Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5940/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı əsassız hesablanmış borcun silinməsi və ödənilmiş məbləğin qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi, pulun qaytarılması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı əsassız hesablanmış borcun silinməsi və ödənilmiş məbləğin qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin ("xxxx" ASC-nin) Yasamal Rayon Sukanal İdarəsi tərəfindən əsassız olaraq tərtib edilmiş aktlar əsasında 075816 nömrəli abonent koduna olan 2515.50 manat pulun silinməsinə və əsassız olaraq tutulmuş 1.876.50 manat pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar olaraq (VÖEN:**********) X3 ilə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin ("xxxx" ASC-nin) Yasamal Rayon Sukanal İdarəsi arasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə dair xx.xx.2016-cı il tarixdə 075816 nömrəli müqavilə bağlanmışdır. İddiaçı suyun dəyərini qeyri-yaşayış sahəsində quraşdırılan smart-kart tipli sayğac vasitəsi ilə istifadə etdiyi suyun miqdarına uyğun öncədən ödənişlər etməklə həyata keçirmişdir. 15 sentyabr 2020-ci il tarixili AKT № 007164 nömrəli və 18 yanvar 2024-cü il tarixli AKT № 602203 nömrəli aktlar tərtib etməklə Yasamal Rayon Sukanal İdarəsinin əməkdaşları qanunsuz yoxlama və baxışlar keçirmiş, nəticədə əsassız olaraq hər bir akt üzrə 2.196 manat olmaqla, cəmi 4.392 manat pul borc olaraq 075816 müqavilə koduna hesablanmışdır. Hesablanmş əsassız borc məbləğindən smart kart hesabına yüklədiyi zamanlarda əsassız çıxılmalar edilmiş, nəticədə hesablanmış borc məbləğindən 1876.50 manat pul ondan tutulmuşdur. Hal-hazırda, abonent saldosunda 2515.50 manat borc əks olunmaqdadır. Hesab edirlər ki, keçirilən yoxlama qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx.xx.2014-cü il tarixli “X2”nın Su təchizatı və kanalizasiya müəssisənin vəzifələri bölməsinin 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 6.18-ci bəndinə müvafiq olaraq STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx.xx.2014-cü il tarixli “X2”na, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. xx.xx.2020-ci il tarixli, 007164 saylı aktdan görünür ki, "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən istehlakçının obyektinə baxış keçirilmiş, sayğacdan kənar d=15 mm-lik qeyri-qanuni su xəttindən istifadə olunduğu aşkar olunmuşdur. Obyektin nümayəndəsinin imzası qarşısında imtina sözü yazılmışdır.
7. 18 yanvar 2024-cü il tarixli, 602203 saylı aktdan görünür ki, "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən istehlakçının obyektinə baxış keçirilmiş, sayğacdan kənar d=15 mm-lik qeyri-qanuni su xətti ləğv olunmuşdur. Obyektin nümayəndəsinin imzası qarşısında imtina sözü yazılmışdır.
8. “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”ında qeyd olunmuşdur ki, İddiaçı 1098 kub metr miqdarında, 2196 manat dəyərində içməli su və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə "xxxx" ASC-yə ziyan vurmuşdur. (0,61 kub metr x 5 saat x 30 gün (ayda) x 12 ay = 2196 manat).
9. 075816 abonent kodlu abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 2.515,50 manat təşkil edir. Həmçinin məlumatdan 2024-cü ilin yanvar ayında içməli su və tullantı sularının axıdılması xidmətinə görə 2196 manat məbləğin hesablandığı görünür.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin suallarına cavab olaraq hər bir akt üzrə 2196 manat cərimə yazıldığını, iddiaçının hər smart karta pul yükləyəndə borcdan silindiyini bildirmişdir. Tətbiq edilən hüquq
11. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi
13. İddia tələbi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Yasamal Rayon Sukanal İdarəsi tərəfindən əsassız olaraq tərtib edilmiş aktlar əsasında 075816 nömrəli abonent kodu üzrə 2.515.50 manat pulun silinməsi və əsassız olaraq tutulmuş 1.876.50 manat pulun qaytarılmasından ibarətdir.
14. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
15. Belə ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Yasamal Rayon Sukanal İdarəsi tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
16. Eyni zamanda, müəyyən olunmuşdur ki, aktlar üzrə hesablanmış borc məbləği üzrə iddiaçı tərəfindən qismən ödənişlər olunmuşdur. İddiaçının tələbinin bir hissəsi borcun silinməsi olduğundan, məhkəmənin qənaətinə əsasən aktlar üzrə hesablanmış, hazırda ödənilməmiş qalan borc məbləği abonent hesabından silinməli, ödənilən məbləğ isə geri qaytarılmalıdır.
17. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus Yasamal rayonu, 1-ci Nərimanov döngəsində yerləşən qeyriyaşayış sahəsinə 15 sentyabr 2020-ci il və 18 yanvar 2024-cü il tarixli aktlar əsasında hesablanmış 2515,50 manat məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı (VÖEN: **********) (abunə kodu: 075816) abonent hesabından silinməli, əsassız olaraq tutulmuş 1876,50 manat pul “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı geri qaytarılmalıdır.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus 075816 nömrəli abonent kodu üzrə 15 sentyabr 2020-ci il tarixili, 007164 nömrəli və 18 yanvar 2024-cü il tairixli, 602203 nömrəli aktlar əsasında hesablanmış 2515,50 manat (iki min beş yüz on beş manat əlli qəpik) məbləğində borc İddiaçı abonent hesabından silinsin. İddiaçı məxsus 075816 nömrəli abonent kodu üzrə aktlar üzrə ödənilmiş (kartdan çıxılmış)1876.50 manat pul vəsaiti İddiaçı geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova