Məhkəmə qərarları › İş №e-2-2(113)-596/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-596/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-596/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı «pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 58/C saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 894,44 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 300 manat, habelə müqavilənin 5.4-cü bəndini rəhbər tutaraq hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 300 manat məbləğində vəsaitin və 50 manat məbləğində mediasiya xərcinin, ümumilikdə 1544,44 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 58/C saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqaviləyə əsasən, sifarişə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı öz üzərinə, sifariş əsasında sifarişçinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texnikixidmət göstərməyə dair öhdəlik götürür, sifarişçi isə görülmüş işi qəbul edir və müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, sifarişçi ödənişləri icraçının təqdim etdiyi hesabfakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, sifarişçi göstərilən xidmətlərə görə ödənişi icraçı tərəfindən hesab-faktura təqdim edildikdən 10 (on) gündən gec olmayaraq aparmalıdır. Cavabdehə məxsus **-AE-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Amarok” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 282,02 manat, xx.xx.2020-ci il tarixində göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 265,50 manat və xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 346,92 manat olmaqla ümumilikdə 894,44 manat dəyərində xidmətlər göstərilmiş, cavabdehə həmin borclarla bağlı hesab-faktura və e-qaimələr göndərilməsinə baxmayaraq borclu olduğu məbləği hal hazıradək ödəməkdən yayınmışdır. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2022-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və ödəniş olunmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən hal hazıradək heç bir ödəniş olunmamışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.İsmayılov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə 2017-ci ildə imzalanmış, əvvəlki xidmət haqları ödənilmiş, son üç dəfə göstərilmiş xidmət üzrə haqq ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 19 sentyabr 2017-ci il tarixli 58/C nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqaviləyə əsasən icraçı öz üzərinə sifariş əsasında sifariçinin avtonəqliyyatına servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürür, sifarişçi isə görülmüş işi qəbul edir və hazırkı müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi ödənişləri icraçının təqdim etdiyi hesabfakturalar əsasında həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlərə görə ödənişi icraçı tərəfindən hesab-faktura təqdim edildikdən 10 gündən gec olmayaraq aparmalıdır. Müqavilənin 4.3-cü bəndinə əsasən hazırki müqavilə üzrə ödəniş icraçının hesablaşma hesabına köçürmə yolu ilə yerinə yetirilir. Müqavilənin 5.2-ci bəndinə əsasən avtonəqliyyatı nasaz vəziyyətdə verməyə, yaxud nasazlığı tam aradan qaldırmamağa görə icraçı sifarişçinin məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Müqavilənin 5.3-cü bəndinə əsasən avtonəqliyyata texniki xidməti və onun təmirini vaxtında yerinə yetirməməyə görə icraçı sifarişçiyə hər gecikdirilmiş gün üçün sifarişin məbləğinin 0,5 % həcmində cərimə ödəyir. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1872 nömrəli hesab-faktura, təmir kartı və elektron qaiməyə əsasən cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 58/C saylı müqaviləyə əsasən 282,01 manat məbləğində ödəniş edilməlidir. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1907 nömrəli hesab-faktura, təmir kartı və elektron qaiməyə əsasən cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 58/C saylı müqaviləyə əsasən 265,50 manat məbləğində ödəniş edilməlidir. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0253 nömrəli hesab-faktura, təmir kartı və elektron qaiməyə əsasən cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 58/C saylı müqaviləyə əsasən 346,92 manat məbləğində ödəniş edilməlidir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 19 sentyabr 2017-ci il tarixli 58/C nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdehin ümumilikdə 894,44 manat məbləğində borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 19 sentyabr 2017-ci il tarixli 58/C nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 894,44 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 894,44 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 5.4cü bəndinə əsasən hesablanmış 300 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 40 manat məbləğində müəyyən edilməlidir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 300 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 300 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 300 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 894,44 manat məbləğində əsas borc, 40 manat cərimə, ümumilikdə 934,44 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 dekabr 2022-ci il tarixli MŞB/10-00221 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 894,44 (səkkiz yüz doxsan dörd manat qırx dörd qəpik) manat əsas borc, 40 (qırx) manat cərimə, ümumilikdə 934,44 (doqquz yüz otuz dörd manat qırx dörd qəpik) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar