Məhkəmə qərarları › İş №e-2-2(113)-5974/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5974/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5974/2024 24.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh5 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli borcunun məbləği əsas borcuna görə 18331,24 manat, faiz borcuna görə 1890,94 manat, cərimə borcuna görə 404,7 manat, cəmi 20626,88 manat məbləğində pulun və ödənilmiş 152 manat məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus 2011-ci il buraxılışlı, ban JMZTB89A800300422 olan, qara metallik rəngli, ** TJ *** qeydiyyat nişanlı, “Mazda CX-9 minik” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli borcunun məbləği cəmi 20626,88 manat və ödənilmiş dövlət rüsumu 152 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Biznes Mərkəzi filialı” ilə Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsinə əsasən illik 21 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə xx.xx.2022-ci il tarixdə 25000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh4 MMC arasında bağlanmış kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh4 MMC ilə bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli borcunun məbləği əsas borcuna görə 18331,24 manat, faiz borcuna görə 1890,94 manat,cərimə borcuna görə 404,7 manat, cəmi 20626,88 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 2011-ci il buraxılışlı, ban JMZTB89A800300422 olan, qara metallik rəngli, 10TJ296 qeydiyyat nişanlı, Mazda CX-9 minik markalı nəqliyyat vasitəsi İddiaçı ASC-nin qarşısında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməletməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”.

3. 02.09.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli borcunun məbləği əsas borcuna görə 18331,24 manat, faiz borcuna görə 2521,65 manat, cərimə borcuna görə 769,92 manat olmaqla cəmi 21622,81 manat məbləğində pulun və ödənilmiş 155 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus 2011-ci il buraxılışlı, ban JMZTB89A800300422 olan, qara metallik rəngli, ** TJ *** qeydiyyat nişanlı, Mazda CX-9 minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli borcunun məbləği, cəmi 21622,81 manat və ödənilmiş dövlət rüsumu 155 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, RB/BM00178 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. 21.11.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli borcunun məbləği əsas borcuna görə 18331,24 manat, faiz borcuna görə 3355,47 manat, cərimə borcuna görə 1429 manat olmaqla cəmi 23115,71 manat məbləğində pulun və ödənilmiş 160 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus 2011-ci il buraxılışlı, ban JMZTB89A800300422 olan, qara metallik rəngli, ** TJ *** qeydiyyat nişanlı, Mazda CX-9 minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli borcunun məbləği, cəmi 21622,81 manat və ödənilmiş dövlət rüsumu 160 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, RB/BM00178 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir. Kredit müqaviləsi üzrə edilmiş ödənişlər isə borclunun maddi vəziyyətinin pisləşməməsi üçün bank tərəfindən əsas borcdan silinmiş, bu səbəbdən rəylə tələb arasında kəskin fərq yaranmışdır.

6. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbində göstərilmiş əsas borc ilə razı olduğunu, lakin faiz borcunun çox olduğunu, maddi vəziyyətinin aşağı olduğunu və himayəsində azyaşlı uşağının olduğunu göstərib məhkəmədən ədalətli qətnamə qəbul edilməsini, tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

8. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

10. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RB/BM- 00178 saylı kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitin artırılması məqsədilə 25000 (iyirmi beş min) manat məbləğində kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir. Kreditin ilk dəfə verilən məbləği 25000 manatdan çox olmamalıdır.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 21% (iyirmi bir) faiz hesablanır. Müqavilə üzrə faktiki illik dərəcəsi (FİFD) 22% təşkil edir.

14. İddiaçı ilə Cavabdeh5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli RB/BM-00178 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh5 Cavabdeh4 MMC ilə kreditor arasında bağlanmış bağlanmış xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyytəi öz üzərinə götürür.

15. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli RB/BM-00178 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh5 Cavabdeh4 MMC ilə kreditor arasında bağlanmış bağlanmış xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

16. İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli RB/BM-00178 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh5 Cavabdeh4 MMC ilə kreditor arasında bağlanmış bağlanmış xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı Kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

17. İddiaçı ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli RB/BM-00178 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh5 Cavabdeh4 MMC ilə kreditor arasında bağlanmış bağlanmış xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

18. İddiaçı, cavabdeh Mohammad Pasmıneh və Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RB/BM-00178 nömrəli ipoteka müqaviləsinə görə Cavabdeh2 məxsus “Mazda CX-9 minik” markalı 2011-ci il buraxılışlı, ban JMZTB89A800300422 olan, qara metallik rəngli, 10TJ296 qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı mqəsədilə ipoteka ilə yüklü edilmişdir.

19. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, RB02/PK-5737 nömrəli maliyyə arayışına görə xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan əsas borc 18331,24 manat, faiz borcu 3355,47 manat, cərimə borcu 1429 manat olmaqla, cəmi borc 23115,71 manat təşkil edir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7997 nömrəli rəyinə əsasən xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu 25000 manat, faiz borcu 5099,17 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 25000 manat, faiz borcu 6820 manat təşkil edir.

21. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh5 izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

25. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

26. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

31. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

33. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

34. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

35. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

36. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh4 MMC arasında xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə əsas vəsaitin artırılması məqsədilə illik 21 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 25000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında ayrı-ayrılıqda xx.xx.2022-ci il tarixli RB/BM-00178 saylı zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus “Mazda CX-9 minik” markalı 2011-ci il buraxılışlı, ban JMZTB89A800300422 olan, qara metallik rəngli, 10TJ296 qeydiyyat nişanlı avtomobil iddiaçı qarşısında xx.xx.2022-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.

37. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən (əsas borclu və zaminlərdən birgə qaydada) kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

38. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu əsas borclu və zaminlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

39. Materiallardan müəyyən edilir ki, hazırkı iş üzrə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə çatdırılmışdır.

40. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilsə də, iddiaçı həmin müddət başa çatanadək, yəni xx.xx.2024cü il tarixdə cavabdehə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir.

41. Qeyd olunan halları, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilir.

42. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

43. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 18331,24 manat əsas borc, 3355,47 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

44. İddia ərizəsindən görünür ki, göstərilən müqavilə üzrə iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 1429 manat dəbbə pulunun ödənilməsini də tələb edir.

45. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

46. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

47. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə borcu 900 manat müəyyən edilməlidir.

48. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

49. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 18331,24 manat əsas borc, 3355,47 manat faiz borcu, 900 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına xx.xx.2022-ci il tarixli, RB/BM00178 saylı kredit müqaviləsi üzrə yaranmış göstərilən borc məbləğləri tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyan cavabdeh Mohammad Pasmınehə qaytarılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 birgə (müştərək) qaydada xx.xx.2022-ci il tarixli, RB/BM00178 saylı kredit müqaviləsi üzrə 18331,24 manat əsas borc, 3355,47 manat faiz borcu, 900 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus “Mazda CX-9 minik” markalı 2011-ci il buraxılışlı, ban JMZTB89A800300422 olan, qara metallik rəngli, 10TJ296 qeydiyyat nişanlı avtomobilə yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, 10 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

53. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

54. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 birgə qaydada xx.xx.2022-ci il tarixli, RB/BM-00178 saylı kredit müqaviləsi üzrə 18331,24 manat əsas borc, 3355,47 manat faiz borcu, 900 manat cərimə borcu, 150 manat məbləğində dövlət rüsumu, ümumilikdə 22736,71 (iyirmi iki min yeddi yüz otuz altı manat yetmiş bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus “Mazda CX-9 minik” markalı, 2011-ci il buraxılışlı, ban JMZTB89A800300422 olan, qara metallik rəngli, ** TJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 22736,71 (iyirmi iki min yeddi yüz otuz altı manat yetmiş bir qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar