Məhkəmə qərarları › İş №e-2-2(113)-5938/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5938/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5938/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 2023-cü ilin iyul ayı ərzində Cavabdehn təmir xidmətlərinin göstərilməsinə görə hesablanmış 18177,61 manat borc, 2679,27 manat cərimə və 153 manat dövlət rüsumu, cəmi 21009,88 manat Cavabdehndən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) iləCavabdeh (MMC) arasında xx.xx.2022-ci il tarixli 188087 nömrəli təmir xidmətlərinin göstərilməsinə dair müqavilə (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən ADY tabeliyində olan təmir müəssisələrində MMC-nin balansında olan TEM2 seriyalı manevr teplovozlarına təmir xidmətini həyata keçirməyi, MMC isə göstərilən xidmət müqabilində ADY-yə müqavilədə göstərilən müddətdə və qaydada xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə göstərilən Xidmət müqabilində MMC tərəfindən ADY-yə ödəniləcək məbləğ X3 Protokolları ilə müəyyən edilir. Həmin Müqavilənin 3.2.-ci bəndinə əsasən Müqavilə üzrə Xidmət haqqı ADY tərəfindən qaimə və hesab-fakturanın təqdim edilməsindən etibarən 10 (on) bank günü ərzində, yalnız Azərbaycan manatı ilə və MMC tərəfindən ADY-nin bank hesabına köçürmə yolu ilə ödənilir. Qeyd edilən müqavilə əsasında ADY tərəfindən MMC-yə 2023cü ilin iyul ayında təmir xidmətləri göstərilmiş və həmin xidmətə görə MMC-nin 18177,61 manat borc öhdəliyi yaranmışdır. Müqavilənin 6-ci bəndinə əsasən tərəflər Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına, vəzifələrini, habelə öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Sifarişçi ödənişin hər gecikdirilmiş günü üçün İcraçıya gecikdirilmiş məbləğin 0,1%-i dəyərində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə qiymətinin 10%-dən çox olmamalıdır. MMC tərəfindən Müqaviləyə əsasən yaranmış 18177,61 manat borca münasibətdə öhdəliklərin vaxtında icra edilməməsi səbəbindən 2679,27 manat əlavə olaraq cərimə (penya) hesablanmışdır. Bununla bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" QSC və "xxxx" MMC arasında təmir xidmətlərinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən Sifarişçinin sifarişinə əsasən İcraçı, Müqaviləyə əlavə ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 göstərilən qaydada İcraçının tabeliyində olan təmir müəssisələrində Sifarişçinin balansında olan TEM2 seriyalı manevr teplovozlarına təmir xidmətini həyata keçirməyi, Sifarişçi isə göstərilən Xidmət müqabilində İcraçıya bu Müqavilədə göstərilən müddətdə və qaydda xidmət haqqı ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 6.2-ci maddəsinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Sifarişçi ödənişin hər gecikdirilmiş günü üçün İcraçıya ödənişi gecikdirilmiş məbləğin 0,1% dəyərində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə qiymətinin 10%-dən çox olmamalıdır.

9. "xxxx" QSC və "xxxx" MMC arasında lokomotiv təmiri xidmətlərinin göstərilməsinə dair cərimənin hesablanması cədvəlinə əsasən cəmi ödəniləcək məbləğ 20856,88 manat müəyyən edilmişdir.

10. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

11. İşdən göründüyü kimi Azərbaycan Dəmir Yolları” QSC və "xxxx" MMC arasında bağlanış təmir xidmətlərinin göstərilməsinə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və təmir xidmətləri göstərilmişdir. "xxxx" QSC və "xxxx" MMC arasında lokomotiv təmiri xidmətlərinin göstərilməsinə dair cərimənin hesablanması cədvəlinə əsasən cəmi ödəniləcək məbləğ 20856,88 manat müəyyən edilmişdir.

12. 26.08.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh şirkətin qanuni nümayəndəsi X4 iddia üzrə göstərilən 18.177,61 manat borcun mövcüdluğunu etiraf və təsdiq etmişdir. İndi isə hər ay 1000 manatdan az olmamaq şərti ilə ən qısa zamanda ödənişlərini etməkdə davam edəcəyini bildirmişdir.

13. Məhkəmə hər iki tərəfin mövqeyini və onların irəli sürdükləri faktlara dair təqdim etdikləri sübutları qarşılıqlı qiymətləndirərək aşağıdakı hüquqi mövqeyi vurğulamağı zəruri hesab edir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

19. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

20. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, yaranmış borc məbləğini qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdehdən 18177,61 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

21. Bununla yanaşı, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 2.679,27 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin şirkətinin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçının dəbbə pulu olaraq ödənilməsini tələb etdiyi 2679,27 manat məbləği cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olduğundan 909 manat həddində müəyyən edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə mütənasib olaraq iş üzrə ödənilmiş 148 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli təmir xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 18.177,61 (on səkkiz min yüz yetmiş yeddi manat 61 qəpik) manat əsas borc məbləği, 909 (doqquz yüz doqquz) manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 148 (yüz qırx səkkiz) manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar