəniş etmək öhdəliyi "xxxx" MMC-dən cavabdehə ötürülmüşdür. Eyni zamanda 04 oktyabr 2023-cü il, 05 oktyabr 2023-cü il, 10 oktyabr 2023-cü il, 11 oktyabr 2023-cü il, 13 oktyabr 2023-cü il və 18 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktları əsasında ümumilikdə 48 ton tullantı cavabdeh tərəfindən təhvil alınmış, xx.xx.2024-cü il tarixli EBDY 274185 seriya və nömrəli elektron qaimə ilə ƏDV daxil olmaqla 7363,2 manat dəyərində xidmətin göstərilməsi rəsmiləşdirilmişdir.
17. İddiaçı xx.xx.2023-cü il tarixli 58/XM nömrəli sellülöz (kağız, karton) X3 haqqında müqavilə (02 oktyabr 2023-cü il tarixli 01 nömrəli üçtərəfli razılaşma nəzərə alınmaqla) üzrə 7363,2 manat pulun ödənilməsini tələb edir.
18. Cavabdeh tərəf və üçüncü şəxs hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.
19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
23. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Məhkəmə qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 58/XM nömrəli sellülöz (kağız, karton) X3 haqqında müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
28. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
29. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
30. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
31. Bu mənada məhkəmə göstərir ki, üçüncü şəxs "xxxx" MMC-nin müqavilə üzrə 7363,2 (48 ton tullantı * 1 ton tullantı üçün 153,4) manat məbləğində borcu yaranmışdır. Üçüncü şəxs "xxxx" MMC müqavilə üzrə öhdəliklərini Cavabdeh MMC-yə ötürsə də, sonuncu xx.xx.2023-cü il tarixli 58/XM nömrəli sellülöz (kağız, karton) X3 haqqında müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş öhdəliyini – müqavilənin qiymətini ödəmək vəzifəsini icra etməmişdir. Belə ki, Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
38. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə müqavilənin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli 58/XM nömrəli sellülöz (kağız, karton) X3 haqqında müqavilə üzrə 7363,2 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “Azneft” İB-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı həmçinin 94 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.
40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 94 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “Azneft” İB-yə ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı arasında bağlanmış 17 fevral 2023-cü il tarixli “sellülöz (kağız, karton) tullantılarının idarə edilməsi haqqında” müqavilə və həmin müqavilə üzrə “ödəniş etmək öhdəliyinin ötürülməsi haqqında” 02 oktyabr 2023-cü il tarixli üçtərəfli razılaşma üzrə 7363,2 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova