Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5992/2022 31.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2320,87 (iki min üç yüz iyirmi manat səksən yeddi qəpik) manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 29 (iyirmi doqquz) manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 110 (yüz on) manat və 60 (altmış) manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ olmaqla, cəmi 2519,87 (iki min beş yüz on doqquz manat səksən yeddi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 mart 2022-ci il tarixində İddiaçı QSC ilə Cavabdeh arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 1634 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 sentyabr 2020-ci il tarixdə tərəflər arasında tərtib olunaraq imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 avqust 2020-ci il tarixinə Cavabdeh İddiaçı QSC-yə borcu 2320,87 manat məbləğindədir. Həmçinin müvafiq aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2022-ci il tarixli, 1495 nömrəli maliyyə arayışına əsasən borclu şəxs tərəfindən mövcud borcla əlaqədar heç bir ödəniş həyata keçirilmədiyindən Cavabdeh İddiaçı QSC-yə olan borcu 2320,87 manat təşkil edir. Həmçinin, qeyd edilir ki, AR Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbi göndərdiyi andan başlanır, belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh ilk yazılı pretenziya göndərilmişdir. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddət nəzərə alınsa, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2022-cil il tarixindən başlanmalıdır. İddianın xx.xx.2022-ci tarixdə göndərildiyi nəzərə alınsa, iddianın gecikdirilməsi üzrə məbləğ 3 ay əsasında ((2320,87*5%)/12)*3=29,01 manat hesablanmalıdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında öhdəliyi xx.xx.2022-ci il tarixli, 1495 nömrəli maliyyə arayışına əsasən əsas borc məbləği - 2320,87 manat; gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 29 manat; ilkin mediasiya sessiyası üzrə xərclər – 60 manat; hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq (məhkəmə xərci) – 110 manat olmaqla, cəmi 2519,87 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki: - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən distribütor və diler arasında münasibətlər bu müqavilənin şərtlərinə əsasən tənzimlənəcəkdir. Bu müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir, diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışım həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaqdır. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaqdır. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distribütor təqdim edəcək, həmçinin malın dilerə çatdırılmasını distribütor öz hesabına həyata keçirəcəkdir. Malların dilerə çatdırılması tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə öz əksini tapacaqdır. - xx.xx.2020-ci il tarixdə tərtib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixə İddiaçı QSC-yə ödənilməmiş 2320,87 manat təşkil etmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1495 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan borcu 2320,87 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 634719 nömrəli elektron qaimədən müəyyən edilir ki, Sirius Vəkil Bürosu tərəfindən İddiaçı QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 110 (yüz on) manat təşkil edir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 768 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehə müraciət edilərək 2320,87 manat məbləğində borcun 1 həftə ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən 2320,87 (iki min üç yüz iyirmi manat səksən yeddi qəpik) manat əsas borc məbləğinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin olunmalı, Cavabdeh 2320,87 manat (iki min üç yüz iyirmi manat səksən yeddi qəpik) məbləğində əsas borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 29 manat məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh icranı gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və gecikdirilmiş vaxt nəzərə alınaraq, həmin hissədə iddia təmin olunmalı və cavabdehdən 29 (iyirmi doqquz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin və hüquqi yardıma görə ödənilmiş 110 (yüz on) manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə təmin edilməli və cavabdehdən göstərilmiş hüquqi yardıma görə 110 (yüz on) manat və mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2320,87 manat (iki min üç yüz iyirmi manat səksən yeddi qəpik) məbləğində əsas borc, gecikdirməyə görə illik 5%-lə hesablanmış 29 (iyirmi doqquz) manat, 110 (yüz on) manat hüquqi yardım və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 2519,87 manat (iki min beş yüz on doqquz manat səksən yeddi qəpik) məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5992/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5992/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver