Məhkəmə qərarları › İş №e-2-2(113)-5919/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5919/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5919/2025 12.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X1 Evrascon” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi, daşınma haqqı Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Şəmsəddin oğlunun iştirakları ilə, İddiaçı cavabdeh “X1 Evrascon” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, EAC-XM-141/24 saylı Xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, İcraçı (iddiaçı) bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavələrdə (bundan sonra “Əlavə” adlandırılacaq) qeyd olunan xidmətləri (bundan sonra “Xidmət” adlandırılacaq) göstərməyi, Sifarişçi (cavabdeh) isə bunun əvəzində Əlavədə müəyyən edilmiş Xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.1. 1.2-ci bəndinə əsasən, Xidmətin növü, həcmi, dəyəri, müddəti, ödəniş qaydası və digər məlumatlar Əlavə ilə müəyyən edilir. 1.2. 2.1-ci bəndinə əsasən, Bu Müqavilə üzrə hesablaşmalar Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydasına müvafiq şəkildə həyata keçirilir. Hesablaşmalar təqdim olunmuş ödəniş sənədinə əsasən İcraçının cari bank hesabına köçürmə yolu ilə aparılır. 1.3. 2.2-ci bəndinə əsasən, Xidmətin dəyəri və ödəniş qaydası Əlavə ilə müəyyən edilir. 1.4. 4.2-ci bəndinə əsasən, Xidmətlərin icra müddəti bu Müqaviləyə Əlavədə müəyyən edilmişdir. Xidmətlərin mərhələli göstərilməsi nəzərdə tutulmuşdursa Xidmətlər Cədvəlinə uyğun olaraq icra olunmalı və təhvil verilməlidir. Bu halda mərhələ üzrə aralıq Təhvil-Təslim Aktı imzalanacaq və bu Müqavilə ilə nəzərdə tutulmuş Xidmətlər tam göstərildikdən sonra yekun Təhvil-Təslim Aktı imzalanmalıdır.

2. xx.xx.2024-cü il tarixli, EAC-XM-141/24 saylı Xidmət müqaviləsinə 1 saylı Əlavə ilə tərəflər icraçı tərəfindən 1 tonunun qiyməti 7 manat olmaqla dolğu materiallarının daşınması növündə xidmətlərin göstərilməsini razılaşdırmış, icra müddətini 1 il, ödəmə şərtlərini görülmüş işlərlə bağlı hər ayın sonu tərəflər arasında akt tərtib olunması və həmin akt imzalandıqdan 15-20 gün müddətində köçürmə yolu ilə icraçıya ödənişlər edilməsi şəklində müəyyən etmişlər.

3. İş materiallarına əlavə edilmiş hər iki tərəfdən imza ilə təsdiq edilmiş müqavilə çərçivəsində yerinə yetirilmiş işlər barədə 03 və 04 saylı aktlardan görünür ki, iddiaçı tərəfindən 01-31 avqust 2024-cü il dövrü üzrə cəmi 186035,15 manat, 01-30 sentyabr 2024cü il dövrü üzrə cəmi 199495,8 manat məbləğində xidmətlər göstərilmişdir. Təhvil-təslim aktlarında daşınan malların çəkisi, daşındığı tarix, daşıma istiqaməti, sürücü barədə məlumatlar göstərilmiş, sürücü və İddiaçı tərəfindən imza ilə təsdiq edilmişdir.

4. Həmçinin, iddiaçı tərəfindən cavabdehə 1017,8 manat məbləğində EBED seriyalı, 261392 nömrəli, xx.xx.2024-cü il tarixli elektron-qaimə göndərilmiş, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, 1017,8 manat məbləğində pul 261392 nömrəli, xx.xx.2024-cü il tarixli qaimə əsası ilə cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə - ƏDV daxil cəmi 219521,48 manat məbləğində MT**********76 seriya və nömrəli, ƏDV daxil cəmi 271,75 manat məbləğində MT**********13 seriya və nömrəli elektron-qaimələr göndərilmiş, lakin hər iki qaimə sonradan ləğv edilmişdir.

5. İş materiallarına əlavə edilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cfü il tarixli 3-21-2-9/2-71956/2024 nömrəli Qərarı ilə kameral yoxlama nəticəsində iddiaçı tərəfindən 186265,45 manat kənarlaşmaya görə 33527,78 manat borc hesablanmışdır. Habelə, iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, ona xx.xx.2025-ci il tarixə, cəmi 40533,97 manat məbləğində vergi borcu hesablanmışdır.

6. Bundan başqa, iş materiallarından görünür ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə EAC-XM-196/24 saylı xidmət müqaviləsi bağlanmış, müqavilənin predmetinə əsasən İcraçı qismində çxıış edən "xxxx" MMC bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavələrdə qeyd olunan xidmətləri göstərməyi, Sifarişçi qismində çxıış edən cavabdeh isə bunun əvəzində Əlavədə müəyyən edilmiş Xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, EAC-XM-196/24 saylı Xidmət müqaviləsinə 1 saylı Əlavə ilə tərəflər icraçı tərəfindən 1 tonunun qiyməti 7 manat olmaqla dolğu materiallarının daşınması növündə xidmətlərin göstərilməsini razılaşdırmış, icra müddətini 1 il, ödəmə şərtlərini görülmüş işlərlə bağlı hər ayın sonu tərəflər arasında akt tərtib olunması və həmin akt imzalandıqdan 15-20 gün müddətində köçürmə yolu ilə icraçıya ödənişlər edilməsi şəklində müəyyən etmişlər.

7. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 100 manat məbləğində pul cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına, köçürmənin aparılması haqqında bildiriş ilə 69436,97 manat məbləğində pul MMC-nin ƏDV hesabına köçürülmüşdür.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı tərəflər arasında bağlanmış 19 aprel 2024-cü il tarixli EACXM-141/24 nömrəli xidmət müqaviləsi üzrə yaranmış 66080 manat əsas borcun, 3304 manat cərimənin (ödənişin geçikdirilməsinə görə hesablanmış), cavabdehin yəqsiri üzündən iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 33527,78 əsas borc və 7007,11 manat faiz borcunun, 399,92 manat dövlət rüsumu əvəzinin və 530 manat vəkilə ödənilən haqqın, ümumilikdə 109108 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 19 aprel 2024-cü il tarixli EAC-XM-141/24 nömrəli xidmət müqaviləsinə əsasən iddiaçı 1 saylı əlavədə göstərilmiş dolğu materialının daşınması xidmətini yerinə yetirərək 8000 ton dolğu materialının tikinti sahəsinə daşınmasını təmin etmişdir. Malların, işləri və xidmətlərin satışı və təhvil verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11- 6, 71-1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “ Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na və tərəflər arasında imzalanmış müqavilənin 2.2.7-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə malların təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan elektron qaimə-fakturası göndərmiş və cavabdeh tərəfindən bu elektron qaimə-fakturalar təsdiq edilmişdir. Xidmət müqaviləsinin və 1 saylı Əlavənin şərtlərinə əsasən dolğu materialının daşınmasını təsdiq edən Təhvil-təslim aktı imzalandıqdan sonra 15-20 gün ərzində daşınmış dolgu materialının dəyəri fərdi sahibkarın bank hesabına, ƏDVsi isə fərdi sahibkarın ƏDV Depozit hesabına ödənməli idi. Müqavilənin şərtinə əsasən hər ton materialın daşınması üçün xidmət haqqının 7 manat olması nəzərə alınaraq daşınmış dolğu materialının dəyərinin 56000 manat, ƏDV 10080,0 manat olmaqla, cəmi 66080 manat sahibkara ödənilməmişdir. Müqvilənin 11.2-ci bəndinə əsasən tərəflər müqavilə öhdəliyinə əməl etmədikdə geçikdirilmiş hər gün üşün xidmətin dəyərinin 0,1 faizi miqdarında (xidmətin dəyərinin 5%-dən artıq olamamaq şərti ilə) cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən İcraçı Sifarişçidən ödəmədiyi 66080 manat xidmətin dəyyərinin 5%-i həcmində 66080 x 5% = 3304 manat cərimə tələb etmə hüququndan istifadə edir. Bundan başqa, Sifarişçinin günahı üzündən İcraçıya 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kameral hesablanmış 33527,78 manat ƏDV məbləği və bu məbləğə hesablanmış 7007,11 manat faiz məbləğləri də, ümumilikdə 40534,89 manat iddiaçıya ödənilməlidir. Çünki, Sifarişçinin vaxtında xidmətin dəyərini ödəməməsi vergi orqanına sahibkara kameral vergi hesablamasına şərait yaratmışdır. Həmin borcun ödənilməsi məqsədilə dəfələrlə cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, müqavilə öhdəlikləri aşkar surətdə şüurlu olaraq pozulmaqda davam etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi öz izahatında bildirdi ki, "xxxx" MMC ilə hər hansı bağlılığı yoxdur, tərəflər arasında üçtərəfli müqavilə bağlanmamışdır. İddiaçıya 66080 manat məbləğində borca dair hər hansı ödəniş edilməmişdir. Yuxarıda qeyd edilən MMC-yə edilmiş ödənişlərin ona hər hansı bir aidiyyatı yoxdur. Cavabdeh tərəfindən borcun ödənilməsi gecikdirildiyinə görə ona kameral yoxlama ilə əsassız olaraq vergi borcu hesablanmışdır, buna görə də iddia təmin edilərək ümumilikdə 109108 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir.

12. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclaslarında iştirak edərək öz izahatlarında bildirmişdir ki, iddiaçı əvvəlcə ona kameral yoxlama əsasında vergi borcu hesablandığını və ediləcək ödənişlərin vergi borcuna silinməməsi üçün ödənişlərin onun hesabına deyil, daha sonra təqdim edəcəyi başqa hüquqi şəxsin hesabına köçürülməsini xahiş etmişdir. Daha sonra, şəxsən özü və Ziyad adlı şəxs vasitəsi ilə şifahi müraciət edərək ödənişlərin "xxxx" MMC-nin hesabına köçürülməsini və müqavilədə bu barədə dəyişiklik edilməsini istəmişdir. İddiaçıya ödənilməli olan xidmət haqqı borcu onun özü və Ziyad adlı şəxs tərəfindən təklif edilmiş "xxxx" MMC-nin hesabına köçürülmdür. Artıq bu məsələ, yəni cavabdeh Cəmiyyətin pul vəaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciət edilmiş və araşdırma aparılır. Buna görə də iddia rədd edilməlidir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Aəzrbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

21. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

MƏHKƏMƏNİN MÖVQEYİ

27. Məhkəmə hər iki tərəfin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

28. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

29. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, EAC-XM- 141/24 saylı xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında iddiaçının əsas öhdəliyi bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavələrdə qeyd olunan xidmətləri göstərmək, cavabdehin öhdəliyi isə bunun əvəzində Əlavədə müəyyən edilmiş Xidmətin dəyərini ödəməkdən ibarət olmuşdur.

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, müqavilə və ona 1 saylı Əlavədə razılaşdırılmış qaydada dolğu materiallarının daşınması xidməti göstərmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Təhvil-təslim aktlarında daşınan malların çəkisi, daşındığı tarix, daşıma istiqaməti, sürücü barədə məlumatlar göstərilmiş, sürücü və İddiaçı tərəfindən imza ilə təsdiq edilmişdir. Həmçinin hər iki tərəfdən imza ilə təsdiq edilmiş müqavilə çərçivəsində yerinə yetirilmiş işlər barədə 03 və 04 saylı aktlardan görünür ki, iddiaçı tərəfindən 01-31 avqust 2024-cü il dövrü üzrə cəmi 186035,15 manat, 01-30 sentyabr 2024-cü il dövrü üzrə cəmi 199495,8 manat məbləğində xidmətlər göstərilmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə - ƏDV daxil cəmi 219521,48 manat məbləğində MT**********76 seriya və nömrəli, ƏDV daxil cəmi 271,75 manat məbləğində MT**********13 seriya və nömrəli elektron-qaimələr göndərilmiş, lakin hər iki qaimə ləğv edilmişdir. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, qaimələr üzrə cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş, 66080 manat məbləğində borc ödənilməmiş olaraq qalmışdır.

31. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş “fləş kart”da qeyd edilən səs yazıları məhkəmə tərəfindən sübut qismində araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh ASC-nin işçisi Orxan Nağıyev ilə yazışmalarında bildirir ki, ona kameral yoxlama ilə əsassız olaraq 33527,78 manat əsas borc olmaqla, cəmi 40533,97 manat məbləğində vergi borcu hesablanmışdır. Buna görə də ediləcək ödənişlərin vergi borcuna çıxılmasının qarşısının alınması üçün cavabdehə göndərilmiş 3 ədəd elektron qaimələr ləğv edilsin və hər hansı ödəniş icra edilməsin, ödənişlər sonradan onun tərəfindən təqdim ediləcək yeni şirkətə edilsin. Cavabdehin nümayəndəsi isə cavabında 1017,8 manat məbləğində qaimə üzrə ödəniş artıq icra edildiyindən ləğv etməyin mümkün olmadığını bildirmiş, lakin digər 2 qaimənin ləğv ediləcəyini qeyd etmişdir.

32. Məhkəmə şərh edilənləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik lazımı qaydada icra edilməsinə baxmayaraq cavabdeh göstərilmiş xidmətləri qəbul etməyə dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməmişdir. Belə ki, o, ödənişlərin iddiaçının müraciəti əsasında "xxxx" MMC-nin hesabına köçürüldüyünü bildirsə də, buna dair tərəflər arasında bağlanmış üçtərəfli müqavilə və ya digər hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə EAC-XM-196/24 saylı müstəqil xidmət müqaviləsi bağlanmış, həmin müqavilə əsasında MMC müəyyən xidmətlər göstərmiş və bunun müqabilində cavabdeh tərəfindən 100 manat məbləğində pul MMC-nin bank hesabına, 69436,97 manat məbləğində pul isə onun ƏDV hesabına köçürülmüşdür. Lakin həmin ödənişlərin hazırkı işlə hər hansı bağlılığı müəyyən edilməmişdir. Buna görə də iddiaçı 66080 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

33. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.

34. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi). Buna görə də iddiaçı cavabdeh tərəfindən öhdəlyinin vaxtında icra etmədiyinə görə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

35. Məhkəmə iddia tələbinin “cavabdehin təqsiri üzündən iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 33527,78 əsas borc və 7007,11 manat faiz borcunun ödənilməsi” hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdeh ASC-nin işçisi Orxan Nağıyev ilə yazışmalarında özü bildirmişdir ki, ona kameral yoxlama ilə əsassız olaraq 33527,78 manat əsas borc olmaqla, cəmi 40533,97 manat məbləğində vergi borcu hesablanmışdır. Buna görə də ediləcək ödənişlərin vergi borcuna çıxılmasının qarşısının alınması üçün cavabdehə göndərilmiş 3 ədəd elektron qaimələr ləğv edilsin və hər hansı ödəniş icra edilməsin. Digər tərəfdən, ünvan ünvanlanmış kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, iddiaçıya 33527,78 manat əsas borc olmaqla, cəmi 40533,97 manat məbləğində hesablanmış vergi borcu onun 2024-cü ilin oktyabr ayı ərzində 18% dərəcəsi ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron-qaimə fakturaların dəyəri olan 186265,45 manat məbləğ üzrə hesablanmışdır. Belə olan halda, bir tərəfdən cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsi iddiaçının öz xahişi olduğundan, digər tərəfdən isə hesablanmış vergi borcunun tərəflər arasında yaranmış öhdəlik münasibəti ilə hər hansı bağlılığı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir.

36. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi xidmət göstərilməsi məqsədi ilə iddiaçı tərəfindən vəkilə 530 manat, işə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 399,92 manat (qəbz nömrəsi: **********65) dövlət rüsumu ödənilmişdir.

37. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.

38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təqribən 63% həcmində) dövlət rüsumu da ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 19 aprel 2024-cü il tarixli EACXM-141/24 nömrəli xidmət müqaviləsi üzrə yaranmış 66080 manat əsas, 3304 manat cərimə, 530 manat hüquqi yardımla bağlı vəkilə ödənilmiş xidmət haqqı və dövlət rüsumunun 251,95 manat hissəsi cavabdeh “X1 Evrascon” ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 147,97 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar