Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5875/2023 19.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X7nun Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, qanuni faiz, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı X7nun Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Asım Gullu İlker Cavabdehnə qarşı (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 mart 2022-ci il tarixli xidmət müqaviləsi üzrə 19301,8 manat əsas borcun və öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün illik 5 faizlə hesablanmaqla 965,09 manat pulun və 205 manat mediasiya xərcinin, 1500 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı Cavabdeh MMC) və iddiaçı arasında 1 mart 2022-ci il tarixində xidmət müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə görə xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş müddət bitsə və texnikalar iddiaçıya qaytarılsa da, cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmiş, göstərilmiş xidmətlərə görə borc ödənilməmişdir. 2.2. 17 may 2022-ci il tarixli görülən işlərin aktına görə 6279,61 manat, 15 iyun 2022-ci il tarixli görülən işlərin aktına görə 6490 manat, 18 iyul 2022-ci il tarixli görülən işlərin aktına görə 3582,19 manat, 22 avqust 2022-ci il tarixli görülən işlərin aktına görə 2950 manat olmaqla, ümumilikdə 19301,8 manat məbləğində ödəniş iddiaçıya ödənilməlidir. 2.3. Tərəflər arasında bağlanan müqaviləyə əsasən, sifarişçi müqavilə üzrə xidmət göstərən texnikaya görə xidmət haqqının ödənişini müqavilə bağlandığı gün, digər aylar üzrə xidmət haqqı ödənişlərini isə növbəti ödənişin vaxtına 3 gün qalmış həyata keçirməlidir. Lakin cavabdeh tərəfindən iddiaçıya, göstərilən xidmətə görə heç bir ödəniş edilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.1, 445.7 və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini, iddia ərizəsində qeyd olunanları izahat, cavabdeh tərəfindən bu günə kimi heç bir ödəniş edilməməsini nəzərə alaraq təqdim edilmiş sazişin üzləşmə aktı kimi qəbul olunmasını və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə məhkəmə bildirişləri yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, qanuni təmsilçisinə telefonoqram ötürülməklə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (xidmət göstərən qismində) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli ATC/AG/03/2022 nömrəli xidmət müqaviləsinin predmetlə bağlı şərtlərindən (1-ci hissə) görünür ki, xidmət göstərənin mülkiyyətində olan, texniki xarakteristikası və haqqındakı digər məlumatlar xidmət formasında göstərilən texnikanı bu müqavilədə müəyyən edilən şərtlər daxilində xidmət verilməsi müqavilənin predmetini təşkil edir. Bu xidmət müqaviləsi bir il ərzində bu müqavilənin istinad nömrəsi ilə tərtib olunan və ya tərtib olunacaq bütün xidmət formaları üçün qüvvədə hesab olunur.
11. Adıçəkilən müqavilənin xidmət müddəti ilə bağlı (2-ci hissə) müddəalarına əsasən, xidmət müddəti xidmət formasında göstərilmiş olub, bu müddət texnikanın sifarişçiyə təhvil verildiyi tarixdən etibarən başlayır. Təhvil tarixi dedikdə, texnikanın Xidmət göstərənə məxsus obyektdə və ya onların son olaraq saxlanıldıqları yerdə şəxsən sifarişçiyə, onun işçisinə və ya nəqliyyat ekspeditoruna təhvil verildiyi tarix yaxud da sifarişçiyə göndərilməsi üçün proseduraların başladığı tarix nəzərdə tutulur. Xidmət müddətinin başa çatma tarixi olaraq texnikanın Xidmət göstərənin obyektinə geri qaytarıldığı tarix qəbul edilir. Xidmət müddəti başa çatana qədər sifarişçi tərəfindən yazılı olaraq müqavilə müddətinin uzadılmaması və texnikanın geri təhvil götürülməsi tələb edilməmişdirsə, Xidmət müddəti, başlanğıcda müəyyən edilmiş müddət və eyni vahid qiymət əsas götürülməklə, xidmət müqaviləsində və xidmət formasında qeyd olunan şərtlər daxilində avtomatik olaraq uzadılmış hesab olunur. Ancaq Xidmət göstərən yazılı olaraq məktub və ya elektron poçt vasitəsilə xidmət müqaviləsinin müddətini uzatmayacağını bildirdiyi təqdirdə, Xidmət müddəti heç cür uzadılmayacaq və sifarişçi Xidmət müddəti başa çatdıqda texnikaları dərhal Xidmət göstərənə təhvil verməyə borcludur. Sifarişçi xidmət göstərən texnikanın müqavilə üzrə müddətin sonuna kimi istifadə etməlidir. Sifarişçi xidmət göstərən texnikam müqavilə şərtlərinin Xidmət göstərən tərəfindən pozulması hallan əsas olmadan Xidmət müddəti başa çatmadan geri qaytararsa, bu zaman xidmət müqaviləsində müəyyən olunmuş Xidmət müddətinin ödənişlərini texnikanın qaytardığı müddətə görə deyil, son Xidmət müddəti üzrə tam həyata keçirəcəkdir.
12. Sözügedən müqavilənin xidmət haqqı və ödəniş forması adlanana 3-cü hissəsinə əsasən, texnikanın xidmət haqqı və digər xidmətlərin qiymətləri ödəniş müddətləri ilə birlikdə xidmət formasında göstərilmişdir. Ödənişlər göstərilən tarixlərdə edilmədiyi təqdirdə ödənilməli olan məbləğə görə 2% dəbbə pulu tətbiq edilir. Sifarişçi hər hansı bir ödənişi təyin edilən gündə etmədiyi təqdirdə, qalan bütün borcları, hər hansı bır xəbərdarlığa ehtiyac qalmadan, müddəti çatmış borc hesab edilir. Belə olan təqdirdə sifarişçi texnikanı dərhal Xidmət göstərənə geri qaytarmağa borcludur. Daşınma, operator və digər öhdəlikləri sifarişçi daşımaqla birlikdə, bu xidmətlərin birinin və ya bir neçəsinin dəyəri Xidmət göstərən tərəfindən ödənilərsə, sifarişçidən əlavə olaraq bu məbləğləri ödəməsi də tələb ediləcəkdir. Sifarişçi müqavilə üzrə xidmət göstərən texnikaya görə xidmət haqqını təyin olunmuş müqavilənin (bənd şərtidir) 2-ci bəndinə əsasən ödəmə müddətindən sonra bir həftə ərzində ödəmədikdə xidmət göstərən heç bir etiraz qəbul etmədən avadanlığı qeyri-şərtsiz geri götürəcəkdir. Sifarişçi xidmət göstərən texnikanın xidmət haqqının ilkin ayının ödənişini müqavilə bağlandığı gün, digər aylar üzrə xidmət haqqı ödənişlərini isə növbəti ödənişin vaxtına 3 gün qalmış həyata keçirəcəkdir.
13. Həmin xidmət müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, texnika daşıması istisna olmaqla səbət mexanizmi üçün 1 aylıq 3000 manat + ƏDV, səbət dizel mexanizmi üçün isə 1 aylıq 5000 manat + ƏDV xidmət haqqı şərtləşdirilmişdir.
14. Məhkəməyə təqdim edilən hər iki tərəfin möhürü ilə təsdiq edilən görülən işlərin aktlarına əsasən, 17 may 2022-ci il tarixli aktla xx.xx.2022 – xx.xx.2022-ci il dövründə görülən iş dəyəri ƏDV daxil 6279,61 manat, 15 iyun 2022-ci il tarixli aktla xx.xx.2022 – xx.xx.2022-ci il dövründə görülən iş dəyəri ƏDV daxil 6490 manat, 18 iyul 2022-ci il tarixli aktla xx.xx.2022 – xx.xx.2022-ci il dövründə görülən iş dəyəri ƏDV daxil 3582,19 manat, 22 avqust 2022-ci il tarixli aktla xx.xx.2022 – xx.xx.2022 dövründə görülən iş dəyəri ƏDV daxil 2950 manat olaraq (ümumilikdə 19301,8 manat) cavabdeh tərəfindən təhvil alınmışdır.
15. İş materiallarında olan elektron-qaimə fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDR 703246 seriya və nömrəli elektron qaimə ƏDV daxil 6279,61 manat, xx.xx.2023-cü il tarixli EBDR 703385 seriya və nömrəli elektron qaimə ƏDV daxil 6490 manat, xx.xx.2023-cü il tarixli EBDR 703502 seriya və nömrəli elektron qaimə ƏDV daxil 3582,19 manat, xx.xx.2023-cü il tarixli EBDR 703970 seriya və nömrəli elektron qaimə ƏDV daxil 2950 manat dəyərində işlərin (ümumilikdə 19301,8) təqdim edilməsi üçün tərtib edilmişdir.
16. İş materiallarına əlavə edilən hər iki tərəfin möhürü ilə təsdiq edilmiş xx.xx.2023cü il tarixli sazişdən görünür ki, "xxxx" MMC (hazırkı Cavabdeh MMC) şirkətinin direktoru Qanuni nümayəndə və X6 arasında 1 mart 2022-ci il tarixində xidmət müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə görə xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş müddət bitsə və texnikalar X2ytarılsa da, cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmiş, göstərilmiş xidmətlərə görə borc ödənilməmişdir. 17 may 2022-ci il tarixli görülən işlərin aktlarına görə 6279,61 manat, 15 iyun 2022-ci il tarixli görülən işlərin aktlarına görə 6490 manat, 18 iyul 2022-ci il tarixli görülən işlərin aktına görə 3582,19 manat, 22 avqust 2022-ci il tarixli görülən işlərin aktlarına görə 2950 manat olmaqla, cəmi 19301,8 manat məbləğində ödəniş X5 ödənilməlidir.
17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ("xxxx" MMC və Cavabdeh MMC eyni VÖEN-ə (**********) malikdir, xx.xx.2023-cü il tarixli sazişlə müvafiq borcun Cavabdeh MMC-nin borcu olduğu təsdiqlənir) ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ATC/AG/03/2022 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan, texniki xarakteristikası və haqqındakı digər məlumatlar xidmət formasında göstərilən texnikanı müqavilədə müəyyən edilən şərtlər daxilində xidmətə verməyi, cavabdeh isə texnikanı qəbul edərək müqavilədə müəyyən edilən şərtlər daxilində xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 19301,8 manat dəyərində xidmət göstərilmiş, həmin xidmətlər 17 may 2022-ci il, 15 iyun 2022-ci il, 18 iyul 2022-ci il və 22 avqust 2022-ci il tarixli aktlarla təhvil alınmış, xx.xx.2023-cü il tarixli saziş üzrə 19301,8 manat məbləğində borc cavabdeh tərəfindən etiraf edilmişdir.
18. İddiaçı tərəflər arasında imzalanmış xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyəri olan ƏDV daxil 19301,8 manat məbləğində pulun tutulmasını tələb edir.
19. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
24. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ATC/AG/03/2022 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsinin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhviltəslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.
25. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
26. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
27. İddiaçı isə hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
34. Beləliklə, məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə razılaşdırılmış xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
35. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, xx.xx.2022-ci il tarixli ATC/AG/03/2022 nömrəli xidmət müqaviləsi üzrə 19301,8 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı X3 ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
36. İddia ərizəsində iddiaçı həmçinin öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün illik 5 faizlə hesablanmaqla 965,09 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
37. Mülki Məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (427.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (427.2). Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (427.4).
38. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).
39. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli ATC/AG/03/2022 nömrəli xidmət müqaviləsinin şərtlərinə nəzər saldıqda aydın olur ki, öhdəliyin icrası müddətini təyin etmək mümkün deyildir. Belə ki, müqavilədə texnikanın xidmət haqqı və digər xidmətlərin qiymətlərinin ödəniş müddətləri ilə birlikdə xidmət formasında göstərildiyi qeyd edilsə də, müqaviləyə 1 nömrəli əlavə olan xidmət formasında yalnız xidmətin dəyəri şərtləşdirilmişdir. Həmçinin müqavilənin sifarişçi xidmət göstərənə texnikanın xidmət haqqının ilkin ayının ödənişini müqavilə bağlandığı gün, digər aylar üzrə xidmət haqqı ödənişlərini isə növbəti ödənişin vaxtına 3 gün qalmış həyata keçirəcəkdir müddəası da öhdəliyin icrası müddəti barədə birmənalı nəticəyə gəlmək imkanı vermir.
40. Həmçinin tərəflər arasında işgüzar praktika da göstərilmiş xidmətin dəyəri ödənilməsə də, davamlı xidmətin göstərilməsi formasında olmuş, elektron-qaimə fakturalar yalnız xx.xx.2023-cü il tarixdə göndərilmişdir, bu isə hər təhvil-təslim aktı tərtib edildikdən dərhal sonra ödənişin edilməsi tələbini istisna etmişdir.
41. Belə olan halda, məhkəmə hesab edir ki, öhdəliyin icrası müddəti kreditorun (iddiaçının) tələbetmə anı əsasında müəyyənləşdirilməlidir.
42. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı müqavilənin dəyərinin ödənilməsini ilk dəfə pretenziya məktubu ilə tələb edilmiş, həmin məktub xx.xx.2023-cü il tarixdə poçt rabitəsi vasitəsilə cavabdehə göndərilmişdir.
43. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan -xx.xx.2023-cü tarixədək qüvvədə olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
44. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).
45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 09 avqust 2023-cü il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək (xx.xx.2023-cü il) 83 gün üçün əsas borca (19301,8 manat) illik 5 faizlə hesablanmaqla 219,46 manat pul (19301,8*5/100/365*83) Cavabdeh MMC-dən tutularaq iddiaçı X3 ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
46. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 205 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1500 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
47. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/6-0326 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndələri xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etmiş, cavabdeh tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, iddiaçı tərəf ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.
48. İş materiallarına əlavə edilmiş İB**********_488480_231129 nömrəli ödəniş tapşırığından görünür ki, 0744 nömrəli müqavilə üzrə “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosunun bank hesabına 1500 manat məbləğində pulun ödənilməsi iddiaçı tərəfindən banka tapşırılmışdır.
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
51. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
52. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
55. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
56. İş materialları ilə müəyyən olunur ki, xidmət haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin cavabdeh xx.xx.2023-cü il tarixli saziş ilə də xx.xx.2023-cü il tarixədək borcu tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, sonrakı razılığa da riayət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
57. Digər tərəfdən, məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
58. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 1500 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı X3 ödənilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. X7 ilə Cavabdeh (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında 01 mart 2022-ci il tarixli müqavilə üzrə 19301 (on doqquz min üç yüz bir) manat 80 (səksən) qəpik əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 219 (iki yüz on doqquz) manat 46 (qırx altı) qəpik pul olmaqla, ümumilikdə 19521 (on doqquz min beş yüz iyirmi bir) manat 26 (iyirmi altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq iddiaçı X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 1500 (bir min beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova