Məhkəmə qərarları › İş №e-2-2(113)-5914/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5914/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5914/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış AT-AGP/V nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 7.305,08 manat əsas, 1.314,92 manat ƏDV məbləği olmaqla, cəmi 8.620 manat məbləğində borcun və 500 manat məbləğində dəbbə pulu, eləcə də iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 119 manat dövlət rüsumunun və nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş 700 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında AT- AGP/V nömrəli, xx.xx.2024-cü il tarixli Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdehi sonuncu tərəfindən təqdim olunan “Sənətkar” adlı verilişə dair efir vaxtı ilə təmin etməyi və SMM xidmətlərini göstərməyi, Cavabdeh isə öz növbəsində İddiaçıya razılaşdırılmış məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinin tələblərinə əsasən tərəflər xidmət qarşılığında xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 3000 manat xidmət haqqı ödənilməsi barədə razılığa gəlmişlər. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən isə vergi və digər ödənişlər xidmət haqqına əlavə olunaraq ödənilməlidir. Qeyd edək ki, Müqavilə bağlandıqdan sonra tərəflər arasında ilk aylarda normal işgüzar münasibətlər olmuş, qarşılıqlı olaraq öhdəliklər icra edilmişdir. Lakin 2024-cü ilin aprel ayından başlayaraq Cavabdeh Müqavilə öhdəliklərini pozmağa və qəbul etdiyi xidmətlər qarşılığında müəyyən olunmuş xidmət haqqı ödənişini yubadmağa başlamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. Məhkəmə qeyd edir ki, İddiaçı (icraçı) ilə Cavabdeh (müştəri) arasında xx.xx.2024-cü il tarixli AT-AGP/V saylı xidmət müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı müştəri tərəfindən təqdim olunan “Sənətkar” adlı verilişə dair efir vaxtı ilə təmin edir və SMM xidmətlərini göstərir, müştəri isə öz növbəsində icraçıya bu müqavilə ilə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə müştəri icraçıya xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 3000 (üç min) manat xidmət haqqı ödəyəcəkdir.

12. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə otel qonaqlama xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

14. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

15. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

16. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

17. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.

20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2407 seriyalı 10081453 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 3.540 manat, MT2405 seriyalı 11298254 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 3.540 manat, MT2407 seriyalı, 11932073 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 3.540 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

21. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 10.620 (9.000 əsas+1.620 ƏDV) manat təşkil edir.

22. Hazırda iddiaçı cavabdehin 7.305,08 manat əsas borcunun, 1.314,92 manat ƏDV borcunun, ümumilikdə 8.620 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

23. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya MT2407 seriyalı, 11932073 nömrəli, xx.xx.2024-cü il tarixli qaimə əsasında xx.xx.2025-ci il tarixində 847,46 əsas, 152,54 manat ƏDV məbləği, xx.xx.2025-ci il tarixində 847,46 manat əsas,152,54 manat ƏDV məbləği, ümumilikdə 2.000 manat (1.694,92 əsas+305,08 ƏDV) məbləğində ödəniş edilmişdir.

24. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə etiraz göndərərək, iddia ərizəsinin qəbul etmədiyini bildirsə də, məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab olaraq, yuxarıdakı elektron qaimələrdə göstərilmiş vaxtlarda iddiaçı tərəfindən ona efir vaxtının verilməsini qəbul etmişdir.

25. Ona görə də, Məhkəmə hesab edir ki, iddia borcun tələb edilməsi hissəsində əsaslıdır və 8.620 (10.620-2.000) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

26. Məhkəmə 500 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

27. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən müştəri bu Müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımınca icra etmədikdə, öhdəliyin gecikdirildiyi hər gün üçün Müqavilə üzrə ödəniləcək olan xidmət haqqının 0.1%-i həcmində dəbbə pulu ödəyir.

28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

29. Bu xüsusda Məhkəmə hesab edir ki, əsas borca münasibətdə 350 manat məbləğində cərimə borcunun tutulması daha ağlabatan və ədalətlidir.

30. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımın göstərilməsinə dair xərcin əvəzi olaraq 700 manat məbləğində pul da Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

31. İş materiallarından görünür ki, İddiaçı ilə Nümayəndə arasında xx.xx.2025-ci il tarixli hüquqi xidmətin göstərilməsi haqqında müqavilə bağlanmış, xx.xx.2025-ci il tarixli hüquqi xidmətin göstərilməsi haqqında müqaviləyə 1 saylı əlavə ilə tərəflər arasında İddiaçı ilə Cavabdeh arasında mövcud AT-AGP/V nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə hüquqi xidmətlərin dəyəri 700 manat məbləğində razılaşdırılmış, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı “X2” Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli order verilmiş, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 700 manat məbləğində pul Araz Teleradio" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nümayəndə ödənilmişdir.

32. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 109,7 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdırş

33. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 7.305 (yeddi min üç yüz beş) manat 08 (sıfır səkkiz) qəpik, ƏDV borcu üzrə 1.314 (bir min üç yüz on dörd) manat 92 (doxsan iki) qəpik, cərimə borcu üzrə 350 (üç yüz əlli) manat olmaqla, ümumilikdə 8.970 (səkkiz min doqquz yüz yetmiş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 109 (bir yüz doqquz) manat 70 (yetmiş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 700 (yeddi yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar