Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-601/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10587,35 manatın, 210 manat mediasiya xərci, 300 manat hüquqi yardımla bağlı xərcin tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC VÖEN: ********** (hazırkı adı Cavabdeh MMC VÖEN: **********) arasında xx.xx.2021-ci tarixdə “Təchizat” müqaviləsi bağlanmışdır. Həmin müqviləyə əsasən, İddiaçı MMC “Təhizatçı” "xxxx" MMC “Alıcı” adlanır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Təchizatçı Alıcının sifariş etdiyi malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbuledib əvəzində müəyyən edilmiş pulməbləğini ödəməyi öhdəsinə götürür. Alıcının adı-"xxxx" MMC-dən Cavabdeh MMC-yə dəyişdirildikdən sonra (qeyd: cəmiyyətin yalnız adı dəyişdirilib, təsisçi, qanuni təmsilçi, VÖEN və sair dəyişdirilməyib) tərəflər arasındakı müqavilə münasibətləri razılaşmaya əsasən davam etdirilmiş, yəni "xxxx" MMC Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə 14.007 manatlıq və xx.xx.2022-ci il tarixdə 3175.03 manatlıq mal (dondurma), cəmi 17.182.23 manat dəyərində mal satmışdır. İddiaçı MMCnin Cavabdeh MMC-yə yuxarıda qeyd edilən məbləğdə mal satması, iddia ərizəsinə əlavə etdiyimiz İddiaçı MMC-nin Cavabdeh MMC-yə göndərdiyi Seriya: EBCC, № 128853 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 5001.58 manat; Seriya: EBCC, № 130968 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 2344.40 manat; Seriya: EBCC № 129986 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 2998.37 manat; Seriya: EBCC, № 126631 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 2577.80 manat; Seriya: EBCC, № 132000 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 1049.05 manat və Seriya: EBCE, № 541080 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 3175.03 manat elektron qaimələrlə təsdiq olunur. İddia ərizəsinə əlavə etdiyimiz təsdiqlənmiş elektron qaimlərdən göründüyü kimi Cavabdeh ona göndərdiyimiz yuxarıda qeyd olunan elektron qaimələri göndərilən gün qəbuletmişdir. Eyni zamanda nəzərinizə çatdırmaq istəyrəm ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında yuxarda qeyd olunan münasibətləri davam etdirmək üçün 01 oktyabr 2022ci il tarixli, TOP2022/00155 nömrəli“Təchizat” müqaviləsi bağlanmışdır. Cavabdeh MMC yuxarıda qeyd edilən (2022-ci ilin avqust və sentyabr aylarında) İddiaçı MMC-yə yaranmış 17.182.23 manat əsas borcundan xx.xx.2022-ci il tarixdə 1593,85 manat dəyərində hissəsini mal kimi geri qaytarmaqla ödəmiş və xx.xx.2022-ci il tarixdə isə 5001.30 manat hissəsiniİddiaçı MMC-nin bank hesabına ödəmişdir.Yuxarıda göstərilən mala görə Cavabdeh MMC-n"xxxx" MMC-yə 10.587.35 manat borcu qalmışdır. Cavabdeh MMC-nin 2022-ci ilin avqust və sentyabr aylarında İddiaçı MMC-dən aldığı mallardan 1593,85 manat dəyərində hissəsini mal kimi geri qaytarması Seriya: EBCİ, № 478105 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 1165,81 manat; Seriya: EBCİ, № 477346 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 36,28 manat, Seriya: EBCİ, № 476185 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 391,76 manat elektron qaimələrlə, 5001.30 manat hissəsiniİddiaçı MMC-nin ödəməsi isə xx.xx.2022-ci il tarixli bank çıxarışı ilə təsdiq olunur. Tərəflər arasında təsdiq olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünüyü kimi cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya 15589.40 manat borcu qalmışdır (əslində cavabdehin xx.xx.2022-ci il tarixdə iddiaçıya qalıq borcu 15589.40 manat deyil, 15588,38 manat olmuşdur). Həmin borcdan 5001.30 manatını cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının bank hesabına ödədiyindən üzləşmə aktında Cavabdehin İddiaçıya borcunun 10.587.35 manat deyil, 15589.40 manat olması göstərilmişdir. Yuxarıda göstərilənlərlə təsdiq olunur ki,cavabdehin iddiaçıya hazırda 10.587.35 manat borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Z.Rüstəmov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1593,85 manat dəyərində mallar cavabdeh tərəfindən geri qaytarılmış, bu cavabdeh tərəfindən onlara elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir. İddiaçının cavabdehə təqdim etdiyi elektron qaimələri cavabdeh birbaşa özü təsdiq etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli təchizat müqaviləsinə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab-faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçirilir.
9. Müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir.
10. İddiaçı tərəfindən cavabdehə EBCC 128853 saylı, xx.xx.2022-ci il tarixli (5001.58 manat), EBCC 130968 saylı, xx.xx.2022-ci il tarixli (2344.40 manat), EBCC 129986, xx.xx.2022-ci il tarixli (2998.37 manat), EBCC 126631 saylı, xx.xx.2022-ci il tarixli (2577.80 manat), EBCC 132000 saylı, xx.xx.2022-ci il tarixli (1049.05 manat), EBCE 541080 saylı, xx.xx.2022-ci il tarixli (3175.03 manat) elektron qaimələr təqdim edilmişdir.
11. İddiaçının avtomatlaşdırılmış vergi informasiya sistemindən çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir.
12. İddiaçının ƏDV sub-uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya 762,91 manat ƏDV ödənilmişdir.
13. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci ildə 4238,39 manat vəsait ödənilmişdir.
14. Cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş ümumi dəyəri 36,28 manat və 391,76 manat dəyərində mallar xx.xx.2022-ci ildə tarixdə (EBCİ 477346 saylı və EBCİ 476185 saylı elektron qaimələr əsasında) geri qaytarılmışdır.
15. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iiddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
27. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 10587,35 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 10587,35 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi xərc cavabdehə aid edilməlidir.
30. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Vəkil hesabına hüquqi xidmət haqqına görə 300 manat pul ödənilmişdir.
31. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 210 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 10587,35 manat məbləğində əsas borc, 300 manat hüquqi yardıma görə xərc, ödənilmiş 210 manat dövlət rüsumu, ümumilikdə 11097,35 (on bir min doxsan yeddi manat otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova