Məhkəmə qərarları › İş №e-2-2(113)-5970/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5970/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5970/2024 10.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Vəliyev Murad Ədalət oğlu və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, faiz borcu, dəbbə pulu, ipoteka müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Vəliyev Murad Ədalət oğlu və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Vəliyev Murad Ədalət oğlundan və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 24589,3 manat, faiz borcuna görə 1422,42 manat, cərimə borcuna görə 148,98 manat, cəmi 26160,7 manat məbləğində pulun və ödənilmiş 169 manat məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ban JTEBX9FJ9C5025720 olan, ağ mirvari rəngli, ** RE *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsi üzrə 26160,7 manat və ödənilmiş dövlət rüsumu 169 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdeh Vəliyev Murad Ədalət oğlundan və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sahil filialı” ilə cavabdeh Vəliyev Murad Ədalət oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 45000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Vəliyev Murad Ədalət oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Vəliyev Murad Ədalət oğlu bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi: Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2022ci il tarixli, NSBK-544/1 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Vəliyev Murad Ədalət oğlunun xx.xx.2022-ci il tarixli, NSBK- 544/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 24589,3 manat, faiz borcuna görə 1422,42 manat, cərimə borcuna görə 148,98 manat cəmi 26160,7 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ban JTEBX9FJ9C5025720 olan, ağ mirvari rəngli, ** RE *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinin İddiaçı ASC-nin qarşısında xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdeh Vəliyev Murad Ədalət oğlundan xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 24589,3 manat, faiz borcuna görə 1422,42 manat, cərimə borcuna görə 148,98 manat, cəmi 26160,7 manat məbləğində pul tutulmalıdır, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehdən tutulmalıdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Vəliyev Murad Ədalət oğlundan və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 15789,3 manat, faiz borcuna görə 2323,77 manat, cərimə borcuna görə 599,18 manat olmaqla borcun cəmi məbləğində 18712,25 manat məbləğində pulun və ödənilmiş 169 manat məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus 2012-ci il buraxılıslı, ban JTEBX9FJ9C5025720 olan, ağ mirvari rəngli, ** RE *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsi üzrə cəmi 18712,25 manat və ödənilmiş dövlət rüsumu 169 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdeh Vəliyev Murad Ədalət oğlundan və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə gedişatı zamanı borclu ödəniş etmiş, eyni zamanda faiz və cərimə borcu artmışdır. xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdeh Vəliyev Murad Ədalət oğlunun xx.xx.2022-ci il tarixli NSBK- 544/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə görə 15789,3 manat, faiz borcuna görə 2323,77 manat, cərimə borcuna görə 599,18 manat olmaqla borcun cəmi məbləğində 18712,25 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştrakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, o, gedib bankla danışıb və Bankın nümayəndəsi bildirib ki, tələbin maşına yönəldilməsi ilə bağlı icra mərhələsində öz aralarında razılığa gələcəklər. Tələb olunan əsas və faiz borcuna etirazı yoxdur, cərimə faizi borcuna qəti etiraz etdir, onun silinməsini xahiş etdi.

7. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş.

8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən cavabdehin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı ilə Vəliyev Murad Ədalət oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NSMK-544/1 saylı kredit müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 45000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmğı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 30 ay müddətinə verilir. Bocalana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 4500 manat çox olmamalıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 18% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 19% təşkil edir.

14. Müqavilənin 2.14.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır.

15. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu, girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir.

16. Müqavilənin 6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.

17. Müqavilənin 6.4-cü bəndinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Toyota Prado, ili 2012, rəngi Ağ, müherriki 2700, ban nömresi JTEBX9FJ9C5025720, 90RE575 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi və dövriyyə malları, o cümlədən Cavabdeh2 zaminliyi təminat olaraq qoyulmuşdur.

18. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı zaminlik müqaviləsinə əsasən zamin borc verənin qarşısında borc alanın öz öhdəlikərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borc alan zaminlik təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar.

19. İddiaçı ilə Vəliyev Murad Ədalət oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli NCSBK-544/1 saylı girov müqaviləsinə əsasən girov predmetinin dəyəri 40000 manat müəyyən edilmişdir.

20. İddiaçı-Bank ilə ipoteka qoyan – Cavabdeh2 arasında bağlanmış NSBK-544/1 saylı xx.xx.2022-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı ilə Vəliyev Murad Ədalət oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NSMK-544/1 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 məxsus Toyota Prado, ili 2012, rəngi Ağ, müherriki 2700, ban nömresi JTEBX9FJ9C5025720, 90RE575 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

21. 27.09.2024-cü il tarixli maliyyə arayışına əsasən Vəliyev Murad Ədalət oğlunun xx.xx.2024-cü il tarixə əsas borcu 15789,3 manat, faiz borcu 2323,77 manat olmaqla, cərimə borcu 599,18 manat olmaqla cəmi 18712,25 manat borcu vardır.

22. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC-nin “Sahil filialı” ilə cavabdeh Vəliyev Murad Ədalət oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NSBK- 544/1 saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 45000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Vəliyev Murad Ədalət oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Vəliyev Murad Ədalət oğlu bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi: Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2022ci il tarixli, NSBK-544/1 saylı zaminlik və ipoteka müqaviləsi bağlanılmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Vəliyev Murad Ədalət oğlunun xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcu 15789,3 manat, faiz borcu 2323,77 manat, cərimə borcu 599,18 manat olmaqla, cərimə borcu 599,18 manat olmaqla cəmi 18712,25 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ban JTEBX9FJ9C5025720 olan, ağ mirvari rəngli, ** RE *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinin İddiaçı ASC-nin qarşısında xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir.

25. İddianın kredit müqavilələri üzrə əsas və faiz borcunun və cərimə tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

31. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

32. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

33. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

34. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

35. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

36. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

37. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 599,18 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

39. Məhkəmə hesab edir ki, cavabdehlərin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan və tələb edilən məbləğ tənasübsüz surətdə yüksək olmadı üçün, iddiaçı cavabdehlərdən 599,18 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

40. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı borclar üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.

41. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, müqavilənin 6.4-cü bəndinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Toyota Prado, ili 2012, rəngi Ağ, müherriki 2700, ban nömresi JTEBX9FJ9C5025720, 90RE575 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi təminat olaraq qoyulmuşdur.

42. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

43. “İpoteka haqqında” Qanunun:

44. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

45. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

46. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

47. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

48. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

49. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

50. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

51. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, birləşmiş işlər üzrə cavabdehlər kredit müqaviləsinə əsasən üzərlərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişlər. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

52. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 məxsus Toyota Prado markalı nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı bankın borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğlər müvafiq olaraq cavabdehlər Cavabdeh2 və X1 tutulmalıdır.

53. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə üzrə iddiaçı tərəflərindən ödənilmiş 169 manat dövlət rüsumunun qarşı tərəfdən tutulmasını xahiş edir.

54. MPM-in:

55. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

56. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

58. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilmiş məbləğində mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla) hesab edir ki, 146 manat dövlət rüsumunun əvəzi olaraq pul vəsaiti cavabdehlərdən tutuklaraq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Vəliyev Murad Ədalət oğlu və Cavabdeh2 müştərək qaydada xx.xx.2022ci il tarixli, NSBK-544/1 saylı kredit müqaviləsi üzrə 15789,3 manat əsas borc, 2323,77 manat faiz borcu, 599,18 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 146 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Borcun ödənilməsi üçün tutma Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ban JTEBX9FJ9C5025720 olan, ağ mirvari rəngli, ** RE *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Vəliyev Murad Ədalət oğlu və Cavabdeh2 müştərək qaydada tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar